İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan nefti yenidən 92 dolları keçdi – Bazar bir həftədə niyə belə silkələndi?

Azərbaycan nefti son günlər dünya bazarında kəskin qiymət dəyişiklikləri ilə diqqət çəkir. Cəmi bir neçə gün ərzində 97 dollardan 91 dollara enən “Azeri Light” yenidən bahalaşmağa başlayıb.

Musavat.com xəbər verir ki, avqustun 28-də “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 80 sent və ya 0,87 faiz artaraq 92,31 dollara çatıb. Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə satılan Azərbaycan neftinin qiyməti isə 89 dollar olub. “Brent” neftinin oktyabr fyuçersləri 89,22 dollar ətrafında ticarət edilib. Beləliklə, “Azeri Light” hazırda “Brent”dən təxminən 3 dollar baha satılır.

Lakin bugünkü bahalaşma bazardakı ümumi mənzərəni tam dəyişməyib. Azərbaycan nefti avqustun 22-də 97,12 dollara qədər yüksəlmişdi. Sonrakı günlərdə isə ardıcıl ucuzlaşaraq avqustun 26-da 91,93 dollara, avqustun 27-də 91,51 dollara düşmüşdü.

Başqa sözlə, “Azeri Light” altı gün ərzində 5,61 dollar itirib, son sessiyada isə bunun cəmi 80 sentini geri qaytara bilib. Hazırkı qiymət avqustun 22-dəki səviyyədən 4,81 dollar və ya təxminən 5 faiz aşağıdır.

Neft bazarını silkələyən əsas məsələ Hörmüz boğazının taleyidir. İranla Oman arasında boğazın yenidən tam şəkildə açılması, müvəqqəti gəmiçilik dəhlizinin yaradılması və neft tankerlərinin təhlükəsiz hərəkəti ilə bağlı aparılan müzakirələr bazarda müəyyən nikbinlik yaradıb. Treyderlər boğazın açılması ehtimalını gördükcə neftin qiymətinə əlavə edilmiş “müharibə haqqı”nı aşağı salmağa başlayıblar.

Lakin təhlükə tam sovuşmayıb. ABŞ-İran danışıqlarının faktiki olaraq dayanması, Vaşinqtonun Tehrana qarşı yeni sanksiyaları və İran ətrafındakı hərbi-siyasi gərginlik qiymətlərin kəskin enməsinə mane olur. Rusiya-Ukrayna müharibəsinin yenidən ağırlaşması və enerji obyektlərinə hücum təhlükəsi də bazarı daim təzyiq altında saxlayır. Buna görə neft bir xəbərlə 2–3 dollar bahalaşa, digər diplomatik açıqlama ilə eyni sürətlə ucuzlaşa bilir. “Brent” həftə ərzində 5 faizdən çox dəyər itirsə də, geosiyasi risklər qiyməti hələ də yüksək səviyyədə saxlayır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

28 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR