İnsanlara hürriyət, millətlərə istiqlal!

Baba Vəziroğlu: “Təhsil ocağı dini məbəd deyil!”

“Azərbaycan çoxetnik tərkibli ölkədir, burada müxtəlif millətlər və dini qruplar yaşayır. Ancaq dövlət məktəbinin, təhsil sisteminin öz qayda-qanunları var. Məktəb dini və ya etnik məbəd deyil, işıq, ziya ocağıdır. Burada geyim, davranış və etik normalara əməl olunmalıdır”.

Musavat.com xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu məktəblərdə vahid geyim forması və təhsil mühitində davranış qaydaları ilə bağlı fikirlərini bölüşərkən deyib.

Şairin sözlərinə görə, məktəblərdə vahid forma təkcə geyim məsələsi deyil, həm də şagirdlər arasında bərabərliyin qorunması baxımından əhəmiyyətlidir. O hesab edir ki, təhsil müəssisələrində sosial status fərqlərinin qabardılması yolverilməzdir.

Baba Vəziroğlu bildirib ki, özü şagird olduğu dövrdə şagirdlərin səliqəli, vahid geyimdə dərsə gəlməsi təhsil mühitində nizam-intizamın və bərabərliyin göstəricilərindən biri olub.

“Biz məktəbli formasını geyinib məktəbə gedəndə sevinirdik. Hamı eyni cür geyinir, səliqəli görünürdü. Qızların saçlarında bantlar olurdu, uşaqlar təmiz və gülərüz görünürdülər. Məktəbdə əsas olan da bu nizam-intizamdır. Təəssüf ki, indi bəzən şagirdlərin xarici görünüşündə, geyimində və davranışında məktəb mühitinə uyğun olmayan hallarla rastlaşırıq”, – o qeyd edib.

Şairin fikrincə, məktəblərdə geyim və davranış normalarına riayət edilməsi təhsilin keyfiyyətli təşkili üçün vacib şərtlərdəndir. O, vahid qaydaların bütün şagirdlərə eyni şəkildə tətbiq edilməsinin tərəfdarıdır.

“Azərbaycanın çoxmillətli ölkə olması o demək deyil ki, hər kəs məktəbə istədiyi formada gələ bilər. İnsan gündəlik həyatında öz seçimini edə bilər, amma məktəbin öz qaydaları var. Orada hamı həmin qaydalara əməl etməlidir. Mən hesab edirəm ki, məktəblərdə vahid geyimlə bağlı qərar çoxdan qəbul olunmalı idi”, – deyə Baba Vəziroğlu vurğulayıb.

Əməkdar incəsənət xadimi məktəblərdə sosial bərabərliyin qorunmasına da xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bahalı geyimlər və digər maddi göstəricilər şagirdlər arasında fərq yaratmamalı, uşaqların məktəbdəki mövqeyi onların biliyi və dərs göstəriciləri ilə müəyyənləşməlidir.

“Əvvəllər məktəblərdə şagirdlər arasında sosial status fərqi hiss olunurdu. Bahalı geyinən, imkanlı ailələrdən olan uşaqlara bəzən daha fərqli münasibət göstərilirdi. Halbuki məktəbdə belə fərqlər olmamalıdır. Şagirdin əsas üstünlüyü onun dərsini yaxşı bilməsi, savadı və biliyi olmalıdır. Əsas rəqabət də məhz bu sahədə aparılmalıdır, geyimdə, bahalı ətirdə və zahiri görünüşdə deyil”, – deyə şair qeyd edib.

Baba Vəziroğlu hesab edir ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi şagirdlər arasında sosial fərqlərin təsirini azaltmağa və təhsil mühitində intizamı gücləndirməyə kömək edə bilər. O, yeni qaydaların məktəblərdə daha nizamlı mühitin formalaşmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Şahanə,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR