İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, ilk deyil, növbəti dalğadır” – Xəyal Bəşirov Türkiyədəki kampaniyadan danışdı

Türkiyədə bəzi siyasi dairələrin və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsilçilərinin Azərbaycanla bağlı açıqlamaları rəsmi Bakının siyasi gündəmində ciddi narazılıq doğurub. Yeni Azərbaycan Partiyası (YAP) yaydığı bəyanatda Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və AKP-dən olan millət vəkillərinin fikirlərini tənqid edərək, Azərbaycana qarşı qərəzli informasiya kampaniyasına son qoyulmasına çağırıb. Bəyanatda Azərbaycan–İsrail münasibətlərinin təhrif olunması, ölkəmizin dünyəvi dövlət quruluşunun və təhsil siyasətinin hədəfə alınması, eləcə də Prezident İlham Əliyevə qarşı səsləndirilən fikirlər qəbuledilməz hesab edilib.

Türkiyədə Azərbaycana qarşı tənqidlərin arxasında hansı siyasi məqsədlər dayanır? Bu açıqlamalar iki ölkənin strateji müttəfiqliyinə təsir göstərə bilərmi? YAP-ın bəyanatı Ankara ilə Bakı arasında siyasi dialoqa necə təsir edəcək?

Xəyal Bəşirova İMZA-da vəzifə verildi | Axar.Az

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a açıqlamasında bildirib ki, son zamanlar Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycana qarşı xoşagəlməz məlumatlar yayılır.

Onun sözlərinə görə, bu fikirləri səsləndirən şəxslərin Azərbaycan-Türkiyə münasibətlərinə təsir imkanları məhdud olsa da, belə yanaşmalar iki qardaş və dost ölkə arasındakı münasibətlərin mahiyyətinə və ruhuna uyğun deyil.

Ekspert qeyd edib ki, bu, ilk belə hal deyil:"Əvvəllər də oxşar vəziyyətlər yaşanıb və Türkiyə tərəfinin atdığı addımlar nəticəsində həmin proseslərə son qoyulub. Məsələ Azərbaycandan qaynaqlanmadığı üçün bu dəfə də müvafiq addımları Türkiyə tərəfi atmalıdır".

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyaya əsasən hüquqi, demokratik və dünyəvi respublikadır. Bu prinsiplər dövlətin təməlini təşkil edir və ölkənin qanunvericiliyi, qərarları onun daxili məsələləridir. Qardaş və dost dövlətlərin mövcudluğu belə, digər ölkələrə Azərbaycanın daxili işlərinə müdaxilə etmək imkanı vermir".

Xəyal Bəşirov xatırladıb ki, Gürcüstanda qəbul edilən qanunlarla bağlı Qərbin və ABŞ-nin mövqeyinə münasibətdə Türkiyənin rəsmi yanaşması da bu ölkənin daxili işlərinə müdaxilənin düzgün olmadığı istiqamətində olub. Onun fikrincə, Azərbaycana qarşı da oxşar məsələlərdən istifadə edərək ittihamlar səsləndirmək, kiçik məsələləri şişirtmək yanlışdır:

"Ümid edək ki, Türkiyədə Azərbaycanın maraqlarına uyğun mövqe sərgiləyən rəsmilər və müvafiq qurumlar bu prosesə son qoyulması üçün addımlar atacaqlar". O vurğulayıb ki, Türkiyədə də zaman-zaman Azərbaycanla dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə çalışan qüvvələr mövcuddur. Bəşirov hesab edir ki, hazırda müşahidə olunanlar həmin qüvvələrin fəaliyyətinin növbəti dalğasıdır. O, Azərbaycana qarşı əsassız ittihamlar və təzyiqlərin qarşısının Türkiyənin müvafiq qurumları və rəsmiləri tərəfindən alınacağına ümid etdiyini bildirib.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR