Onlayn ictimai-siyasi qəzet
Ermənistan hakimiyyəti son aylarda Avropa bazarına çıxışı ölkənin ixrac imkanlarının genişlənməsi kimi təqdim etsə də, erməni siyasi analitik Arman Qukasyan hesab edir ki, reallıq bunun əksini göstərir. Onun fikrincə, Baş nazir Nikol Paşinyanın iyulun sonunda Rusiya Prezidenti Vladimir Putinə telefon zəngi etməsi İrəvanın hələ də Rusiya bazarından ciddi şəkildə asılı olduğunu nümayiş etdirib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qukasyan bu barədə Strateji Mədəniyyət Fondu üçün yazdığı məqalədə bildirib.
Müəllif qeyd edir ki, son iki ay ərzində Ermənistan və Rusiya arasında ticarət münasibətlərində yaranmış böhran Paşinyanı birbaşa Kremlə müraciət etməyə məcbur edib. Ermənistan hökumətinin yaydığı məlumata görə, Paşinyan telefon danışığında Rusiya tərəfindən erməni məhsullarının idxalına tətbiq olunan məhdudiyyətlərin həm ikitərəfli müqavilələrə, həm də Avrasiya İqtisadi İttifaqının normalarına zidd olduğunu bildirib və problemlərin aradan qaldırılması üçün Putindən kömək istəyib.
Qukasyanın sözlərinə görə, Kremlin yaydığı rəsmi məlumatda isə məhdudiyyətlərin aradan qaldırılacağına dair heç bir vəd yer almayıb. Əvəzində Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük məsələsinin referendum yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Müəllif hesab edir ki, bununla iqtisadi mübahisə daha geniş siyasi kontekstlə – Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında qalmaq, həm də Avropa İttifaqına yaxınlaşmaq siyasəti ilə əlaqələndirilib.
Məqalədə qeyd olunur ki, Rusiya may ayından etibarən Ermənistanın çiçək, tərəvəz, giləmeyvə, mineral su, balıq, spirtli içkilər və digər məhsullarına mərhələli şəkildə müxtəlif fitosanitar və baytarlıq məhdudiyyətləri tətbiq edib. Rusiya tərəfi bunu sanitar və karantin qaydalarının pozulması ilə izah etsə də, müəllif bu addımların Ermənistan-Rusiya münasibətlərində yaranmış siyasi gərginlik fonunda baş verməsinin diqqət çəkdiyini vurğulayır.
Qukasyanın fikrincə, Ermənistanın əsas problemi ixrac strukturundadır. O yazır ki, uzun illər ərzində Rusiya Ermənistan kənd təsərrüfatı məhsullarının əsas bazarı olub. Müəllif müxtəlif araşdırmalara istinad edərək bildirir ki, 2025-ci ildə Ermənistanın tərəvəz ixracının təxminən 98 faizi, meyvə və qoz-fındıq ixracının isə 90 faizi Rusiyanın payına düşüb. Bu məhsulların ümumi dəyəri 142 milyon dollardan çox qiymətləndirilib.
Ekspert hesab edir ki, belə vəziyyətdə məhsulları qısa müddətdə başqa bazarlara yönəltmək mümkün deyil. Bunun üçün yeni alıcılar, logistika, sertifikatlaşdırma, qablaşdırma və qiymət baxımından rəqabət qabiliyyəti lazımdır.
Müəllif xüsusilə balıqçılıq sahəsində yaranmış vəziyyətə diqqət çəkir. Onun sözlərinə görə, 2025-ci ildə Ermənistan Rusiyaya təxminən 9 min ton balıq ixrac edib. Məhdudiyyətlərdən sonra isə yalnız iki müəssisənin ixracına icazə verilib. Bu səbəbdən Ermənistanda minlərlə ton diri balığın satılmadan təsərrüfatlarda qaldığı bildirilir.
Müəllif Ermənistan Mərkəzi Bankının xəbərdarlığını da xatırladır. Onun sözlərinə görə, Rusiyaya ixrac olunan məhsullar Ermənistanın ÜDM-nin təxminən 6 faizinə bərabərdir. Məhdudiyyətlər altında qalan məhsullar isə bunun təxminən üçdəbirini təşkil edir. Buna görə də, əgər vəziyyət uzun müddət davam etsə və yeni bazarlar tapılmasa, Ermənistan iqtisadiyyatı üçün itkilər ÜDM-in 2 faizinə qədər çata bilər.
Qukasyan yekunda belə nəticəyə gəlir ki, Avropa bazarına çıxış haqqında siyasi bəyanatlar vermək asandır, lakin Rusiya bazarını qısa müddətdə əvəz etmək mümkün deyil. Onun fikrincə, Ermənistan ixracı şaxələndirməlidir, lakin bunu əsas satış bazarını itirmədən həyata keçirməsi daha real yanaşma olardı.
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ