İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmən elinin Sərdarı

Ötən həftə postsovet məkanının liderlərini başına yığan gənc prezident Berdiməhəmmədovun həyat hekayəsi “Persona”da

“Öləndən sonra nə olacağını bilirəm. Heykəllərimi dağıdacaqlar, pulların üzərindəki şəkillərimi məhv edəcəklər. Amma anlayın ki, bu gün xalqımın qürur duya biləcəyi simvollara ehtiyacı var”.

Bu aksiomaya çevrilmiş fikir Türkmənistanın ilk prezidenti və “Türkmənbaşı” adlanan Saparmurad Niyazovun özünün qələmə aldığı “Ruhnamə” kitabından məşhur iqtibasdır.

Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik etdi | Modern.az

“Türkmənbaşı”dan Sərdara

Türkmənistanın “ömürlük prezidenti” elan edilmiş Türkmənbaşı ilin aylarının və həftənin günlərinin adlarını da dəyişdirmişdi. Yanvar ayına o öz adını (Türkmənbaşı), aprel ayına isə anasının adını vermişdi. Beləliklə, Türkmənistanda bu gün də aylar belə adlanır.

Türkmənbaşı küçələrə, fermalara, at ilxılarına, dünyadakı ən uzun kanala, bir şəhərə, gəmilərə, hətta Aydakı bir kraterə də öz adını vermişdi. Onun şəkilləri araq və konyak şüşələrinin, müxtəlif qida məhsullarının etiketlərini bəzəyirdi. Kəlamları ölkənin bütün künc-bucağına həkk edilmişdi. Ölkənin ən yüksək zirvəsinə Türkmənbaşının adı verilmişdi.

Niyazov infarktdan vəfat etdikdən sonra onun yerinə Qurbanqulu Berdiməhəmmədov 2006-cı ildə əvvəlcə prezidentin vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunur, 11 fevral 2007-ci ildə keçirilən seçkilərdən sonra isə ikinci prezident elan edilir.

Bu hakimiyyət 2022-ci ilədək davam edir. Nəhayət, dörd il qabaq hakimiyyət atadan oğula ötürülür. Artıq türkmən elinin sərdarı Sərdar Berdiməhəmmədovdur. Cəmi 45 yaşı olan prezident ötən həftə MDB-yə üzv olan ölkələrin liderlərini, o cümlədən İran dövlət başçısını ətrafına toplamışdı. Sərdarın sədrlik etdiyi yığıncaqda kifayət qədər təcrübəsi olan siyasətçilər var idi - Əliyev, Putin, Tokayev, Rahmon və digərləri...

Zahirən yetərincə sakit, dinməz, bir qədər də qaraqabaq görünən, olduqca az danışan gənc prezident Sərdar Berdiməhəmmədov elə göründüyü kimi də maraqlı personadır. Ona görə qərara gəldik ki, ötən həftə MDB-yə üzv olan dövlətlərin başçılarını öz başına toplayan bala Berdiməhəmmədovu bu həftənin “Persona”sı elan edək. Görək, yeni türkmən prezident kimdir, həyat yolu, siyasi karyerası, şəxsi dünyası haradan haralara gəlib çıxıb...

Pivə-şərab şöbəsindən başlayan yol

Sərdar 22 sentyabr 1981-ci ildə Aşqabadda anadan olub. 1987-1997-ci illərdə elə Aşqabadın 43 saylı orta məktəbində təhsil alıb. 1997-2001-ci illərdə isə Türkmənistan Kənd Təsərrüfatı Universitetində mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

2001-ci ilin iyul-noyabr aylarında Ərzaq Emalı Birliyinin Xarici İqtisadi Əlaqələr Müdirliyində çalışıb, sonra iki il müddətli həqiqi hərbi xidmət keçib. 2003-2008-ci illərdə isə yenidən Ərzaq Emalı Birliyində meyvə-tərəvəz şöbəsində və alkoqolsuz pivə, şərab şöbəsində işləyib.

2008-2011-ci illərdə Berdiməhəmmədov Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb və beynəlxalq əlaqələr üzrə diplom qazanıb. Bu müddətdə o, həm də Türkmənistanın Moskvadakı səfirliyinə səfirlik müşaviri vəzifəsinə təyin olunub. 2011-2013-cü illərdə Cenevrə Təhlükəsizlik Siyasəti Mərkəzində təhsil alıb, Avropa və beynəlxalq təhlükəsizlik məsələləri üzrə aspirantura dərəcəsini qazanıb. O, Cenevrədə BMT-dəki Türkmənistan missiyasına səfirliyin müşaviri təyin edilib.

Новый президент Туркменистана посетит с первым зарубежным визитом Москву —  РБК

Yəni qeyri-adi bioqrafiyası yoxdur, buraya qədər atasının hərtərəfli dəstəyi ilə təhsilini artırıb, diplomatik təcrübə toplamağa çalışıb. Bundan əlavə, 2013-cü ilin avqust-dekabr aylarında Türkmənistan Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri vəzifəsində çalışıb. 2013-2016-cı illərdə Karbohidrogen Ehtiyatlarının İdarə Edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyinin direktor müavini olub. 2016-2017-ci illərdə Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Departamentinin sədri olub.

“Millət oğlu”, müəmmalı rütbə

Yeri gəlmişkən, prezidentliyinə qədər Türkmənistanda dövlət mediası onu tez-tez “millət oğlu” kimi qələmə verirdi. 2017-ci ildə Berdiməhəmmədov mayor rütbəsindən polkovnik-leytenant rütbəsinədək yüksəlib. Onun təqdimat mərasimi ölkə televiziyası ilə yayımlanıb. Onun xidmət etdiyi şöbə məlum deyil. Lakin o, 7 mart 2021-ci ildə milli televiziyada Türkmənistan Silahlı Qüvvələrinin çiyin poqonu geyinmiş formada göstərilib.

Prezidentliyinə gəldikdə, bu postda ilk günündə Fəzal Məhəmməd Sabirin etimadnaməsini qəbul edir. Bununla Türkmənistan Mərkəzi Asiyada Taliban hökumətinin diplomatlarını qəbul edən ilk ölkə olur. Sonra Hindistan prezidenti Ram Nath Kovind Türkmənistana gedir. O, Berdiməhəmmədov tərəfindən qəbul edilən ilk xarici dövlət başçısı olur. Berdiməhəmmədov özü isə ilk xarici səfərini nə Rusiyaya, nə İrana, nə də Səudiyyə Ərəbistanına edib. Amma elə həmin səfərdən az sonra Moskva və Tehrana gedir.

Sinif yoldaşları onu necə tanıyır?

Şəxsi həyatına gəlincə, Sərdar Berdiməhəmmədov evlidir, dörd övladı var. Onlardan biri oğlan, üçü qızdır. Mediada üçünün adı var: oğlu Kərimqulu, qızları Aygül və Oğulbabək. Həyat yoldaşının adı isə ölkə mətbuatında nadir hallarda qeyd olunur və ictimaiyyət qarşısına demək olar ki, çıxmır. Övladlarının İsveçrədə elit məktəblərdə təhsil aldığı deyilir. Yəni ölkədə qapalı sistem qurulub, amma inkişafı İsveçrədə görür.

Rusiya Diplomatik Akademiyasında bir sinif yoldaşı Sərdarı səbirli və təvazökar biri kimi təsvir edib. Təlimatçılar və digər sinif yoldaşları onu “təvazökar, həssas, nəzakətli və sakit” kimi xarakterizə ediblər. Elə zahirən də sakit və həssas olduğu hiss olunur. Onun emosional çıxışına rast gələn olmayıb. Bəzi müşahidəçilər isə bunu Sərdarın prezident kimi təcrübəsinin az olması ilə əlaqələndirir. Berdiməhəmmədov türkmən, rus və ingilis dillərini bilir.

Anası Oğulgərək Berdiməhəmmədova uzun illər Göktəpə şəhərindəki xalça fabrikində çalışdığına görə Türkmənistanın Əməkdar Xalçaçısı adına layiq görülüb. Elə oğlu ilə birlikdə Ümrə ziyarətinə gedib. Bu ziyarət oğlunun prezident kimi Səudiyyə Krallığına ilk səfəri zamanı baş tutub. Üstəlik, Sərdar Berdiməhəmmədov atası və digər ailə üzvlərinə hüquqi toxunulmazlıq və bir sıra digər imtiyazlar verən “Türkmən xalqının milli lideri haqqında” konstitusiya qanununu imzalayıb.

Atasından fərqi və qadınlara yeni qadağalar

Sərdar Berdiməhəmmədovun şəxsi hobbisi və maraq dairəsi haqda məlumatlar olduqca məhduddur. O, atasından fərqli olaraq, ictimaiyyət qarşısında öz şəxsi maraqlarını və əyləncələrini nümayiş etdirməyi sevmir, daha çox qapalı imicə malikdir. Qısası, atası Qurbanqulu Berdiməhəmmədovun məşhur olan hobbilərinə - mahnı oxumaq, yarış avtomobilləri sürmək, idman atıcılığı və şeir yazmaq kimi fəaliyyətlərə maraq göstərmir.

Amma ailə klanı ölkədə tikinti, hotelçilik, tütün və spirtli içkilərin idxalı, logistika, zərgərlik və toxuculuq sənayesindəki əsas gəlir mənbələrini və monopoliyaları əllərində saxlayır. Beynəlxalq araşdırmalar göstərir ki, hakim ailə birbaşa prezidentin adını riskə atmamaq üçün xaricdəki investisiyaları və pulları yaxın qohumların (bibilər, bacılar və qudalar) adı üzərindən idarə edir.

Onu da deyək ki, Sərdar Berdiməhəmmədovun hakimiyyəti dövründə Türkmənistanda qadınların hüquqları, sərbəstliyi və xarici görünüşünə qoyulan qadağalar görünməmiş bir səviyyəyə çatdırılıb. Rəsmi olaraq milli dəyərlərin və adətlərin qorunması bəhanəsi ilə tətbiq edilən bu qaydalar faktiki olaraq qadınların gündəlik həyatını kəskin şəkildə məhdudlaşdırır.

Belə ki, süni dırnaq və kirpiklərdən istifadə edənlər cərimələnir. Dodaq dolğusu, qaş tatuajı (mikrobleydinq) və bu kimi plastik-kosmetik müdaxilələr qanundankənar elan olunub. Saçların rəngini açmaq və ya sarı rəngə boyamaq qadağandır. Qadınların Qərb üslublu və ya bədən xətlərini bəlli edən geyimlər geyinməsi qadağandır.

Dövlət müəssisələrində işləyən qadınlar və tələbələr mütləq şəkildə topuğa qədər uzanan, əl naxışları ilə bəzədilmiş ənənəvi türkmən donları (balak) geyinməli və saçlarını hörüb milli papaq (tübətəyka) və ya yaylıq taxmalıdırlar. Cins şalvar və dar geyimlər qəti şəkildə qadağandır.

Bundan başqa, Aşqabaddakı dövlət sektorlarında subay qadınların işə sarı rəngli yaylıq, evli qadınların isə sarı don geyinmək məcburiyyəti var. Qadın dövlət işçilərinə (məsələn, müəllimlərə, təyyarə bələdçilərinə - E.S.) kosmetikadan istifadə etməyəcəklərinə dair xüsusi iltizamnamə imzaladılır, qaydanı pozanlar dərhal işdən qovulur. Qadınların taksidə və ya şəxsi avtomobillərdə sürücünün yanındakı ön oturacaqda əyləşməsi qadağandır. Bir növ “Taliban”ın tətbiq etdiyi qaydalara oxşayır. O baxımdan, Türkmənistan başqadır, dünya başqa...

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR