İnsanlara hürriyət, millətlərə istiqlal!

Ay yolu: Yaxın Şərqdə iki seçki...

Ola bilsin, haqlı deyiləm. Amma hərdən mənə elə gəlir ki, prezident Trampın siyasi manerasında - davranışında “rəhmətlik” Jirinovskidən nəsə var. Onun pan-amerikanizmi Vladimir Volfoviçin fövqəlrus dövlətçiliyindən və hətta şovinizmindən elə də fərqlənmir – bir də görürsən Qrenlandiyaya əl uzadır, ya Kanadanı ABŞ-ın adi ştatı etmək istəyir, yaxud da Çinin və başqa dövlətlərin ərtafına “çəpər” çəkmək istəyir ki, onların inkişafını məhdudlaşdırsın və nəzarətə götürsün.

İkincisi, bu adamda emosiya daha çoxdur, nəinki ağıl: o, əvvəl bir şeyi bəyan edir, bir müddət, bir həftə keçəndən sonrasa bunun əksini deyir...

Bu günlərdə məhz belə oldu. Tramp əvvəl dedi ki, bilmir İranla müharibə nə vaxt qurtaracaq, amma onu özündən sonrakı prezidentə saxlamaq istəmir. Bir qədər, təxminən bir həftə keçəndən sonra isə bəyan etdi ki, İranla müharibə seçkidən sonra qurtaracaq, hətta respublikaçılar seçkini uduzsa belə bunun prosesə təsiri olmayacaq, çünki qəzəblənmiş respublikaçılar bir az da israrlı və qəzəbli olacaqlar.

ABŞ-da seçkilərə bir aydan bir az artıq vaxt qalıb, Konqresə seçkilər noyabrın 3-də olacaq. Müharibənin gedişini proqnozlaşdırmaq üçünsə bir suala cavab vermək lazımdır: İranla müharibə nə qədər “amerikalaşıbdır”? ABŞ özünün müharibisəni aparır, yoxsa öz müttəfiqinin-İsrailin regional problemlərini həll edir? Sonuncu necə deyər, elə-belə faktor deyil. Tramp hətta hərdən özü işarə edir ki, o, Təl-Əvivin təzyiqini hiss edir. Amma müharibə indi daha çox Hörmüz boğazında cəmləşib, hərçənd, Vernesueladan sonra Tramp özü bəyan etdi ki, onlar daha Yaxın Şərq neftindən asılı deyillər. Deməli, ABŞ bununla məhdudlaşmaq istəmir, onlar dünyanın bütün neft hövzələrini nəzarətə götürmək istəyirlər. Ona görə ABŞ regionda öz müharibəsini də aparır, onlara daha çox sərbəstlik lazımdır ki, ön cərgəyə öz maraqlarını qoya bilsinlər.

İsrailə gəldikdə, “Vəd olunmuş torpaqlar” da növbəti seçkilərin ərəfəsindədir. Orada parlament seçkiləri bir həftə əvvəl, oktyabrın 27-də keçiriləcək. Seçkilərin nəticəsi həm də ondan asılı olacaq ki, Ağ Ev kimi dəstəkləyəcək, əks halda özünün ABŞ-a son səfərində B.Netanyahu Trampı əmin etməzdi ki, özünü “ağıllı oğlan” kimi aparacaq və okeanının o biri tərəfindəki dostunun və müttəfiqinin təlimatları əsasında hərəkət edəcək.

Bu seçkilər Netanyahu üçün təkcə ümummilli aspektdən maraq kəsb etmir, hərçənd, bu element də var: hazırda İsrail baş naziri Qəzza sektoru, Fələstin dövlətçiliyi və İran müharibəsi məsələsində çox radikal mövqedədir. Amma onun öz problemləri də var, o cümlədən də məxsusi-hüquqi. Birincisi, Beynəlxalq Cinayət Məhkəməsi onu hərbi cani elan edib. Düzdür, sonuncunun yurisdiksiyasını İsrail hələ qəbul etməyib, ona görə də heç kim onu beynəlxalq məhkəməyə təhvil verməyəcək, amma bütün hallarda, xüsusən seçkini udmayacağı təqdirdə onun həyat tərzi xeyli məhdudlaşacaq. Amma Bibinin problemləri təkcə bununla bitmir. Daxili məhkəmələr də onun üçün az problem yaratmır. Məhz buna görə prezident Tramp öz İsrail həmkarından iki dəfə xahiş etmişdi ki, baş nazirə qarşı hüquqi təqiblərə son qoysun.

Ona görə də bu üç tərəfli müharibə iki seçkinin nəticələrindən asılı ola bilər. Ay yolu (M.Bulqakov, “Master və Marqarita”) Yaxın Şərq üçün okeanın ayırdığı iki dost-müttəfiq ölkələrdəki seçkilərin nəticəsindən də asılı olacaq. Amma problem tək bundan ibarət deyil. İranın teokratik rejimi ona nə lazım olduğunu daha yaxşı bilir, nəinki Tramp və yaxud da İsrail. Sonuncu bir neçə dəfə bəyan edib ki, nə qədər ki, İranda indiki rejim qalacaq, onlarçün də, regionçün də problem azalmayacaq. Amma hiss olunur ki, bu, Trampı elə də təsirləndirmir. O, indi sanki daha çox Hörmüz uğrunda müharibə aparır ki, gələcəkdə İran neftini, müxtəlif ölkələrə neft axınlarını, xüsusən Çinə gedən nefti nəzarətə götürə bilsin. Onu İran rejimi bir problem kimi az maraqlandırır, o, hətta başına çalma qoyub onlarla bir stolun arxasında oturmağa hazırdır ki, İranı və Hörmüz boğazını onlarla birlikdə idarə etsin...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR