Onlayn ictimai-siyasi qəzet
Öncə bildirim ki, müəyyən peşə sahibləri var, onların vətənpərvərliyi nəyəsə görə başqalarından yüksək olur. Qarpızsatan peşəsi də bunlardan biridir. Hər bir qarpızsatan öz ərazisinə vətənin müqəddəs parçası kimi baxır, onu göz bəbəyi kimi qoruyur. Məsələn, bir tanış var, deyir Bakıda məhəllədə sevdiyi qızla görüşə gedərkən hər dəfə itin zülümünü çəkirmiş, qarpızsatan əlindəki bıçağı yellədərək ondan “buralarda sənin nə itin azıb” deyə sorğu-sual edərmiş. Yəni, məhəllənin qeyrətini, namusunu qoruyurmuş.
Ona görə də qarpızsatanla deputatın davasının müsbət nəticələnməyini alqışlayıram. Yəqin məlumatınız vardır, bu haqda bütün dünya mediası yazmışdı, Bakıda deputat qarpızsatanı obyektindən qovmuşdu. Guya satıcı onu bıçaqla hədələyibmiş. Sonra satıcı 50 manat cərimə edildi və ən son məlumata görə iş yerinə bərpa olunmuşdur. Hərçənd, qarpız sezonu bitmək üzrədir, onsuz bir azdan Payız həzrətləri özü şəxsən obyekti bağlayacaqdır.
Burada işin qeyri-adiliyi isə deputatın partiyasının adı ilə bağlıdır: Vətəndaş Həmrəyliyi! Buyur. Əgər sən 1 qarpızsatanla həmrəy olmaqda çətinlik çəkərsənsə, qalan vətəndaşlarımızla necə həmrəylik təmin edəcəksən? Yəni, qarpızın ağ çıxmasının eynisidir.
Deputatın iddiasına görə 2 dənə qarpız kəsdirib, bunlar ağ çıxıbmış, münaqişə də belə yaranıbmış. Bunun özü də gülməli haldır ki, 10 min manat maaş alan adam qarpızı kəsdirib baxır. Şəxsən mən qəpiyə güllə atıram, ancaq qarpızı kəsdirib almaram, çünki bu çox xəsis hərəkətdir. Üstəlik, əgər sən yaxşı qarpızı içinə baxmadan tanıya bilmirsənsə, parlamentdə nə işin var?
İkincisi, başqa bir deputat da vaxtilə qarğıdalı satanın obyektinə hücum edərək orada zəfər çalmışdı. Yəni, nəsə bizim parlamentarilərin sadə satıcı tayfası ilə ünsiyyəti alınmır. Bəlkə salamatlıq olsun deyə qanun qəbul olunmalıdır, deputatların qarpız-yemişi, qarğıdalısı-zadı evinə tədarük olunmalıdır. Ki, bir daha xalqın, seçicilərin arasında görünməsinlər. Asayiş, sabitlik üçün vacibdir.
Sözü ona gətirirəm ki, əgər bizdə adi bir qarpızsatanla deputat arasında etimad mühiti yoxdursa (diqqətli oxucuların yadında olar, təzəlikcə mən bu temada həkim-pasiyent etimadsızlığından yazmışdım), Türkiyə ilə yüngülvari soyuqlaşmaya da təbii yanaşmalıyıq. Qısa özətini verim: BMT-də İsrailin şefi Netanyahu danışanda 40 dövlətdən başqa hamı salonu tərk edib, içəridə qalanlardan biri isə Azərbaycan olub, indi bu mənasız temaya görə Türkiyədə bəziləri bizi danlayırmış.
Yenə qeyd edirəm, biz burda “bakılı-kəndli”, “qazaxlı-tovuzlu”, nə bilim, satıcı-deputat həmrəyliyində vaxtaşırı mübahisələr yaşayırıqsa, Türkiyə-Azərbaycan arasında da hər söz-söhbətə hazırıq.
Əslində Türkiyə-Azərbaycan arasına girənlər həmişə iylənib çıxıblar, bu qardaşlığı pozmaq, sarsıtmaq qeyri-mümkündür, buna şəxsən mən adım qədər əminəm. Bizim Türkiyədən, onların da bizdən narazılığı adamın elə özü-özündən narazılığı kimi bir şeydir, vaxtaşırı hamımız yaşayırıq: “Nəsə ürəyim sözümə baxmır”, “Burnum əyridir, düzəltdirəcəm”, “Gedim gözümə eynək alım”, “Anamı incitdim, alçaq adamam” tipində. Ola bilməz ki, hər bir normal adam həyatı boyunca bu və buna bənzər söhbətləri, halları yaşamasın. Sadəcə, bu axırıncı narazılıq o qədər absurd və gülüncdür ki, üzr istəyirəm, hətta bunu “düşüklük” adlandırmaq olar.
BMT özü nə zibil təşkilatdır ki, onun hansısa iclasında iştirak da böyük matah sayılır? Biz onun əlli min dənə yerinə yetməyən qətnaməsini şəxsən, millət olaraq yaşamışıq axı.
1992-ci ildə bizim Milli Məclisə təsadüfən Yaqub Məmmədov adında başçı qoymuşdular. Bu adam da içəridəki müzakirələr xoşuna gəlməyən kimi deyirdi, vəssalam, mən istefa verirəm. Yerindən durub gedirdi. Cəbhəçilər, kommunistlər-filan da yalvar-yapış edirdilər ki, Yaqub müəllim, sən Allah getmə, yoxsa parlamentimiz dağılar, məhv olarıq. İndi Netanyahu danışanda salonu tərk edənlər bir az bizim Yaqub müəllimə oxşayırlar.
Uzun sözün qısası, Türkiyə ilə son diskussiyamız məni utandırdı. Bunun da pritçası var.
1970-ci illərin əvvəllərində BMT-nin, yanılmıramsa Birmadan (indiki Myanmar) olan sədri vardı, adı U Tan idi. Bir gün Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq, ya da tarix fakültəsində imtahan gedir, qız tələbənin cavab növbəsidir, sual “BMT baş katibinin adı nədir” şəklindədir, üstəlik qız müəllimin pulunu – rüşvətini verib. Müəllim görür tələbə susur, pıçıltı ilə deyir: “Qızım, U Tan, U Tan”. Qız əsəbləşir: “Ay Filankəs müəllim, 100 manat vermişəm də! Niyə utanıram ki!?”
İndi, pis çıxmasın, biz Türkiyənin, Fələstinin – bütün müsəlman aləminin pulunu veririk, niyə utanmalıyıq, anlamırıq.
27 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ