Onlayn ictimai-siyasi qəzet
"İcbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb. Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib".
Musavat.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova Xəzər Tibb Mərkəzinə təşkil olunan mediaturda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya (əzələ hərəkətlərinin elektrik aktivliyini ölçmək üçün istifadə olunur), treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya, spirometriya, kolonoskopiya, ultrasəs müayinəsi, bronxoskopiya, kolposkopiya, elektrokardioqrafiya və Avastin inyeksiyası üçün xüsusi avadanlıqlar) təmin edilib.
![]()
Səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb.
İcbari tibbi sığortanın tətbiqi ilə yanaşı, Xəzər Tibb Mərkəzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsi yaradılıb və hazırda pasiyentlərə fasiləsiz xidmət göstərir.
Bu ilin ilk 6 ayında Mərkəzə 90 000-ə yaxın müraciət daxil olub, ümumilikdə 248 000-dən artıq xidmət göstərilib və icbari tibbi sığorta ilə 821 cərrahi xidmət icra edilib".
![]()
Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev isə deyib ki pasiyent məmnunluğunun artırılması prioritet hədəfdir:"Bunun üçün də Xəzər Tibb Mərkəzində yeni dializ xidmətinin təşkili, həmçinin Travma Mərkəzinin qurulması üçün işlərə başlamışıq və ümid edirik ki, qısa müddət kəsimində bu xidmətləri də tam hazır vəziyyətə gətirib vətəndaşlarımızın ixtiyarına verəcəyik.
Bütün bunlarla yanaşı, Xəzər Tibb Mərkəzində KT və MRT müayinələrinin, endoprotezləşmə və LOR əməliyyatlarının, laparoskopik cərrahiyyə, fakoemulsifikasiya (FAKO) xidmətlərinin istifadəyə verilməsi, habelə Reanimasiya şöbəsində çarpayı fondunun artırılması bizim əsas hədəflərimiz sırasındadır”.
Afaq Mirayiq,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ