Onlayn ictimai-siyasi qəzet
Pan-Afrika Parlamentinin sədri Fətih Butbiqin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Pan-Afrika Parlamentinin sədrinin Bakıya səfəri Azərbaycan–Afrika münasibətlərinin inkişafı baxımından diqqət çəkir. Son illərdə Bakı Afrika qitəsinin müxtəlif ölkələri ilə siyasi, iqtisadi və parlamentlərarası əlaqələri genişləndirir. Bu istiqamətdə qarşılıqlı səfərlər və beynəlxalq platformalarda əməkdaşlıq da artır.
Azərbaycanın Afrika ilə əməkdaşlığında enerji, nəqliyyat, kənd təsərrüfatı, investisiya, təhsil və humanitar əlaqələr xüsusi əhəmiyyət daşıyır. Bakı həmçinin Afrika ölkələri ilə qarşılıqlı dəstək mexanizmlərinin gücləndirilməsində maraqlıdır.
Afrika ölkələri üçün isə Azərbaycan enerji və nəqliyyat imkanları ilə yanaşı, Avropa ilə Asiya arasında yerləşən mühüm tranzit ölkə kimi maraq doğura bilər. Xüsusilə Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın nəqliyyat-logistika potensialının Afrika ilə iqtisadi əlaqələrə yeni imkanlar yaratması mümkündür.
Pan-Afrika Parlamentinin nümayəndə heyətinin səfəri həm də parlament diplomatiyasının imkanlarını gündəmə gətirir. Belə təmaslar siyasi dialoqun genişlənməsi ilə yanaşı, biznes, təhsil və humanitar sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına şərait yarada bilər.
Bəs Azərbaycanın Afrika qitəsi ilə yaxınlaşmasının əsas səbəbləri nələrdir? Bakı “Qara qitə”də hansı imkanları görür və bu əməkdaşlıq gələcəkdə hansı istiqamətlərdə genişlənə bilər?
Politoloq Azad Məsiyev Musavat.com-a bildirib ki, Afrika böyük istehlak bazarı, təbii ehtiyatlar və sürətlə inkişaf edən infrastruktura ehtiyacı ilə Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır: “Azərbaycan özünü Afrika ilə Avrasiya arasında enerji, nəqliyyat, investisiya və texnologiya əlaqələrinin mümkün tərəfdaşı kimi təqdim etməyə çalışır. Bunun üçün Azərbaycanın enerji təcrübəsi, Qoşulmama Hərəkatındakı diplomatik əlaqələri, Şərq-Qərb nəqliyyat mövqeyi və COP29-dan sonra formalaşmış iqlim diplomatiyası bir-birini tamamlayan alətlərdir: “2026-cı ildə Azərbaycan artıq ayrı-ayrı Afrika ölkələri ilə iqtisadi-ticarət komissiyaları və siyasi məsləhətləşmələr mexanizmlərini genişləndirib və proses davam edir. Məsələn, Əlcəzairlə yaradılan birgə komissiyaya energetika, iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, ekologiya, elm və təhsil, SOCAR və Ələt Azad İqtisadi Zonası kimi qurumların daxil edilməsi əməkdaşlığın yalnız diplomatik deyil, praktiki-iqtisadi xarakter aldığını göstərir. Afrika Azərbaycan üçün həm yeni bazar, həm yeni investisiya məkanı, həm də çoxtərəfli diplomatiyada əlavə tərəfdaşlıq platformasıdır. Ən real genişlənmə isə enerji, kənd təsərrüfatı, logistika, rəqəmsal xidmətlər, təhsil sahəsində mümkündür”.
Ekspertin sözlərinə görə, Bakı üçün siyasi faktor da əhəmiyyətlidir: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Afrika ölkələri ilə siyasi əlaqələrin intensivləşməsi bunun üçün baza yaradıb. Məsələn, Konqo ilə əlaqələrin məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə daha da intensivləşdiyi rəsmi şəkildə qeyd olunur. Afrika Azərbaycanın çoxtərəfli diplomatiyası baxımından da əhəmiyyətli qitədir”.
Etibar Seyidağa,
Musavat.com
17 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ