Onlayn ictimai-siyasi qəzet
Qüds Erməni Patriarxlığı İsrail parlamentinin gündəliyindən “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin çıxarılmasını dərin məyusluqla qarşıladığını bəyan edib.
Patriarxlıq vurğulayıb ki, xarici dövlətin (Azərbaycanın) İsrailin “daxili məsələlərinin müzakirəsinə” belə bir təsir göstərə bilməsi narahatlıq doğurur: “Azərbaycanın Knessetdə hansısa məsələnin müzakirəsini gecikdirməsi və hətta ləğv edə bilməsi diqqətçəkən faktdır. İlham Əliyevin həm İsrail rəsmilərinin siyasi hesablamalarına, həm də Knessetin müzakirə etməyə hazır olduğu mənəvi məsələlərə təsir göstərə bilməsi bizim üçün çaşdırıcıdır”.
Qeyd edək ki, bir qədər əvvəl İsrailin “Haaretz” qəzeti rəsmi Bakının təzyiqindən sonra İsrailin qondarma soyqırımın tanınması prosesini dayandırdığını yazıb. Qüds Erməni Patriarxlığı etiraf edir ki, məhz Azərbaycanın müdaxiləsi sayəsində Knesset geri addım atıb.
İsrail ermənilərinin pərt olması göz qabağındadır. Bəs Knesset üçün bu məsələnin birdəfəlik qapandığını söyləmək olarmı?
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a bildirib ki, Qüds Erməni Patriarxlığının bəyanatı təkcə etiraz deyil, həm də Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın etirafıdır. Bəyanatdakı fikirlər əslində son illərdə Bakı-Təl-əviv münasibətlərinin hansı səviyyəyə yüksəldiyini təsdiqləyir.
“Erməni tərəfi açıq şəkildə etiraf edir ki, İsrail regional təhlükəsizlik və strateji maraqlar prizmasından qərar verib. İsrail üçün Azərbaycan adi tərəfdaş deyil. Ölkəmiz İsrailin enerji təhlükəsizliyində mühüm rol oynayır. Həmçinin regionda etibarlı siyasi və təhlükəsizlik tərəfdaşı hesab olunur. Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə Bakı ilə münasibətlərin qorunması rəsmi Təl-əviv üçün strateji əhəmiyyət daşıyır. Belə şəraitdə İsrail rəhbərliyinin Ermənistanın illərdir siyasi gündəmdə saxladığı “soyqırımı” məsələsini dövlət maraqlarından üstün tutacağı real görünmür. Qüds Erməni Patriarxlığının narahatlığı da bundan qaynaqlanır. Çünki uzun illər uydurma soyqırımını qabardaraq siyasi qərarlar almağa çalışan erməni lobbisi ilk dəfə olaraq İsraildə ciddi müqavimətlə üzləşib”.
M.Rəhimli bununla belə hesab edir ki, Knesset üçün bu məsələnin birdəfəlik bağlandığını söyləmək də mümkün deyil. Gələcəkdə bu mövzu yenidən gündəmə gətirilə bilərlər: “Xüsusilə hökumət dəyişikliyi, daxili siyasi konfiqurasiyanın dəyişməsi belə təşəbbüslərin yenidən ortaya çıxmasına səbəb ola bilər. Lakin məsələnin gündəmə gətirilməsi ilə onun qəbul olunması arasında ciddi fərq var. Son hadisələr göstərdi ki, İsrail rəhbərliyi xarici siyasət prioritetlərini daha üstün tutur. Belə ki, Azərbaycanla strateji əməkdaşlığa xələl gətirəcək qərarların qəbulu indiki mərhələdə Təl-əviv üçün faydalı deyil.
Çox güman ki, Azərbaycanın bu prosesə təsir imkanları formalaşdırdığı etibarlı tərəfdaş imicindən qaynaqlanıb. Dövlətlər qərar qəbul edərkən ilk növbədə öz milli maraqlarını nəzərə alırlar. İsrail də istisna deyil. Əgər hansısa qanun layihəsi strateji əməkdaşlığa zərər vuracaqsa, onun təxirə salınması və ya gündəmdən çıxarılması daha düzgün addımdır.
Knessetin gündəliyindən qanun layihəsinin çıxarılması Ermənistan üçün siyasi uğursuzluq, Azərbaycan üçün isə diplomatik nüfuzun göstəricisidir. Bu hadisə həm də Cənubi Qafqazda qüvvələr nisbətinin real mənzərəsini yaradır”.
Etibar Seyidağa,
Musavat.com
31 Iyul 2026
30 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ