İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mançester Yunayted”dən sonra növbə “Slaviya”da: “Sabah” cavab verməlidir!

Azərbaycan futbolunun avrokuboklardakı təmsilçisi “Sabah” bu gün Çempionlar Liqasının liqa mərhələsində növbəti oyununa çıxacaq. Bakı təmsilçisi doğma meydanda Çexiyanın “Slaviya” klubu ilə üz-üzə gələcək. Qarşılaşma həm komandamızın turnirdəki mövqeyi, həm də uğursuz başlanğıcdan sonra toparlanmaq imkanları baxımından diqqət mərkəzindədir.

Musavat.com xəbər verir ki, matçın start fiti saat 20:45-də səslənəcək. Oyunu avstriyalı hakimlər briqadası idarə edəcək.

1787766255.sabahklubu.jpg (193 KB)

Məlumat üçün bildirək ki, hər iki kollektiv ilk turda meydanı xalsız tərk edib. “Sabah” İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub, Praqa “Slaviya”sı isə Fransanın “Lans” komandasına 2:3 hesabı ilə uduzub. İndi tərəflər uğursuz başlanğıcı arxada qoymaq və turnirdə hesablarını açmaq üçün mübarizə aparacaqlar. Doğma azarkeşlər qarşısında oynamaq “Sabah” üçün əlavə motivasiya olsa da, Çexiya təmsilçisi də Bakıya xal qazanmaq məqsədilə gəlir.

“Sabah” doğma meydanın üstünlüyündən yararlanaraq Çempionlar Liqasında ilk xallarını qazana biləcəkmi?

“Rəqib həm klub, həm də milli komanda səviyyəsində Azərbaycan futbolu üçün çətin rəqiblərdən sayılır və Bakıya iddialı gəlib”.

Futbol mütəxəssisi Kənan Məstəliyev bu barədə Musavat.com-a açıqlamasında bildirib.

MESTE.jpg (41 KB)

Onun sözlərinə görə, “Sabah”ın püşkdə bəxtinin gətirməməsi səbəbindən azarkeşlər komandadan xüsusilə ev oyunlarında xal və ya xallar gözləyirlər:

“İlk baxışda “Slaviya” Bakı təmsilçisinin xal qazanmaq şansının daha yüksək olduğu rəqib kimi görünə bilər. Ancaq çexlərin oyun üslubu bu qarşılaşmanın asan keçməyəcəyini göstərir. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas oyunöncəsi mətbuat konfransında rəqibin atletik, fiziki cəhətdən güclü olduğunu, topa uzun müddət sahib olmaqdan daha çox sürətli hücumlara və əks-hücumlara üstünlük verdiyini vurğulayıb. Çexiya təmsilçisinin hücumları azsaylı ötürmələrlə qurması da onun sürətini və təhlükəliliyini artırır”.

Kənan Məstəliyev hesab edir ki, “Sabah”ın uğur qazanması üçün düzgün taktiki plan seçməsi vacibdir:

“Slaviya”nın baş məşqçisi Yindrix Trpişovskinin Bakı klubunun oyun üslubunu “Barselona” ilə müqayisə etməsi də təsadüfi deyil. Çexlərin sürətli hücumlarının qarşısını almaq üçün topa nəzarət etmək, orta sahədə sıx və intensiv oynamaq, top itirilən kimi onu kollektiv şəkildə geri qaytarmağa çalışmaq lazımdır. Bu keyfiyyətlər “Sabah”da var və komanda soyuqqanlı davranaraq öz qol imkanlarını gözləməlidir. Xüsusilə cinahlardakı fəallıq və orta sahədəki mübarizə oyunun taleyinə ciddi təsir göstərə bilər. Çempionlar Liqasında zəif rəqib yoxdur və “Slaviya” da istisna deyil.

yindrix-trpisovski-1000x500.jpg (48 KB)

Bununla belə, “Sabah” da bu səviyyəyə təsadüfən yüksəlməyib. Komanda Uels, Finlandiya, Danimarka və İsrail çempionlarını mübarizədən kənarlaşdıraraq əsas mərhələyə vəsiqə qazanıb. “Mançester Yunayted”lə səfər matçında 0:4 hesabı ilə uduzmasına baxmayaraq, Azərbaycan təmsilçisinin belə bir rəqiblə qarşılaşması özü də böyük təcrübədir. Doğma stadion, azarkeş dəstəyi və turnirdə ilk xalını qazanmaq istəyi “Sabah” üçün əlavə motivasiya mənbəyidir. Buna görə də “Slaviya” ilə oyunda uğurlu nəticəyə imza atmaq mümkündür”.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR