İnsanlara hürriyət, millətlərə istiqlal!

Rus sektoru ilə bağlı yenilik – Bundan sonra…

"Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq". 

Bu sözləri sentyabrın 14-də elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhərinin ümumi təhsil  müəssisələrinin rəhbərləri ilə görüşür - AZƏRTAC

Nazir bildirib ki, birinci sinifdən 9-cu sinfədək sözügedən məktəblərdə Azərbaycan dili fənni üzrə həftəlik dərs saatlarının sayı 3 saatdan 4 saata çatdırılacaq. Onun sözlərinə görə, məqsəd həmin məktəblərdə şagirdlərin anlama, danışma, oxu və yazı bacarıqlarını artırmaqdır.

Qeyd edək ki, rus bölmələrində tarix və ədəbiyyat ana dilində keçirilir. Nazirin sözlərindən məlum olur ki, Azərbaycan dili fənni üzrə həftəlik dərs saatları artırılacaq. Düzdür, 1 saat artırılacaq, amma rus sektorunda oxuyanlar üçün yenilikdir.

Bəs rus dilində təhsil alanlar üçün ana dilində dərsin 1 saat artırılması nəyi dəyişəcək? Bu gedişlə rus bölmələrinin əhəmiyyətini itirməkdə olduğunu deyə bilərikmi?

Təhsil eksperti Elçin Əfəndi Musavat.com-a deyib ki, rus bölməsində təhsil göstəriciləri Azərbaycan bölməsi ilə müqayisədə kifayət qədər aşağı düşüb: “Bu vəziyyət bir neçə əsas amillə bağlıdır. Birincisi, azərbaycanlı ailələrin bir çoxu rus dilini bilmədiyi halda övladlarının bu bölmədə təhsil almasında maraqlı olurlar. Nəticədə valideynlər tədris prosesində ev tapşırıqlarının izahı və həllində övladlarına kömək edə bilmirlər. Bu da əlavə repetitor tutmaq zərurəti yaradır ki, rus bölməsi üçün ixtisaslı müəllim tapmaq da kifayət qədər çətindir. Beləliklə, şagirdin nəticələri arzulanan səviyyədə inkişaf etmir və təhsil göstəriciləri aşağı düşür”.

Elçin Əfəndi: “Təhsil müəssisələrində praktik biliklərin öyrədilməsi  vacibdir”

Ekspert bildirib ki, ikinci təsiredici amil rus bölməsindəki şagird sıxlığıdır: “Məhdud sayda rus bölməsinin olması səbəbindən siniflərdə və auditoriyalarda şagird sayı bəzən 40-dan çox olur ki, bu da təlimin keyfiyyətinə mənfi təsir edir. Dövlət olaraq Azərbaycan vətəndaşlarının öz doğma dillərində keyfiyyətli təhsil almalarında maraqlıyıq. Bütün bu amillər nəzərə alınaraq Azərbaycan tarixi, tarixi coğrafiya və ədəbiyyat fənlərinin Azərbaycan dilində tədris olunması, eləcə də Azərbaycan dili dərsinin həftəlik saatının artırılması vacib addımdır. Bu dəyişikliklər rus bölməsində oxuyan vətəndaşlarımızın doğma dildə sərbəst danışmalarına və gələcəkdə ali təhsillərini rahat davam etdirmələrinə imkan yaradacaq”.

Ekspert qeyd edib ki, bəzi universitetlərdə akademik göstəricilərin aşağı olması və kadr çatışmazlığı səbəbindən rus bölmələrinə qəbul dayandırılıb, təhsil yalnız Azərbaycan dilində təşkil olunur: “Bu baxımdan, məktəb dövründə Azərbaycan dili dərs saatlarının artırılması təməl prinsip kimi xüsusi əhəmiyyət kəsb edir. Qaldı ki rus bölməsinin əhəmiyyətini itirməsinə, bu bölmə əvvəlki illərlə müqayisədə mövqeyini zəiflədib. Həm təhsil göstəricilərinin aşağı olması, həm də kadr çatışmazlığı bu prosesi sürətləndirir. İndi xarici dil öyrənmək üçün mütləq rus bölməsində oxumaq tələb olunmur, müvafiq hazırlıq kursları vasitəsilə də dilə yiyələnmək mümkündür”.

Rus sektoru” bağlansınmı...

Məlumat üçün bildirək ki, rus dilində təhsil alanların sayı 2018-ci ildə 90 min, 2019-cu ildə 120 min, 2023-cü ildə isə 160 min nəfərə çatıb. 2025-ci ilin noyabrında ölkədə 1 milyon 682 min 480 şagirdin 157 mininin rus bölməsində oxuduğu açıqlanıb. Yəni rus bölməsinin payı təxminən 9,3 faizdir. Bununla belə, Dövlət İmtahan Mərkəzinin 2025-ci il üzrə statistik nəşrində rus bölməsindən ali məktəblərə qəbul üçün ərizə verənlərin sayı 11 739 nəfər göstərilir. 2026-cı ildə isə bu göstərici 12 718 nəfərə yüksəlib. Yəni bir il ərzində rus bölməsindən ali məktəbə qəbul üçün müraciət edənlərin sayı 979 nəfər və ya təxminən 8,3 faiz artıb. Rus bölməsinə marağın ali təhsil səviyyəsində də azalmadığı görünür. DİM-in məlumatına görə, 2025-ci ildə ali məktəblərə qəbul üçün rus bölməsindən 11 739 abituriyent ərizə verib. 2026-cı ildə isə bu rəqəm 12 718 nəfərə çatıb. Beləliklə, bir il ərzində rus bölməsindən müraciət edənlərin sayı 979 nəfər və ya 8,3 faiz artıb.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2026

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR