Onlayn ictimai-siyasi qəzet
Ermənistanda parlament seçkilərinin keçirilməsinə faktiki olaraq, 1 aydan az zaman qalıb. Bu periodda region dövlətləri, xüsusilə Azərbaycan qonşu dövlətdə baş verənləri diqqətlə izləyir. Sülhün taleyi bu seçkilərin nəticələrindən asılı olduğu üçün proseslər və müxtəlif siyasi dairələr tərəfindən verilən açıqlamalar diqqət mərkəzindədir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bunu seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər. Nazir vurğulayıb ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından əhəmiyyət daşıyır: “Azərbaycan regionda lider dövlət kimi milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək. Azərbaycan dövləti prosesləri diqqətlə izləyir və siyasətini, ilk növbədə, Azərbaycanın milli maraqları əsasında qurur”.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Azərbaycan sülh prosesinə sadiqdir. O, diqqətə çatdırıb ki, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşması prosesinin nəhayət məntiqi yekuna çatmasında maraqlıdır: “Sülh prosesi bir tərəfin istəyi ilə yekunlaşa bilməz. Paşinyan hökuməti ilə sülh prosesini irəli apara bilirik. Xüsusilə, Vaşinqton sammitindən sonra müsbət dinamika müşahidə olunur. Sülh müqaviləsinin paraflanması ilə yanaşı, sülh prosesinin digər istiqamətlərində də ciddi irəliləyişlər müşahidə olunur. Sülh müqaviləsinin imzalanmasına mane olan yeganə məsələ Ermənistan Konstitusiyasıdır. Ümid edirik ki, parlament seçkilərindən sonra referendum keçiriləcək və Ermənistan cəmiyyətinin istəyi ilə yeni Konstitusiya qəbul ediləcək. Paşinyan hökuməti seçkilərdə məğlub olarsa, hakimiyyətə revanşist qüvvələr gələrsə, proseslər fərqli istiqamətdə gedə bilər. Azərbaycan bütün ssenarilərə hazırdır-həm siyasi-diplomatik müstəvidə, həm də hərbi nöqteyi-nəzərdən. Əgər nəzəri olaraq, revanşist qüvvələrin hakimiyyətə gəlməsini, Azərbaycana qarşı yeni iddialar irəli sürdükləri ehtimalı nəzərdən keçirsək, belə olan halda iki ölkə arasında normallaşma prosesi dayanacaq və hərbi-siyasi eskalasiya riski artacaq. Azərbaycan lazım olacağı təqdirdə sərt, adekvat cavab verəcək”.
M.Məmmədli diqqətə çatdırıb ki, Azərbaycan bir çox baxımdan Ermənistandan irəlidədir:
“Həm siyasi, həm iqtisadi və s. cəhətdən Ermənistandan üstünlüklərimiz çoxdur. Xüsusi olaraq, hərbi gücümüzü vurğulamaq lazımdır. Hətta revanşistlər hakimiyyətə gəlsə belə, onların hər hansı qeyri-rasional addımı Azərbaycan tərəfindən sərt cavablandırılacaq. Ermənistan növbəti dəfə, hətta daha ağır, siyasi, hərbi nəticələrlə qarşı-qarşıya qala bilər. Dövlətimiz də, cəmiyyətimiz də bütün variantlara hazırdır. Biz dayanıqlı sülhün formalaşmasında maraqlıyıq. Bu istiqamətdə prinsipial siyasət aparılır. Hesab edirəm ki, Ermənistan cəmiyyəti də düşünməlidir. Onlara yeni müharibə lazımdırmı? İstənilən halda, seçim erməni xalqınındır. Azərbaycan isə seçkinin nəticələrinə uyğun yanaşmasını müəyyən edəcək”.
Nigar Həsənli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ