Onlayn ictimai-siyasi qəzet
Elektron siqaret və veyp istifadə edən yeniyetmə və gənclər arasında saçların erkən ağarması halları kəskin artıb.
Musavat.com xəbər verir ki, "Baza" kanalının məlumatına görə, son bir ildə bu problemlə bağlı mütəxəssislərə müraciət edənlərin sayı 36% çoxalaraq narahatlıq doğuran səviyyəyə çatıb.
Dermatoloq İrina Ovçinnikovanın sözlərinə görə, aparılan araşdırmalar tütündən və elektron vasitələrdən istifadə ilə erkən saça dən düşməsi arasında birbaşa statistik əlaqə olduğunu göstərir.
Son zamanlar özəl klinikalara müraciət edən 15-21 yaş arası xəstələrin sayında təxminən üçdə bir qədər artım qeydə alınıb.
Həkimlər bu mənfi meyilliliyi məhz elektron siqaret aludəçiliyi ilə əlaqələndirirlər.
Saçların ağarmasına səbəb olan əsas amillər sırasında damarların daralması, melanin hüceyrələrinin zədələnməsi və bu prosesin geri dönməz xarakter daşıması göstərilir.
Nikotin qan damarlarını sıxaraq saç folikullarının qidalanmasını zəiflədir, tərkibdəki toksik maddələr isə saçın təbii rəngini təmin edən melanin piqmentinin hasilatına cavabdeh hüceyrələri məhv edir. Piqment itirildikdən sonra saçın əvvəlki rəngini bərpa etmək praktiki olaraq mümkünsüzləşir.
Mütəxəssislər xatırladırlar ki, elektron siqaretlərlə yanaşı irsi amillər, dəmir və B12 vitamini çatışmazlığı, qalxanvari vəzi xəstəlikləri, xroniki stres və autoimmun pozuntular da saçların erkən ağarmasına təsir edən faktordur.
Musavat.com
17 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ