İnsanlara hürriyət, millətlərə istiqlal!

“Başlı başını saxlasın” – qlobal siyasətin devizi artıq belədir

Dünyanın üzü demokratiyadan dönüb. Qlobal tendensiya ayrı-ayrı ölkələrdə millətçi partiyaların, avtoritarizmə meylli qüvvələrin ard-arda seçicilərdən həlledici miqdarda səs aldıqları yöndədir.

Ötən il Polşada sağçı mühafizəkar Karol Navrotski prezident seçildi və ölkəsinin siyasi kursunda, xüsusilə də immiqrasiya siyasətində dəyişiklik etdi. İndi bu ölkədə yavaş-yavaş “Polşa polyaklar üçündür” siyasəti sürət yığır.

Bu ilin aprelində Macarıstanda keçirilən parlament seçkilərində Peter Macarın rəhbərlik etdiyi sağ mərkəzçi “Tisa” partiyası qələbə qazandı və partiyanın lideri P.Macar baş nazir seçilərək, onsuz da Macarıstanı Avropa demokratiyasından sapdırmış sələfi Viktor Orbanın kursunu davam etdirir.

İki həftə öncə Almaniyanın Saksoniya-Anhalt torpağında keçirilən seçkilərdə “Almaniya üçün Alternativ” partiyası (AfD) 43,8% səslə qalib gəldi. Beş il əvvəl AfD-nin bu ştatdakı nəticəsinin bundan iki dəfə az (20,8%) olduğunu nəzərə alanda bu millətçi partiyanın öz tərəfdarlarını vertikal xətt üzrə artırdığı göz önündədir. AfD-nin bir az da güclənəcəyi təqdirdə Hitlerin partiyasına (Milli Sosialist Alman Fəhlə Partiyası) dönəcəyi gözlənilir. İdeologiyaları təxminən eynidir. Artıq AfD rəhbərliyi bu seçki uğurunu bütün Almaniya üzrə təkrar edəcəyini düşünərək eyforiyaya qapılıb.

Hələlik Skandinaviya ölkələrinin seçiciləri sağçılara, millətçi qüvvələrə keçid vermirlər, əsasən demokratlara, liberallara güvənirlər, ancaq bu ölkələrdə də ksenofobiya şüarları ilə çıxış edənlər güclərini artırmaqdadır. Fransa, İtaliya, İspaniya zatən əvvəldən öz milli maraqlarını hər şeydən üstün tutan dövlətlərdir.

Bu, bəlli faktdır: dünya ölkələrinin üçdə ikisi ya avtoritar liderlər tərəfindən idarə olunur, ya da sırf diktatura rejimləridir. Belə rejimlərdə isə hakimiyyətdə millətçi qüvvələr olur. Bu fonda klassik demokratik dövlətlərin daxilində seçkilərdə alınan sürpriz nəticələr qlobal demokratiklşmə prosesinə zərbə vurur.

Xüsusilə də ABŞ-də Donald Trampın prezident seçilməsindən sonra qlobal demokratikləşmə prosesi sarsıdıcı zərbə alıb. “Amerikanı yenidən böyük etmək” şüarı ilə dünya siyasətini qarışdıran bu şəxs aqressiv diktatorların öz zamanlarında etmədiyi hərəkətləri də edir. Onun üçün başqa bir ölkəni idarə edən şəxsin sırf xalqın səsi ilə seçilməsinin və ya hərbi çevriliş yolu ilə hakimiyyət gəlməsinin elə bir fərqi yoxdur. Əsas odur ki, həmin şəxs ABŞ-yə biət etsin, öz milli sərvətini onunla bölüşməyə hazır olsun. Hətta belə etmək istəməyən şəxs demokratik dövlətin qanuni şəkildə seçilmiş rəhbəridirsə, Tramp onu asanlıqla “arzuedilməz şəxs” elan edə bilər.

Söz yox ki, istər sağ mərkəzçilər, istərsə də avtoritarizmə meylli qüvvələr öz güclərini xalqdan, seçicilərdən alırlar. Hazırda Avropada belə qüvvələrə etimadın güclənməsi xalqın özünüqoruma instinktinin oyanmasından irəli gəlir.

Fikir verirsinizsə, həmin qüvvələrin əsas şüarı immiqrasiyanın məhdudlaşdırılması barədədir. Elə Trampın da əsas seçki şüarı ölkəyə gələn miqrantların deportasiya ediləcəyi, miqrant axınının qarşısının kəsiləcəyi barədə idi. Avropada da xalqın millətçi damarının yoğunlaması məhz ölkənin miqrant selinə məruz qalması üzündəndir.

Dünyanın dörd bir tərəfindən axışıb firavan ölkəyə gələn evsiz, işsiz, ac-yalavac insanlar yerli cəmiyyətin içinə yerləşərək, ona uyğunlaşana qədər çox xoşagəlməz hadisələrdən keçirlər. Bir çoxları isə heç 30 il boyunca da yerli cəmiyyətə adaptasiya olmur, dil öyrənmir, işləmir, üzərində heç bir haqqı olmadığı dövlətin orqanizmində parazitə çevrilir. Bu isə aborigen xalqda kəskin mənfi təəssürat yaradır.

Rusiyada kükrəyən şovinizm dalğasını qınayırıq, amma bu da durduq yerdə, heç nədən yaranmayıb, xüsusi səbəbləri var. Doğrudan da keçmiş postsovet ölkələrindən kütləvi şəkildə axın edərək, bir yanı Kalininqrad, o biri yanı Xabarovsk, nəhəng Rusiya ərazisinin şəhər və qəsəbələrində kök salmış insanların bir xeylisi etno-mafiyalarda birləşiblər, özlərinə üstün şərait, sabit gəlir mənbələri (çox zaman qanunlara zidd şəkildə) yaradıblar. Bu isə yerli xalqda qıcıq doğurur. Sadəcə, Rusiyada “qurunun oduna yaşı yandırmaq” ənənəsi olduğundan güclü birliklərə toxunmurlar, ara yerdə zəif bəndləri qırır, yetim-yesiri deportasiya edirlər.

Bir iş də var ki, Rusiya hakimiyyəti miqrantlardan qonşu ölkələrin hakimiyyətlərinə qarşı təzyiq rıçağı kimi istifadə edir. Əgər keçmiş SSRİ ölkələrindən biri Kremlin hansısa tələbini yerinə yetirmirsə, dərhal həmin ölkədən gələrək Rusiyada işləyən insanlar yada düşür. Onları xüsusi rezervuarlara yığır, deportasiya ilə hədələyir, bir neçə gündən sonra isə külli miqdarda pullarını alıb buraxırlar.

Bir sözlə, artıq dünyada demokratiya, insan haqları, haqq-ədalət, qanunçuluq kimi anlayışlar arxa plana keçib, prioritet dəyərlər deyil. Dünyada “başlı başını saxlasın” prosesi gedir və dövlətlər öz siyasətlərini buna görə qururlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR