İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın iqtisadi embarqoları Çinə işləyir

“Rusiya Ermənistana və digər bir sıra ökələlərə qarşı iqtisadi embarqolar tətbiq etdikcə, ətraf ölkələrlə iqtisadi-ticarət əlaqələrini siyasi maraqlara görə azaltdıqca və kəsdikcə onun yerini Çin ustalıqla tutur”.

Bu barədə Musavat.com-a şərhində politoloq Qabil Hüseynli bildirib.

O qeyd edib ki, Rusiyanın boşaltdığı iqtisadi meydanı Çin doldurur. Çin Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər nəhəng arealda böyük bazar əldə edib: “Rusiyanın Qərblə qarşıdurmasının dərinləşməsi, Ukrayna müharibəsi fonunda tətbiq olunan sanksiyalar, eləcə də Moskvanın bir sıra qonşu ölkələrlə münasibətlərini siyasi səbəblərdən məhdudlaşdırması postsovet məkanında yeni iqtisadi reallıq formalaşdırıb. Rusiya uzun illər özünün iqtisadi təsir dairəsində saxladığı ölkələrdə əvvəlki imkanlarını tədricən itirir. Bu boşluğu isə sistemli şəkildə Çin doldurmağa başlayıb. Son ən diqqətçəkən nümunələrdən biri Ermənistandır. Uzun illər iqtisadi, enerji və logistika baxımından Rusiyadan tam asılı vəziyyətdə olan Ermənistan tədricən yeni tərəfdaşlar axtarmağa başlayıb. Moskva ilə siyasi münasibətlərdə yaranan gərginlik iqtisadi əməkdaşlığa da təsirsiz ötüşmür. Belə şəraitdə Çin investisiya, ticarət və infrastruktur layihələri ilə İrəvan üçün alternativ istiqamət kimi ön plana çıxır.

Pekin tamamilə başqa strategiya həyata keçirir. Çin adətən siyasi şərtlər irəli sürmədən iqtisadi əməkdaşlıq, kreditlər, sənaye parkları, logistika mərkəzləri və nəqliyyat layihələri təklif edir. Çinin əsas üstünlükləri böyük maliyyə resursları, uzunmüddətli investisiya planları, sürətli infrastruktur quruculuğu, istehsal müəssisələrinin yaradılması, logistika şəbəkələrinin genişləndirilməsidir. Bu səbəbdən Rusiya ilə problemlər yaşayan ölkələr üçün Çin daha praqmatik tərəfdaş kimi görünür”.

Politoloq deyib ki, oxşar tendensiya Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanda da müşahidə olunur: “Əvvəllər bu ölkələrin əsas iqtisadi tərəfdaşı Rusiya hesab olunurdusa, hazırda Çindir. Çin bu ölkələrin böyük ticarət tərəfdaşlarından biridir, iri infrastruktur layihələrinin əsas maliyyəçisidir, enerji sektorunun aparıcı investorudur, rəqəmsal texnologiyalara böyük sərmayə yatırır. Bir çox istiqamətlərdə Çin Rusiyanı geridə qoyur”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR