İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ey könül mülkünün BALI Lənkəran” – səfər qeydləri

Mediaturların ən faydalı yanı odur ki, jurnalistlər ölkə daxilində heç vaxt getmədikləri, bəlkə də heç zaman getməyəcəkləri rayonlara, xüsusilə də onların diqqətəşayan yerlərinə səfərlər edir, təəssüratlarını, gördüklərini, düşünccələrini çəkir, yazır, yayırlar.

Lənkəranda heç vaxt olmamışdım. Dəvətlər vardı, amma reallaşdırmaq olmurdu. Nəhayət, Dövlət Turizm Agentliyinin təşkilatçılığı sayəsində güzarım ölkəmizin bu dilbər guşəsinə də düşdü.

Xəzəri bəri keçib gözəllik görənlər

Zatən, Lənkəranı uzun-uzadı vəsf etməyə gərək yoxdur. Cənub mahalının, Talış dağlarının gözəlliyi, füsunkarlığı dillər əzbəridir. Yaşıl rayonlardandır Lənkəran, üz ağardan turizm mərkəzlərindən biridir və təkcə yerli adamların, yaxın rayonların və paytaxtın sakinlərinin sevimli istirahət yeri deyil, artıq xarici turistlərin də könül qondurduğu yerdir.

lenko.jpg (131 KB)

5 ulduzlu “Lankaran sprinqs” otelinin foyesində həmin əcnəbi turistlərdən bir xeylisini gördük. Bunlar əsasən Qazaxıstan və Özbəkistandan gələnlər idi. Xüsusilə də Xəzərin o tayındakı Aktau şəhərindən olanlar çox idi. Onlar üçün Lənkərana gəlmək çətin deyil. Aktaudan Bakıya təyyarə ilə 45 dəqiqəlik məsafədir – minirlər, enirlər. Ordan da 2-3 saata Lənkərana çatırlar, gözləri meşəli dağlar, çaylı, göllü dərələr görür. Qonaqlar yerli təamlardan dadır, razı qalırlar. Bir çoxları təmiz Lənkəran çayını bir az baha qiymətinə baxmayaraq, alıb aparır, hətta sonradan buradakı tanışlarına zəng edib onlara yenidən çay göndərilməsini xahiç edirlər. Almatı şəhərindən gəlmiş bir nənə isə otelin restoranında verilən şan balının eynisini haradan tapa biləcəyini və onu qablaşdıraraq Almatıya necə aparacağını soruşurdu. Belə görünürdü ki, Lənkəran balı qadını məftun edib.

“Kəlbəcər balının üstünə Lənkəran balı aparsam...”

6eabb83e-087b-4a65-a748-0d89a5801ccd.jpeg (352 KB)

Bal demişkən, özəl arıçılıq təsərrüfatında da olduq. Burada səliqəli bir bal muzeyi düzəldiblər, məkanda arıçılığa, arı ilə terapiyaya dair bir çox bilgilərlə tanış olmaq olar. Muzeyin bir hissəsində arıçılıq məhsullarının satışı da həyata keçirilir. Necə deyərlər, həm ziyarət, həm ticarət. Jurnalist həmkarlarım “təmiz bal”ın üstünə çıxdıqlarından və heç bir qatqısının olmadığına əmin olduqlarından Siyavuş kişinin dükanından xeyli bal və digər arı məhsulları aldılar. Burada da balın kilosu 35-40 manat idi. Ancaq həm satıcılar, həm də alıcılar bal alverindən məmnun idilər, deyirdilər, təmiz və orqanik məhsulun qiyməti ucuz olmaz.

Yalnız bir qadın həmkarımız bal çeşidlərini bəyənsə də, bu nemətdən almadı, zarafatla dedi ki, qayınatam kəlbəcərlidir, eşidər ki, Kəlbəcər balının üstünə başqa bal gətirmişəm, inciyər.

Özünü musson meşəsində hiss etmək

f4cc413c-28e4-4d30-a58e-32b18d646572.jpeg (194 KB)

Talışlı kəndində bambuk plantasiyasına baş çəkdik. Bu meşəliyi sovet dövründə salıblar. Lənkəranın subtropik iqlimi, rütubətli havası, suvarma suyu sarıdan korluq çəkməməsi Cənub-Şərqi Asiya meşələrinin ən yayğın ağac növü olan bambukun bitməsi-böyüməsi üçün əlverişli olub. Bambuk təsərrüafatının rəhbəri Eynulla kişi deyir ki, əslində bambuk ot növü sayılır.

Amma bu, necə otdur ki, oduncağı dəmir kimidir, dəmirdən və digər ağaclardan qat-qat yüngüldür. Onun “taxta”sı son vaxtlar kütləvi şəkildə döşəmələrə vurulan laminatın materialına oxşayır. Bambuk tikinti üçün əlverişli materialdır, hər işə yarayır. Ondan elə mebellər (kreslo, divan, stul-stol) düzəldirlər ki, həm möhkəmliyi təqdir olunur, həm də estetik görünüşü göz oxşayır. Elə ağsaqqalın bambukdan düzəltdiyi qədəh və fincanlar, tütəklər, cürbəcür suvenirlər çox gözəl görünürdü. Qiymətləri də münasib idi: 2, 5, 10 manat.

WhatsApp Image 2026-09-11 at 10.07.13.jpeg (116 KB)

Bambukun bir yaxşı tərəfi də var ki, kəs, kəs, qurtarmır. Bir sonrakı il yeni pöhrəsi çıxır, əvvəlcə uzaq qohumu olan qarğı-qamışa oxşayır, sonra ildən ilə böyüyür, uzanır. Bəlkə də ilk əkildiyi ildən bəri bu bambuk plantasiyasında yüz minlərlə bambuk ağacı kəsilib, amma azalmaqdansa artmaqdadır. Təbii ki, qəsdə durub kökünü kəsən olmasa, əksinə, başqa yerlərdə əkib-becərib, çoxaldan olsa, daha yaxşı olar. Bu bitki sübut edir ki, Azərbaycanda doğrudan da deyildiyi kimi iqlim qurşaqlarının çoxu var. Bəlkə də başqa ekzotik bitkiləri, manqo, avokado və s. kimi meyvələri Lənkəranda bol-bol yetişdirmək olar.

Xanbulan - “Xanın bulağı”, yoxsa xanın bulduğu?

Hirkan Milli Parkında, Xanbulan gölündə də olduq. Gölün adı maraqlı gəldi. Əcəba, bu toponim əsas versiya üzrə “Xanın bulağı” deməkdir, yoxsa, “Xanın bulduğu” mənasına gəlir?

Adının mənşəyi nə olsa da, fakt budur ki, bu göl Xanbulançay çayının qarşısına bənd atılması ilə əmələ gəlib, dəryaçaya çevrilib. Bu mübarək işi 1976-cı ildə görüblər. Məqsəd Lənkəranın təsərrüfatlarını suvarma suyu ilə təmin etmək olub, hazırda Lənkrəran və Astara şəhərləri də bu gölün suyunu içir. Hamı tərifləyir ki, çox lətafətli sudur.

7304561c-69a6-4e49-8597-ae5876822c3f.jpeg (147 KB)

Biz görəndə göldə suyun həcmi güman ki, isti keçən yaya görə xeyli azalmışdı. Yerli bələdçilər gölün sahilindəki təpələrdə ləpələnmiş torpağı göstərərək dedilər ki, onlar göldə suyun səviyyəsinin tədricən azalması ilə əmələ gəlib.

İndi qarşıdan yağış mövsümü gəlir, göldə suyun səviyyəsi yenə artacaq. Bu da dəniz deyil ki, çəkilə-çəkilə getsin. Xanbulan dəryaçası insanların sərəncamında və iradəsindədir, ağılla istifadə olunur.

Gölün kənarında istirahət yerləri də var. Yayda buralar sərin olur. Uzaqda çadır qurub balıq tutanlar da görünürdü. Göldə əsasən yerli balıqlar olur. Nə əcəbsə bu qədər şirin və gözəl suda qızıl balıq yoxdur. Kimsə bir-iki vanna körpə qızıl balıq gətirib gölə buraxsa, Xanbulanın neməti bir vahid də artar.

Lənkərana gələsən, çay içməyəsən...

0615d96e-ca0f-4b02-83ba-0df92414e2bc.jpeg (355 KB)

Özəl çay təsərrüfatında bizi güləüzlə qarşıladılar. Çay plantasiyasının qlırağında yaradılmış bu müəssisədə həm çay fabriki, həm də satış mərkəzi, eləcə də çay evi (çayxana) mövcuddur. Müəssisə haqqında müfəssəl bilgi aldıqdan, jurnalist xanımlar çayçı libası geyinərək çay dərə-dərə fotosessiya edəndən sonra bizi çay süfrəsinə dəvət etdilər. Çay nə çay! Dadı, ətri tam başqa bir şey. Əcnəbilər buna görə “Lənkəran çayı” deyib durubmuşlar. İntəhası, çay növlərinin çoxunun qiyməti, necə deyərlər, proletariat üçün deyil – kilosu 60-160 manat arasındadır. Hətta daha bahaları da var – 2 min manatdan başlayır. Görünür, o çayın da öz xiridarları var.

**

Avtobusla meşəli yollarla bir kənddən o birinə gedəndə həmkarlarımızdan biri məşhur mahnını bu cür zümzümə etdi: “Ey könül mülkünün barı Lənkəran”. Başqa biri də ona düzəliş verdi: “O mahnı Naxçıvana aiddir”.

Amma nə fərqi var, Naxçıvan da bu ölkənin doğma, əziz məkanıdır, Lənkəran da. Hamısı bizim sevimli yurdumuzdur. O məşhur mahnının zərbəçi misrasının bir hərfini dəyişərək, “Ey könül mülkünün BALI Lənkəran” etsək, nə olar ki? Həm həqiqəti ifadə edər, həm də reportaja başlıq olar.

b70e1b07-75c0-41aa-acf2-e777c0ea4d28.jpeg (202 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

09 Oktyabr 2026

07 Oktyabr 2026

05 Oktyabr 2026

03 Oktyabr 2026

01 Oktyabr 2026

28 Sentyabr 2026

26 Sentyabr 2026

24 Sentyabr 2026

22 Sentyabr 2026

19 Sentyabr 2026

17 Sentyabr 2026

15 Sentyabr 2026

13 Sentyabr 2026

11 Sentyabr 2026

07 Sentyabr 2026

05 Sentyabr 2026

03 Sentyabr 2026

01 Sentyabr 2026

30 Avqust 2026

28 Avqust 2026

25 Avqust 2026

22 Avqust 2026

21 Avqust 2026

18 Avqust 2026

14 Avqust 2026

12 Avqust 2026

06 Avqust 2026

04 Avqust 2026

02 Avqust 2026

31 Iyul 2026