Onlayn ictimai-siyasi qəzet
"Politico" nəşri Avropa İttifaqının (Aİ) idarəetmə kuluarlarını sarsıdan mühüm məlumat yayıb.
Musavat.com xəbər verir ki, nəşrin yüksək rütbəli mənbələrə istinadən verdiyi xəbərə görə, Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen 2029-cu ildə keçiriləcək seçkilərdə üçüncü müddətə öz namizədliyini irəli sürməyəcək və ali vəzifəsindən ayrılacaq.
Məlumata görə, Ursula fon der Lyayenin "sağ əli" hesab olunan kabinet rəhbəri Born Zaybert yüksək vəzifəli rəsmilərlə keçirilən qapalı və şəxsi şam yeməyi zamanı bəyan edib ki, Avropa Komissiyasının sədri səlahiyyətlərinin daha bir müddətə uzadılmasına çalışmayacaq. Mənbələr qeyd edir ki, belə bir bəyanatın vaxtından əvvəl verilməsi təsadüfi deyil; məqsəd Avropa Komissiyasının departamentlərində aparılması planlaşdırılan struktur islahatları fonunda hakimiyyətin fon der Lyayenin əlində mərkəzləşdirilməsi ilə bağlı digər Aİ rəsmilərinin artan narahatlıqlarını və qorxularını dərhal aradan qaldırmaq olub.
Mətbuatda yayılan xəbərlərdə o da vurğulanır ki, Avropa Komissiyasının rəhbəri hazırda Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın rəhbərlik etdiyi Avropa Xarici Fəaliyyət Xidmətində müzakirə olunan genişmiqyaslı islahatların əsas təşəbbüskarı olub. Bu islahat cəhdləri isə Brüsseldə daxili güc balansı ətrafında ciddi intriqalara yol açmışdı. Fon der Lyayenin 2029-cu ildə postunu tərk edəcəyinin açıqlanması, Aİ daxilindəki siyasi gərginliyi azaltmağa yönəlmiş strateji bir gediş kimi qiymətləndirilir.
Musavat.com
12 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ