Onlayn ictimai-siyasi qəzet
Donald Trampın Rusiya əleyhinə sanksiyaları yumşaltmaqla yanacaq qiymətlərini aşağı salmaq qərarından narazı qalan konqresmenlər tədbir görüblər. Yeddi senator birgə bəyanat verərək, Trampdan ABŞ Maliyyə Nazirliyinin Rusiya dizel yanacağının ixracı üçün lisenziyasını ləğv etməsini tələb ediblər.
Musavat.com “Bakı-Xəbər”ə istinadla bildirir ki, Senatın Xarici Əlaqələr Komitəsinin saytında dərc olunan bəyanatı həm Respublikaçılar, həm də Demokratlar imzalayıb və birincisi, təəccüblüdür ki, ikincisindən çox olub.
Senatdakı bütün partiyadaxili müxalifət, o cümlədən senatorlar Lisa Murkovski, Syuzan Kollins, Con Kertis və Tom Tillis Trampın qərarına qarşı çıxış ediblər. Demokratlar arasında bəyanatı senatorlar Ron Vayden, Riçard Blumental və Cin Şahin imzalayıb. İkincisi Senatın Xarici Əlaqələr Komitəsinin sədr müavinidir. Digər imza atanlardan yalnız Kertis həmin komitənin üzvüdür.
İmza atanların təklifinə yalnız seçkilərdən sonra Konqres baxa bilər. Qanunverici orqanın hər iki palatası hazırda tətildədir. Sorğulara görə, Tramp-Putin razılaşmasına qarşı çıxan Demokratlar partiyasının təkcə Nümayəndələr Palatasında deyil, həm də Senatda qalib gəlmək şansı yüksəkdir. Dizel yanacağı müqaviləsinin ləğvini dəstəkləyənlərin arqumenti belədir: Tramp səlahiyyətlərini aşıb, çünki 2022-ci ilin aprelində qüvvəyə minmiş Rusiya neftinin idxalını qadağan edən qanun var. Qanun ovaxtkı prezident Cozef Baydenin xeyir-duası ilə qəbul edilib.
Siyasi ekspert Ramiyə Məmmədova Musavat.com-a deyib ki, aralıq seçkilərindən sonra Tramp-Putin razılaşması pozula bilər.
Onun fikrincə, seçkilərin nəticələri də olduqca vacibdir, lakin respublikaçılar qalib gəlsələr belə, Konqres bu anlaşmanı dəstəkləməyəcək: “Odur ki, tələsməyə, dərhal liderlərin razılaşmasının icra olunacağını proqnozlaşdırmağa dəyməz. Konqresin razılığı olmadan Rusiyadan dizel yanacağı alınması, sanksiyaların aprelə qədər ləğvi mümkün deyil. Nəzərə alsaq ki, respublikaçıların arasında anti-Tramp qüvvələr var, onların da bu razılaşmanın əleyhinə çıxdığı göz qabağındadır. Eyni zamanda, seçkilərdə demokratların qələbə ehtimalı var. Bu baxımdan, Trampla Putinin işbirliyinin pozulması gözləniləndir”.
![]()
Siyasi təhlilçi qeyd edib ki, əgər razılaşma qüvvəyə minərsə, yenə də müharibənin dayanmasına səbəb olmayacaq: “Bu, Trampın seçkilərdə səs qazanmaq niyyətinə hesablanıb. Eləcə də pul iştahı güclüdür. Amma təkcə dizel yanacağının satışına sanksiyanın ləğvi ilə Rusiyanın cəbhədə irəliləyiş əldə edəcəyini gözləmək sadəlövhlük olardı. Ukrayna PUA müharibəsi aparır və elə həmin dizelin, benzinin istehsal olunduğu zavodları vurur yandırır. Rusiyanın bayram etməsi üçün hələ tezdir”.
Emil Salamoğlu
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ