İnsanlara hürriyət, millətlərə istiqlal!

9 ay öncəki olayın qanlı sonu – Fanatiklərin Dağıstanda törətmək istədiyi qırğının tarixçəsi

Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində baş verən terror aktları birbaşa İsrail-Fələstin münaqişəsi ilə bağlıdır.

Terrorçuların əsas hədəfi yəhudi sinaqoqu və pravoslav kilsəsi olub. Hücumçular bu yolla İsrail dövlətindən və ona dəstək verən xristian ölkələrindən qisas olmaq istəyiblər.

Nəticədə öz peşə borclarını yerinə yetirən polislər, heç bir təqsiri olmayan mülki şəxslər həlak olub, muxtar respublika qaynar qazana dönüb.

Əslində belə bir hadisənin olacağı gözlənilirdi. Hələ ötən ilin oktyabrında yerli yəhudilər təhlükə hiss etmiş, dövlət orqanlarına müraciət ünvanlamış, bir qismi isə başqa yerlərə köçmək qərarı vermişdi.

Buna səbəb yerli gənc dindarların Qəzzada amansız, böyük insan tələfatı ilə müşayiət olunan müharibə aparan İsrailin hərəkətlərinə etiraz etmələri, baş nazir Netanyahunun qərarlarına görə Dağıstanın yəhudi icmasını məsul tutmaları idi.

Ötən ilin oktyabr ayında dağıstanlı gənclərin qəzəbli izdihamı Mahaçqala hava limanına soxulmuş, İsraildən təyyarə ilə gəldiyi iddia edilən yəhudiləri axtarmışdılar.

1162695_w_300.jpg (17 KB)

Onlar əvvəlcə hava limanını tərk edən sərnişinlərdən İsrail vətəndaşı olub-olmadığını yoxlamaq üçün sənədlər tələb etmişdilər. Məqsəd İsraildən gələn yəhudilər tapmaq və İsrail hərbçilərinin Qəzzaya qarşı başlatdığı müharibəyə görə onları cəzalandırmaq olub.

Aeroporta yeridilən əlavə polis bölmələrinin köməyi ilə Mahaçqalaya enən təyyarədə olan bir neçə israilli Dağıstan hava limanında təcrid olunaraq mühafizəyə götürülmüş, labüd ölümdən xilas edilmişdi.

O zaman bu insidenti dövlət televiziyası, ekspertlər və hakimiyyət orqanları tərəfindən təbliğ edilən antisemitizm dalğası ilə əlaqələndirmiş, hətta Rusiyanın xarici işlər nazirinin bir sıra antisemit xarakterli açıqlamalar verməsinin uyğun olayı tətiklədiyi iddia olunmuşdu.

Gerçəklik bundan ibarət idi ki, İsrail-Qəzza münaqişəsinə dini mənsubiyyət prizmasından yanaşan şəxslər dünyanın istənilən yerində yaşayan yəhudilərin rəsmi Təl-Əvivin yeritdiyi siyasətə görə cavab verməsini istəyirlər.

Eyni motivlə, tutaq ki, İndoneziyada müsəlmanlar tərəfindən sıxışdırılan hansısa etnik-dini azlığa görə Kanadada yaşayan iranlı mühacirləri də məsul tutmaq olar. Halbuki insanların eyni dinə, məzhəbə etiqad etməsi onları başqa ölkələrdə yaşayan dindaşlarına görə məsuliyyət daşıyıcısı etməməlidir və edə bilməz.

daqqq.jpg (82 KB)

Fəqət dini fanatiklər üçün bu kimi, heç də incə olmayan detalların, tutarlı arqumentlərin heç bir təsiri yoxdur. Onlar bilirlər ki, dünyanın harasında sinaqoq varsa, ona hücum etmək yəhudi dövlətini vurmaq, Təl-Əvivi sarsıtmaq deməkdir.

Bu, tipik terrorçu düşüncəsidir. Həmin sinaqoqda işləyən şəxslərin sövlət siyasətinə təsiri olub-olmaması, hədəfə götürülmüş insanların möminvə məsum olmasının fərqi yoxdur.

Dağıstanda yaşayan və hədəf seçilmiş yəhudilər bu bölgəyə gəlmə deyillər, aborigen xalqlardan biridirlər. Onlar hələ eramızın 5-ci əsrindən bu bölgədə yaşayırlar. Dağ yəhudiləri və aşkenazilərin təsis etdiyi Xəzər xaqanlığının paytaxtı Səməndər şəhərinin indiki Mahaçqala ərazisində mövcud olduğuna dair elmi fərziyyələr var.

Hər halda hələ, 1722-ci ildə, Rusiya imperatoru I Pyotrun vaxtında Mahaçqalada aşkenazi yəhudilərinin məskunlaşmasına rəsmi icazə verilib. Ondan sonra bu ərazidə tat-yəhudilər (dağ yəhudiləri) və aşkenazi yəhudiləri o qədər böyük olmayan icmalarda yaşayıblar. Azərbaycanın Quba rayonunda yaşayan dağ yəhudiləri də onlardandır.

Bəs Mahaçqala və Dərbənddə sinaqoqa və kilsəyə hücumda xarici qüvvələrin, beynəlxalq terror təşkilatlarının rolu ola bilərmi? Əlbəttə, ola bilər. İki ayrı-ayrı şəhərdə təxminən eyni vaxtda başlayan hücum mütəşəkkil xarakter daşıyıb. Bu, ondan xəbər verir ki, onlar bir mərkəzdən idarə olunub. Burada daxili destruktiv qüvvələrin gizli mərkəzinin rolu açıq-aşkardır.

Eyni zamanda yerli dini ekstremistlərin xarici bağlılığı çoxdan bəlli məsələdir. Onlar dolanışıqları və fəaliyyətləri üçün lazım olan maliyyə mənbəyini xarici dövlətlərdən müntəzəm şəkildə alırlar, yaratdıqları gizli təşkilatlarda ciddi inzibati iyerarxiyaya, dəmir intizama malikddirlər və hücum ərmi veriləndə qeyd-şərtsiz əmrə tabe olmalıdırlar, yaxalarınıi kənara çəkə bilməzlər.

Açıq-aydın ortadadır ki, hücumda iştirak edənləri dirigözlü ölümə göndəriblər və onlar da gediblər.

Bu ilin mart ayının 22-də “Krokus siti holl” konsert zalında baş verən dəhşətli terror aktından sonra dini ekstremistlərin daha bir terror aktı törədəcəyi barədə ehtimallar səsləndirilirdi. Hətta hücum hədəfinin bir yəhudi sinaqoqu ola biləcəyi də qeyd olunurdu.

Bu baxımdan 23 oyun terror aktı gözlənilməz deyil.

Terror aktında Dağıstanın Serqokalinski rayonunun rəhbəri Maqomed Ömərovun oğullarının, həmçinin qardaşı oğlu Osman və Adil Ömərovların iştirak etməsi isə sıradan bir şey deyil. Görün, dini fanatizm, məzhəbçilik bu insanların beynini nə dərəcədə çulğayıbsa, onlar maddi rifaha, siyasi karyeraya, biznes uğuruna bu qədər yaxın olduqları halda terrorçulağa qədəm qoyublar və bu yolda məhv edilublər.

Hazırda Dağıstanın şəhərlərinə edilən hücumlara görə məsuliyyəti heç kim üzərinə götürməyib. Yəqin ki, İŞİD kimi beynəlxalq terror təşkilatlarından biri sonda “bizim aksiyamızdır” deyəcək.

O da ola bilər ki, Rusiyanın hüquq-mühafizə orqanları, təbliğat dairələri yenə də baş verən terror aktında “Ukrayna izi” axtaracaq və “tapacaqlar”.

Araz Altaylı, Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2024

BÜTÜN XƏBƏRLƏR