İnsanlara hürriyət, millətlərə istiqlal!

Xəzər tükənir - beş rayonda neft-qaz axtarışları başlayır

İşlək yataqlarda hasilat azalır, SOCAR Kanada və ABŞ şirkətləri ilə yeni layihələrə başlayır; yeni ehtiyatlar neft gəlirlərinin azalmasının qarşısını ala biləcəkmi?

Azərbaycanın mövcud işlək neft yataqlarında hasilat ehtiyatların tükənməsi səbəbindən sürətlə azalır.

2025-ci ildə Azərbaycanda 27,6 milyon ton neft hasil edilib. Bu, 2024-cü ildəki 29,1 milyon tondan 1,5 milyon ton, yaxud 5,2 faiz azdır. 2024-cü ildəki hasilat öz növbəsində 2023-cü ilin göstəricisindən 3,6 faiz aşağı olub.

Hökumət və xarici şirkətlər Azərbaycanın əsas hasilat mənbəyi olan “Azəri-Çıraq-Günəşli” yatağında istehsalın azalma sürətini zəiflətmək üçün yeni platformadan hasilata başlanması və digər tədbirlər görsələr də, bu, ciddi effekt vermir.

Azərbaycan hökuməti bu il də ötənilki səviyyədə - 27,6 milyon ton neft hasil olunacağını gözləyir. Lakin ilin ilk səkkiz ayında hasilat proqnozdan 3,8 faiz aşağı olub. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, yanvar-sentyabr aylarında neft-qaz sektorunda 34 milyard 620,1 milyon manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin eyni dövründəkindən 2 faiz azdır. Qaz hasilatında cüzi də olsa artım tendensiyasının qaldığını nəzərə alsaq, neft-qaz sənayesində məhsul istehsalının azalmasının əsasən neft hasilatındakı geriləmə ilə bağlı olduğunu söyləmək olar.

Xəzər dənizində dəniz ticarəti və ekoloji əməkdaşlıq - Baku Research  Institute

Azərbaycan hökuməti neft hasilatını artırmaq üçün quruda neft axtarışlarına da start verib. Bu ilin fevralında SOCAR, Gran Tierra Energy (Azerbaijan) GmbH və “SOCAR Quba-Xəzəryanı” MMC arasında hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Milli Məclisin ratifikasiya etdiyi saziş ötən həftə Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Saziş Quba-Xəzəryanı regionunda neft-qaz ehtiyatlarının kəşfiyyatını, işlənməsini və hasilatın pay bölgüsünü nəzərdə tutur. Müqavilə ərazisinə Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi sahələri daxildir.

Sənədə əsasən, saziş iştirakçılarına müqavilə ərazisində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Həmçinin sazişin icrası üçün zəruri olan lisenziyaların, gömrük icazələrinin, vizaların və digər səlahiyyətlərin təmin edilməsi nəzərdə tutulur.

Layihənin iqtisadi əhəmiyyəti aparılacaq geoloji-kəşfiyyat işlərinin nəticələrindən və ərazidə kommersiya baxımından istismar edilə bilən neft-qaz ehtiyatlarının müəyyənləşdirilməsindən asılı olacaq. Hələlik saziş çərçivəsində gözlənilən hasilat həcmləri, investisiyanın məbləği və işlərin konkret qrafiki barədə məlumat açıqlanmayıb.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru olacaq Kanada şirkəti 65 faiz iştirak payına malik olacaq. Geoloji-kəşfiyyat işləri proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının müəyyənləşdirilməsinə yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

“Gran Tierra Energy Inc.” əsasən Cənubi Amerikada - Kolumbiya və Ekvadorda fəaliyyət göstərən, neft və qaz kəşfiyyatı və hasilatı ilə məşğul olan müstəqil Kanada enerji şirkətidir. Şirkət 2025-2026-cı illərdə Azərbaycanın Quba-Xəzəryanı regionunda, xüsusən dəniz və quruda karbohidrogen potensialının öyrənilməsi və işlənməsi layihələrində iştirak etmək üçün SOCAR ilə əməkdaşlığa başlayıb.

Neft-qaz sektoruna 89 milyard xarici sərmayə QOYULUB | Modern.az

Quba-Xəzəryanı perspektiv neft-qaz zonası Azərbaycanın şimal-şərqində, Böyük Qafqazın şimal-şərq yamacından Xəzər dənizinə qədər uzanan, mezo-kaynazoy yaşlı çöküntülərdə yüksək neft-qaz potensialına malik tektonik ərazidir. Siyəzən-Xızı zonası da daxil olmaqla, buradakı Yura və Təbaşir dövrlərinə aid süxurlar neft-qaz toplanma obyektlərinin zənginliyi ilə seçilir.

Tektonik quruluşunun mürəkkəbliyi ilə seçilən bu ərazidə aparılmış tədqiqatların nəticələrinə görə, xüsusilə Siyəzən monoklinalında və ona bitişik sahələrdə qazılmış bir neçə struktur-kəşfiyyat quyusunda neft və qaz əlamətləri aşkar edilib. Yeni seysmik kəşfiyyat məlumatları da bu zonanın dərinlik quruluşunun və neft-qazlılıq potensialının daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.

Saziş sahəsinin daxil olduğu region sənaye üsulu ilə neft hasil edilən ən qədim bölgələrdən biridir. Ərazidəki əsas karbohidrogen ehtiyatları tarixi Siyəzən neftli-qazlı rayonunun - Siyəzən, Çandahar-Zarat, Zağlı, Zeyvə və digər yataqların payına düşür.

Bu zonada neft hasilatına 1939-cu ildə başlanılıb və hasilat hazırda da davam etdirilir. Hazırda SOCAR-a məxsus “Siyəzənneft” Neft-Qaz Çıxarma İdarəsinin balansında iki yataq var. Bunlar “Siyəzən monoklinalı” və “Şurabad” yataqlarıdır. Həmin yataqlarda illik hasilat 45-50 min ton arasında dəyişir.

Yeni saziş çərçivəsində neft ehtiyatlarının aşkarlanması üçün daha geniş ərazidə geoloji-kəşfiyyat işlərinin aparılması nəzərdə tutulur.

Azərbaycanda Orta Kür hövzəsində də neft-qaz ehtiyatlarının kəşfiyyatı aparılacaq. Sentyabrın 25-26-da keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə ABŞ-nin nəhəng “ExxonMobil” korporasiyası arasında Orta Kür hövzəsində qeyri-ənənəvi resursların kəşfiyyatı, işlənməsi və hasilatına dair saziş imzalanıb.

Hasilatın pay bölgüsü sazişinə əsasən, müqavilə sahəsində iştirak payları müvafiq törəmə şirkətlər vasitəsilə SOCAR və “ExxonMobil” arasında bərabər bölüşdürüləcək: hər iki tərəfin payı 50 faiz təşkil edəcək. Layihənin operatoru qismində isə qeyri-ənənəvi resursların, o cümlədən şist laylarının mənimsənilməsində geniş beynəlxalq təcrübəyə malik “ExxonMobil” çıxış edəcək.

Saziş çərçivəsində Orta Kür çökəkliyində, əsasən Gəncə, Yevlax-Ağcabədi zonalarında və dağətəyi rayonlarda qeyri-ənənəvi karbohidrogenlərin əsas mənbəyi kimi Maykop lay dəstəsi, qismən də Paleogen-Neogen dövrünün gilləri araşdırılacaq.

Həmin ərazilərdə üzvi maddələrlə (kerogenlə) zəngin sıx şist və gil təbəqələri mövcuddur. Ənənəvi kollektor süxurlardan fərqli olaraq, buradakı neft və qaz yerin minlərlə metr dərinliyində, keçiriciliyi çox aşağı olan süxur laylarının arasında sıxılıb qalıb. Orta Kür hövzəsindəki bu resursların ənənəvi üsullarla çıxarılması çətin olduğundan, layihə çərçivəsində ABŞ-də geniş tətbiq olunan üfüqi qazma və hidravlik parçalanma kimi mürəkkəb müasir texnologiyalardan istifadə edilməsi planlaşdırılır.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda neft hasilatı azalır və mövcud yataqların ehtiyatları tükənməyə doğru gedir. Bu, ölkənin əsas gəlir mənbələrindən biri olan neft sektorundan daxilolmaların azalması riskini yaradır.

Hələlik hasilatdakı azalma iqtisadiyyatda ciddi problemlərə səbəb olmayıb. Əksinə, cari ildə ABŞ-İran münaqişəsinin yaratdığı əlverişli qiymət şəraiti Azərbaycanın neft-qaz sektorundan dövlət büdcəsinə vergi daxilolmalarının artmasına şərait yaradıb. Belə ki, yanvar-sentyabr aylarında büdcəyə neft-qaz sektorundan 3 milyard 297,8 milyon manat vergi ödənilib. Ötən ilin eyni dövründə bu göstərici 3 milyard 282,6 milyon manat olub.

İstehsalın azalması səbəbindən neft ixracının həcmləri azalsa da, yüksək qiymətlər bu sahədən vergi tutulan bazanın daralmasının qarşısını alıb. Gömrük statistikasına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycan 14 milyon 677 min 951,6 ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib. Bu ixracdan ölkə 9 milyard 281 milyon 893,55 min dollar gəlir əldə edib.

Səkkiz ayda ixrac edilən xam neftin həcmi 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 7,8 faiz azalsa da, yüksək qiymətlər sayəsində gəlirlər 10,5 faiz artıb. Bu artım neftin cari ilin dövlət büdcəsində nəzərdə tutulan 65 dollar əvəzinə, yanvar-avqust aylarında orta hesabla 94 dollar səviyyəsində qiymətləndirilməsi ilə əlaqələndirilir.

Sentyabr ayında neft qiymətləri daha yüksək olub. Bu, neft ixracından gəlirlərin artmasına səbəb ola bilər. Lakin ABŞ-İran münaqişəsinin təsiri qısamüddətli olarsa, yaxın gələcəkdə onun neft qiymətlərini yüksəldən təsiri də zəifləyə bilər.

Bu baxımdan, Azərbaycanın yeni yataqların axtarışı üzrə layihələri uğurlu nəticələr verərsə, neft gəlirlərinin azalması ilə bağlı riskləri müəyyən qədər azaltmaq mümkün ola bilər. Bununla belə, kəşfiyyat işlərinin kommersiya baxımından əhəmiyyətli ehtiyatların aşkarlanması və hasilata başlanması ilə nəticələnməsi zaman tələb edir.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR