Onlayn ictimai-siyasi qəzet
ABŞ Konqresinin 101 üzvü Azərbaycana hərbi yardımın dayandırılması tələbi ilə dövlət katibi Marko Rubiaya müraciət edib. “Alpha News” xəbər verir ki, 26 senatorun və 75 Nümayəndələr Palatası üzvünün imzaladığı məktubda “erməni ağızından” düşməyən iddialar (separatçıların həbsdə saxlanılması, guya Qarabağdakı dini-mədəni irs abidələrinin dağıdılması, hətta Ermənistan ərazisində Azərbaycan hərbçilərinin mövcudluğu) yer alır.
Məsələnin diqqətçəkən tərəfi yalnız müraciətə imza atan konqresmenlərin sayı deyil. Təşəbbüsün arxasında ABŞ-dəki erməni təşkilatlarının fəal lobbiçilik fəaliyyəti dayanır. Məktubun təşviqində əsas rol oynayan qurumlardan biri Amerikanın Erməni Milli Komitəsidir (ANCA). Təşkilat oktyabrın 7-də yaydığı açıqlamada təşəbbüsü açıq şəkildə dəstəklədiyini bildirib.
Təşəbbüsün əsas hədəflərindən biri ABŞ-nin “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsi ətrafında formalaşan siyasi mübarizədir. Həmin maddə Azərbaycana ABŞ hökumətinin birbaşa yardımını məhdudlaşdırır, lakin prezidentə müəyyən şərtlər daxilində bu məhdudiyyətdən imtina etmək səlahiyyəti də verilib. Donald Tramp administrasiyası 2025-ci ilin avqustunda Azərbaycanla bağlı bu səlahiyyətdən istifadə edib. 2026-cı ildə isə imtinanın müddətinin uzadılması Konqresdə Azərbaycan əleyhinə fəaliyyət göstərən qrupların yenidən fəallaşmasına zəmin yaradıb. ANCA-nın açıqlamasında da məktubun əsas məqsədlərindən birinin 907-ci maddə üzrə məhdudiyyətlərin tətbiqinə nail olmaq olduğu açıq göstərilir.
Məktubun təşəbbüskarları arasında anti-Azərbaycan və qatı ermənipərəst mövqeləri ilə seçilən senatorlar Qari Piters və Adam Şiff, Nümayəndələr Palatasının üzvləri Qas Bilirakis və Frenk Pallone var. Senatda demokratların lideri Çak Şumer də sənədə imza atıb. 101 konqresmenin ermənipərəst müraciəti göstərir ki, 907-ci maddə məsələsi ABŞ-də Azərbaycanla bağlı siyasi mübahisənin aktual alətlərindən biri olaraq qalır. Erməni təşkilatları bu mexanizmin yenidən sərtləşdirilməsinə nail olmaq üçün fəal işləyir, Konqresdəki tərəfdarları isə administrasiyaya təzyiq göstərirlər. Bu həm də Cənubi Qafqazda kövrək sülhə ermənipərəstlərin əli ilə vurulmuş zərbədir.
Vaşinqton üçün Azərbaycan enerji təhlükəsizliyi, Xəzər hövzəsi, Mərkəzi Asiya ilə əlaqələr və nəqliyyat dəhlizləri baxımından əhəmiyyətli ölkədir. Buna görə də hərbi yardım məsələsini ABŞ-Azərbaycan münasibətlərinin bütün məzmunu ilə eyniləşdirmək doğru olmazdı. Bununla yanaşı, Konqresdəki bu təşəbbüsün ikitərəfli münasibətlərə təsirsiz qalacağını düşünmək də sadəlövhlük olardı.
Məktubun təşəbbüskarları isə yenə də ənənəvi ermənipərəst deputatlardır. Senatorlar Qari Piters və Adam Şiff, Nümayəndələr Palatasının üzvləri Qas Bilirakis və Frank Pallone bu müraciətdə aktiv rol oynayıb. Məktuba Senatda demokratların lideri Çak Şumer də imza atıb. İslamofob, türkofob, maliyyə fırıldaqçısı, korrupsioner kimi şöhrət qazanan konqresmen Frank Pallonenin erməni yandaşı olması sirr deyil. O, ABŞ-də “ermənidən betər erməni” kimi tanınan şəxslərdəndir.

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirib ki, məktuba 26 senator və Nümayəndələr Palatasının 75 üzvü imza atıb. Onun sözlərinə görə, bu tələblər ABŞ administrasiyasının Azərbaycanla münasibətlərində hərbi əməkdaşlıq imkanlarını siyasi təzyiq vasitəsinə çevirməyə yönəlib.
“ Sadəcə, ABŞ-də lobbiçilik siyasi sistemin adi elementidir. Biz bu reallığı qəbul etməliyik ki, konqresmenlər diaspora təşkilatlarının arqumentləri ilə yanaşı, öz seçicilərinin mövqeyini, partiya siyasətini də nəzərə ala bilərlər. Bu da bir növ sifariş yerinə yetirməkdir. Amma dövlət katibinə 101 belə məktub yazılsın, nəticəsi olmayacaq. Çünki elə bu yaxınlarda Marko Rubio azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon söhbəti aparıb, əlaqələr müzakirə edilib. Ona görə məktubu əldə əsas götürüb Azərbaycana qarşı qərarların qəbulunu gözləmirəm. Üstəlik, Milli Məclisin 10 oktyabr 2026-cı ildə həmin məktuba cavab olaraq ABŞ senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə müraciət yayımlaması məsələnin artıq parlament diplomatiyası səviyyəsinə keçdiyini göstərir. Müraciətdə davamlı sülh məqsədinə dəstək ifadə edilir”.
Azərbaycana qarşı qərəzli addımların davam edəcəyini, belə təşəbbüslərin yenidən olacağını deyən hüquqşünasın sözlərinə görə, əsas məsələ münasibətlərin düzgün qurulmasıdır: “Məktuba dəstək verən erməni təşkilatları Ermənistanla bağlı məsələləri ABŞ siyasi gündəliyində saxlamaq və administrasiyanın siyasətinə təsir etmək istəyirlər. Bu da çox hiyləgər yanaşmadır. Məsələ budur ki, Rubionun bu məktubun tələblərini qəbul etdiyini göstərən rəsmi cavab yoxdur. Fikrimcə, Azərbaycan yalnız məktuba imza atan 101 nəfərə cavab verməklə kifayətlənməməlidir. ABŞ Konqresinin hər iki partiyasının üzvləri, xüsusilə xarici əlaqələr və müdafiə məsələləri ilə məşğul olan komitələr, eləcə də Dövlət Departamenti ilə davamlı əlaqələr qurmaq vacibdir. Çünki Konqresdə Azərbaycanı dəstəkləyən bir neçə dostun olması kifayət deyil. Uzunmüddətli, ikipartiyalı siyasi əlaqələr lazımdır. Erməni diaspor təşkilatları ABŞ-da uzun müddətdir fəaliyyət göstərir və Konqresdəki əlaqələrindən istifadə edirlər. Bu fəaliyyətin qarşısını sadəcə onları tənqid etməklə almaq mümkün deyil. Azərbaycanın ABŞ-dəki diplomatik və ictimai əlaqələri daha sistemli qurulmalıdır”.
Hüquq müdafiəçisinin fikrincə, erməni lobbisi və onların “himayəsində” olan bəzi siyasətçilər işğal dövründə, postmüharibə mərhələsində dəfələrlə Azərbaycana qarşı qərəzli kampaniyalar təşkil ediblər, həqiqətdən uzaq iddialar qaldırıblar: “Bu dəfə yenə analoji mənzərənin şahidi oluruq. Heç nə dəyişməyib, erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir. Amma onlar bir məsələdə yanılırlar. Ötən ilin 8 avqust görüşü, ardından isə bu il fevralın 10-da ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Bakıya səfəri çərçivəsində imzalanan Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətlərə yeni bir status qazandırıb. Ona görə heç nəyə nail olmayacaqlar”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ