Onlayn ictimai-siyasi qəzet
Qarpız və yemişin mövsümü tam başlamasa da, artıq bazarlarda bu məhsulların satışına başlanılıb.
Musavat.com-un əməkdaşı olaraq qiymətləri və keyfiyyəti daha yaxından öyrənmək üçün “8-ci kilometr” bazarında olduq.
Müşahidə etdik ki, bazarın bir çox hissəsində, xüsusilə qarpız və yemiş məhsulları satışa çıxarılıb. Lakin ötən illə müqayisədə qiymətlər bir qədər yüksəkdir. Hazırda qarpızın kiloqramı təxminən 1,20 – 1,50 manat, yemişin kiloqramı isə 6 manatdan başlayan qiymətlərlə təklif olunur.
Satıcılarla söhbət zamanı məlum oldu ki, alıcıların marağı hələ yüksək deyil. Onlardan biri bildirdi: “3–4 gündür bazara qarpız çıxarmışıq, hələ ki, alıcı çox azdır. Əsasən Sabirabaddan gətirilir”.
Satıcıların sözlərinə görə, bazarda təklif edilən məhsulların böyük hissəsi erkən mövsüm məhsuludur və kütləvi satış başlamayıb.
Alıcılarla söhbət zamanı isə maraqlı məqamlar üzə çıxdı. Onlardan bəziləri bazarda Türkiyədən gətirilən qarpızların da satıldığını, lakin onların Sabirabad məhsulu kimi təqdim edildiyini bildirirlər: “Tünd yaşıl rəngdə olan qarpızlar daha çox xaricdən gətirilənlərdir. Qiymətləri də təxminən 1,20 manat (kq) civarındadır. Sabirabad qarpızı isə nisbətən bahadır”.
Yemiş satan satıcı isə hazırkı vəziyyətlə bağlı belə deyir: “İndiki yemişlər əsasən "parnik" məhsuludur. Ona görə də dadı o qədər də şirin olmur. Alıcı da azdır. Təxminən 2–3 həftədən sonra sahə məhsulları bazara çıxacaq, onda həm qiymət, həm də keyfiyyət yaxşı olacaq, alıcı da artacaq".
Bazarda alış-veriş edən vətəndaşlar isə hələlik qarpız və yemiş almağa tələsmədiklərini bildirirlər. Onlardan biri “qarpızdan bir az qorxuram, gübrəli ola bilər, zəhərlənmə riski var, hələ vaxtı deyil” dedi.
Bəs hazırda bazarlarda satılan qarpızlardan istifadə etmək nə dərəcədə təhlükəsizdir? Erkən yetişdirilən qarpızların insan sağlamlığı üçün hansı riskləri varmı? Vətəndaşlar qarpız alarkən onun keyfiyyətini və təhlükəsizliyini müəyyən etmək üçün hansı məqamlara diqqət yetirməlidirlər?

Qida mütəxəssisi İlkin Şirinov bu və digər suallarla bağlı Musavat.com-a danışıb.
Mütəxəssis qeyd edib ki, hazırda bazarda satılan qarpızlar o qədər də təhlükəli deyil:
“Lakin burada əsas məqam məhsulun tərkibində nitrat gübrələrinin səviyyəsinin nə qədər olması ilə bağlıdır. Bu məsələ həm qarpız, həm yemiş, həm də digər bostan məhsulları üçün keçərlidir. Ən vacib məqam ondan ibarətdir ki, gübrələmə prosesində mütəxəssis nəzarəti olub-olmamasıdır. Təəssüf ki, bəzi təsərrüfatlarda fermerlər aqronom və mütəxəssislərdən istifadə etmədən gübrələməni adi işçilərə həvalə edirlər. Nəticədə nitrat gübrəsinin həddindən artıq tətbiqi insan sağlamlığı üçün ciddi fəsadlar yarada bilir. Hər hansı məhsulda nitratın və ya kimyəvi qatqıların dəqiq miqdarı yalnız laborator analizlərdən sonra müəyyən olunur. Bu da insan sağlamlığı baxımından mühüm məsələdir.
Digər bir məqam isə bazarlarda satılan qarpızların vəziyyətidir. Məsələn, yerli istehsal məhsulu kimi təqdim olunan qarpızların bəzən rəngi xaricdən yaşıl, içi isə tünd qırmızı olur, lakin dadında yüngül acılıq hiss edilə bilər. Bu da bəzi hallarda gübrələrin normadan artıq istifadəsi ilə əlaqələndirilir. Eyni zamanda, azot gübrəsi çox istifadə olunan məhsullarda qarpızın içində ağ zolaqların, iri lifli boşluqların görünməsi müşahidə oluna bilər. Bu kimi əlamətlər məhsulun yetişdirilmə prosesində düzgün aqrotexniki qaydalara əməl olunmadığını göstərə bilər. Burada əsas məsələ fermerlərin mütəxəssis nəzarətindən istifadə etməməsidir”.
Mütəxəssisə görə, gübrələmə prosesində aqronomların iştirakı vacibdir, çünki dərmanın miqdarı və tətbiq qaydası məhz onlar tərəfindən müəyyən edilməlidir: “Əks halda təsərrüfatlarda gübrə istifadəsi qeyri-peşəkar şəkildə aparılır və bu da son nəticədə istehlakçı sağlamlığı üçün risk yaradır. Satılan məhsulların keyfiyyətinə gəldikdə isə, hazırda bazarlarda daha çox istixana şəraitində yetişdirilən qarpız və yemişlərə rast gəlinir. Sahələrdən kütləvi şəkildə məhsulun çıxışı isə hələ tam başlamayıb. Buna görə də mövsümün bu dövründə qiymətlər də nisbətən yüksək olur və satıcılar istədikləri qiyməti tətbiq edirlər. Məsələn, bəzi yerlərdə qarpızın kiloqramı 5–6 manat civarında satılır, küçə ticarətində isə daha yüksək qiymətlərə də rast gəlmək mümkündür. Eyni zamanda, bəzi idxal məhsulları 1,50–2 manat aralığında təklif olunur”.
İlkin Şirinov həmçinin tövsiyə edib ki, istehlakçılar məhsul alarkən onun xarici görünüşünə, iç hissəsində boşluqların olub-olmamasına və ümumi keyfiyyətinə diqqət yetirsinlər: “Ən vacib məsələ isə məhsulun etibarlı və tanınmış satıcıdan alınmasıdır. Çünki alıcı çox vaxt yerli və idxal məhsulu ayırd etməkdə çətinlik çəkir. Bu səbəbdən istehlakçının da müəyyən məlumatlı olması vacibdir".
Xalidə Gəray,
Fotolar müəllifindir,
Musavat.com
09 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ