İnsanlara hürriyət, millətlərə istiqlal!

“Valideynlər məktəbin qaydalarına əməl etməlidir” – deputat

“Vahid formanın məqsədi sadədir. Sinifdə uşaqlar arasında fərq görünməsin, hər şagird bərabər olsun. Qayda hamıya eyni tətbiq olunur. Məsələ dinə münasibət deyil, məktəbin neytral təhsil məkanı olmasıdır”. 

Bu sözləri Musavat.com-a deputat Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, dini inancı hər kəs məktəbdən kənarda, ailədə və məbəddə sərbəst yaşayır: “Məsələnin həllində hər kəs öz töhfəsini verməlidir. Valideynlər məktəbin qaydalarına əməl etməli və övladlarına bu qaydaların mahiyyətini izah etməlidir. Müəllimlər öz nümunəsi ilə şagirdlərə yol göstərməlidir. Məktəb rəhbərliyi isə qaydaları izah edərək, hamıya eyni şəkildə tətbiq etməlidir. Cəmiyyət də sosial şəbəkələrdə yayılan şayiələrə inanmamalı, məlumatı rəsmi mənbələrdən götürməlidir”.

Deputatın fikrincə, məktəbdə vahid qayda yalnız nizam-intizam məsələsi deyil, bu, təhsilli, birlik və həmrəylik ruhunda böyüyən, ideoloji təxribatlara qarşı güclü immuniteti olan nəsil yetişdirməyin bir yoludur.

Qeyd edək ki, məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında yaranan mübahisələr uşaqların ideoloji təsirlərdən qorunması mövzusunu gündəmə gətirib. Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ətrafında müzakirələr, bəzi məktəblərdə baş verən gərginliklər və etiraz görüntüləri dövlətin təhsil siyasəti ilə bağlı sualları aktuallaşdırıb.

Ekspertlərə görə, məktəbli geyimi ilə bağlı qaydaların tətbiqi baş örtüyünə ölkə üzrə ümumi qadağa kimi təqdim edilməməli, məsələ dövlət təhsil müəssisələrində müəyyən edilmiş tələblər çərçivəsində qiymətləndirilməlidir. Qeyd olunur ki, insanların gündəlik həyatda dini etiqadlarına uyğun yaşamaq hüququ ilə məktəblərdə vahid geyim qaydalarının tətbiqi fərqli məsələlərdir.
Bildirilir ki, məktəblərdə baş verən son hadisələrin xarici qüvvələr tərəfindən idarə edilməsi ilə bağlı iddialar da konkret faktlar əsasında araşdırılmalı, mümkün təxribatlara qarşı hüquqi tədbirlər görülməlidir.

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR