Onlayn ictimai-siyasi qəzet
Deputat Tahir Mirkişili Milli Məclisin plenar iclasında çıxış edib.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, son zamanlar ölkəmizə ideoloji zəmində olan hibrid hücumlar mühüm bir məsələni gündəmə gətirib:
“Bu, milli ideologiyadır, ideoloji təhlükəsizlikdir. Biz azərbaycanlı olaraq kimik, nəyə inanırıq və necə bir ölkədə yaşamaq istəyirik? YAP-ın 8-ci Qurultayında Prezident İlham Əliyev bildirib: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır””.

Tahir Mirkişili daha sonra deyib:
“1998-ci il 21 noyabrda YAP-ın yaranmasının 6-cı ildönümündə Ulu Öndər Heydər Əliyev demişdi: “Milli ideologiya nədən ibarətdir? Birincisi, dövlətçilik. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqına görə, öz ana dilinə görə milli qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin. İkincisi milli-mənəvi dəyərlərimiz. Xalqımızın milli-mənəvi dəyərlərinin ən əsası müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıb. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri xalqımızn milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir, ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir. Amma eyni zamanda, biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər. Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir. Nəhayət, bizim milli ideologiyamızın bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıb”.
Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir. Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, genişləndirmək, inkişaf etdirmək, insanlara başa salmaqdır. Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər. Məhz bu məqsədlə, hesab edirəm ki, ölkəmizdə Azərbaycançılıq İnstitutunun yaradılmasına artıq böyük ehtiyac var. Əminəm ki, belə bir institut milli ideologiyanın məzmununun zənginləşməsinə mühüm töhfə verə bilər”.
E.Paşasoy,
Musavat.com
14 Oktyabr 2026
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ