Onlayn ictimai-siyasi qəzet
Bakıda 4-cü İqlim Həftəsinin (CW4) açılış mərasimi keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə açılış nitqi ilə xarici işlər naziri Ceyhun Bayramov çıxış edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil isə mərasimə video müraciət göndərib:
“Təmiz enerjiyə yatırılan investisiyaların həcmi ildə 2 trilyon dolları ötür. Bərpa olunan enerji mənbələri dünyada elektrik enerjisinin əsas mənbələrindən birinə çevrilib. Təmiz enerjiyə keçid geridönməz xarakter alıb”.
Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini, COP31 Sədrliyinin baş icraçı direktoru Fatma Varank çıxışında vurğulayıb ki, Türkiyə COP31 sədrliyi öhdəliklərinin icra mərəhələsinə keçməsi üçün çalışır:
“COP-da hədəflər və icra mərhələsində əsas problem maliyyədir. Banklar, sərmayədarları “yaşıl meydan”a dəvət edirik. Antalyada yüksək səviyyədə rəsmilərin iştirakı ilə iqlim böhranını müzakirə etmək niyyətindəyik. Bu, tək bir ölkənin işi deyil”.
COP31 Sədrliyinin Danışıqlar üzrə sədr müavini və İcraçı direktor müavini Devid Hiqqins isə çıxışında bildirib ki, bu il COP geosiyasi gərginliklərin, enerji təhlükəsizliyi ilə bağlı narahatlıqların və qlobal qeyri-müəyyənliyin hökm sürdüyü bir şəraitdə keçirilir:
“Çoxtərəflilik uzun müddətdir belə ciddi sınaqla üzləşməyib. Aydındır ki, beynəlxalq əməkdaşlıq və çoxtərəflilik bu gün heç vaxt olmadığı qədər vacibdir. COP31 qarşıdakı iki ay ərzində Antalyada keçiriləcək və bizim üçün bu, artıq qəbul edilmiş öhdəliklərin icrasına yönəlmiş “İcra COP-u” olacaq. Məqsədimiz verilmiş vədlərin həyata keçirilməsini təmin etmək, xalqlarımız üçün real və nəzərəçarpan faydalar yaratmaq və xüsusilə iqlim dəyişikliyinin ön cəbhəsində olan insanlara diqqət yetirməkdir. Eyni zamanda, iqlim maliyyəsi arxitekturasının daha sadə, sürətli və ədalətli olması zərurəti ətrafında qlobal konsensus formalaşdırmağa çalışırıq. Uzun təsdiq prosedurları, yüksək əməliyyat xərcləri, mürəkkəb məlumat tələbləri, eləcə də parçalanmış və qeyri-sabit maliyyələşdirmə mexanizmləri ölkələrin iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq qurmasına mane olur. Bu baxımdan, COP31 çərçivəsində əsas prioritetlərimizdən biri iqlim maliyyəsinə çıxışın, xüsusilə kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün daha əlçatan edilməsidir”.
COP30-un icraçı direktoru və Braziliyanın iqlim dəyişikliyi üzrə milli katibi Ana Toni çıxışında vurğulayıb ki, ehtiyac öhdəliklərdən icraya, həllərdən konkret fəaliyyətə, icradan isə ölçülə bilən nəticələrə keçməkdir:
“Bakıda keçirilən UNFCCC İqlim Həftəsi qlobal iqlim proseslərini onların real şəkildə həyata keçirildiyi regionlara, sektorlara və iştirakçılara yaxınlaşdırır. Burada söhbət artıq icranın mücərrəd şəkildə müzakirəsindən getmir. Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, elektrikləşmə, maliyyənin səfərbər edilməsi, tikinti materiallarının və ağır sənayenin karbonsuzlaşdırılması kimi konkret məsələlərə diqqət yetirilir. Qarşıdakı mərhələdə əsas sual budur: icra harada ləngiyir, bunun səbəbi nədir və bu maneələri aradan qaldırmaq üçün birlikdə nə edə bilərik?”
UNFCCC-nin Proqramların Əlaqələndirilməsi üzrə baş direktoru Daniele Violetti isə diqqətə çatdırıb ki, həll yolları mövcuddur:
“İndi əsas vəzifəmiz bu həllərin icrasını sürətləndirmək, fəaliyyət qarşısındakı maneələri müəyyənləşdirmək və onların aradan qaldırılması üçün praktiki yollar tapmaqdır. Aqrar sistemlər, karbon-intensiv sənaye və tikinti, eləcə də tullantıların idarə olunması sahələrində iqlim maliyyəsinin qarşısını alan maneələri aradan qaldırmalı, bu istiqamətləri investisiya üçün daha cəlbedici və genişmiqyaslı etməliyik. Hökumətlər bunu təkbaşına həyata keçirə bilməz. Biznes, maliyyə sektoru, şəhərlər və vətəndaş cəmiyyəti bu prosesin vacib tərəfdaşlarıdır”.
Mərasim musiqili proqramla davam edib.
***
Bakı Konqres Mərkəzində IV İqlim Həftəsinin (CW4) açılış mərasimi keçirilir.
Musavat.com xəbər verir ki, açılış mərasimində yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, millət vəkilləri iştirak edirlər.
Nigar Həsənli
Musavat.com
10 Sentyabr 2026
00:14 SON DƏQİQƏ: Soçiyə dəhşətli hücum başladı - Şəhərdə güclü partlayışlar, əhali panikada - VİDEO
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ