İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qurbağa gölünə daş düşdü”: “Çevik”in həbsi, Prezidentin mesajı və susan radikallar

Son günlər sosial şəbəkələrdə dini dəyərlərin təhqir edilməsi, inanclı insanların aşağılanması, özünü “ateist” adlandıran bəzi şəxslərin apardığı aqressiv kampaniya yenidən ciddi ictimai müzakirə mövzusuna çevrilib. “Çevik” kimi tanınan sosial şəbəkə istifadəçisinin həbsindən sonra bu dairələrin nəzərəçarpacaq dərəcədə susması, Prezident İlham Əliyevin Azərbaycanda keçirilən beynəlxalq dini tədbirlərin iştirakçıları ilə görüşündə İslam dini, islamofobiya və mənəvi dəyərlər haqqında səsləndirdiyi qəti fikirlər məsələyə yeni məzmun qazandırıb.

Musavat.com şair-publisist Arzu Əsədin mövzu ilə bağlı qələmə aldığı müəllif yazısını təqdim edir.

WhatsApp Image 2026-09-16 at 10.49.52.jpeg (116 KB)

Elə bil qurbağa gölünə daş atıblar. Qulaqlarımız, gözlərimiz dincəlməyə başlayıb.

Özlərini “ateist” adlandıraraq hər gün sosial şəbəkələrdə bu millətin dinini söyən, insanların inancını aşağılayan, təhqir edən ünsürlər, tör-töküntülər çəkildilər qınlarına. Toz oldular, buxarlandılar, uçub getdilər.

Hərdən oradan-buradan bir-iki zəif səs eşidilir. O da çıxmalıdır. Tamamilə susmaq onlar üçün yaxşı deyil. Adamlar neçə ildir həyatlarını sərf edib özlərinə “allahsız” imici yaradıblar. Sifarişçilərini bu qədər də narazı sala bilməzlər…

“Çevik 1”in həbsi göstərdi ki, bu dövlət öz müqəddəs torpağında da, virtual məkanında da “Çevik 2”lərə, “Çevik 3”lərə meydan vermək fikrində deyil.

Ölkə Prezidenti də dünən aydın və səlis nitqlə bəyan etdi ki, Azərbaycan xalqının dini İslamdır. Bu ölkədə mövcud qanunlara əsasən islamofobiyaya, İslama qarşı düşmənçiliyə, İslam dininin, eləcə də digər dinlərin təhqirinə və aşağılanmasına əsla yol verilməyəcək.

Bu mövqenin mahiyyəti yalnız dini inancların müdafiəsindən ibarət deyil. Prezidentin çıxışı Azərbaycandakı dini təşkilatların, ziyalıların və intellektualların qarşısına ciddi məsuliyyət qoyur: ölkədə dini maarifləndirmə işi genişləndirilməli, din adı altında cəhalətin və xurafatın yayılmasına imkan verilməməlidir.

Xarici ölkələrdən idarə olunan dini təsir mərkəzlərinin ideoloji müdaxiləsinin qarşısı alınmalıdır. Vətəndaşlarımızın müxtəlif məzhəb adları altında radikallaşdırılmasına, qarşıdurmaya sürüklənməsinə xidmət edən təxribatlara qarşı düşüncə meydanı boş buraxılmamalıdır.

Çünki boş qalan meydanı ya xurafat, ya radikalizm, ya da aqressiv dinsizlik tutur.

İfrat bütün hallarda pisdir - istər ateizm adı altında meydana çıxsın, istərsə də din pərdəsinə bürünsün. Hər ikisinin kəsilib atılmalı tərəfləri kəsilib atılmalı, insanlığa, idraka və mənəviyyata fayda verən cəhətləri isə şəxsiyyətimizin və cəmiyyətimizin inkişafına xidmət etməlidir.

Bunun üçün sosial şəbəkələrdə hər iki cəbhənin radikal ünsürləri rədd edilməli və qınanmalıdır. Onların təxribatlarına vaxtında və əsaslandırılmış cavab verilməli, radikal çıxışlar təşviq edilməməlidir.

Cəmiyyətimizdə intellektin, ədəb-ərkanın və qarşılıqlı sayğının hökm sürdüyü mübahisə, müzakirə və dialoq mühiti formalaşdırılmalıdır. Qanunlarla açıq şəkildə müəyyən edilən düşüncə və ifadə azadlığı ilə vicdan azadlığı arasındakı sərhədlər ictimai şüurumuzun, davranışımızın və mənəviyyatımızın sərhədləri ilə üst-üstə düşməlidir.

İfadə azadlığı heç kəsə başqa insanların inancını təhqir etmək hüququ vermir. Vicdan azadlığı da heç kəsə öz dini düşüncəsini zorla başqasına qəbul etdirmək imkanı tanımır. Dünyəvilik dinə düşmənçilik, dindarlıq isə dünyəvi dövlətə meydan oxumaq deyil.

Azərbaycan xalqı öz intellekti, iradəsi və tarixi təcrübəsi ilə həm bizi əhatə edən müsəlman dövlətləri, həm də bütün dünya üçün dinlə dünyəviliyin qarşılıqlı əlaqə və harmoniyasını yarada biləcək sekulyar dövlət nümunəsini tarix səhnəsinə çıxarmaq qüdrətindədir.

Bu nümunənin əsas dayaqları isə sağlam düşüncə, mötədillik, qarşılıqlı hörmət, qanunun aliliyi və milli-mənəvi dəyərlərə sahib çıxmaqdır.

Arzu Əsəd,
Şair-publisist

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

12 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR