Onlayn ictimai-siyasi qəzet
“Güclü Ermənistan” parlament fraksiyasının katibi Tiqran Abramyan iddia edib ki, Ermənistan Azərbaycan ərazisi olan Kərki kəndini (Tiqranaşen adlandırıb - red.) saxlamalı və inkişaf etdirməlidir.
Musavat.com xəbər verir ki, revanşistin xəstə iddialarına görə, ölkənin inzibati-ərazi qanunvericiliyinə əsasən, Kərki Ermənistan Respublikasının tərkib hissəsidir.
Abramyan 44 günlük müharibənin başlamasının altıncı ildönümü ilə bağlı “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbətində bildirib ki, həlak olmuş hərbçilərin xatirə günü hakimiyyətin hazırkı siyasətinin qiymətləndirilməsindən ayrıla bilməz.
“Bu gün matəm və xatirə günüdür. 44 günlük müharibədən altı il ötüb. Hazırkı hakimiyyət güzəştlərdən və güzəşt siyasətindən danışanda bu, yolverilməzdir. Bu uşaqlar ona görə həlak olmayıblar ki, bu gün hakimiyyət hər gün sonsuz güzəştlər zəncirini davam etdirsin və doğma torpaqlarımızı düşmənə və ya qonşulara versin”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, hazırda Kərki məsələsi xüsusilə kəskin şəkildə gündəmdədir. Lakin Abramyan hesab edir ki, gələcəkdə söhbət digər ərazilərdən də gedə bilər.
“Hazırda söhbət, xüsusilə, Kərkidən gedir. Sabah isə artıq digər ərazilərdən də söhbət gedə bilər”, – deyə Abramyan bildirib.

O vurğulayıb ki, ərazi bütövlüyü məsələsində partiyalararası fikir ayrılıqları ikinci plana keçməlidir.
“Söhbət Ermənistan Respublikasının suveren ərazisindən gedəndə və Tiqranaşen Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında qanuna əsasən Ermənistan Respublikasının ayrılmaz hissəsi olduğu halda, partiya amili ikinci plana keçir. Bu, hamımız üçün ən mühüm məsələlərdən biridir - Tiqranaşeni qorumaq və inkişaf etdirmək”, – deyə fraksiya katibi bildirib.
Abramyan həmçinin qeyd edib ki, baş verənlərə görə əsas məsuliyyət, onun fikrincə, hazırkı hakimiyyətin üzərinə düşür. O, Nikol Paşinyanın Qarabağın “verilməsinin” guya “Ermənistanı azad etməsinə” imkan yaratdığı barədə fikrini tənqid edib.
“Bu 35 il ərzində “artsax”ın mövcudluğu heç bir şəkildə Ermənistan Respublikasına mane olmayıb. Əksinə, “artsax” həmişə Ermənistanın təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verib”, – deyə revaşist deputat bildirib.
Onun sözlərinə görə, hazırda təhlükəsizlik vəziyyəti mürəkkəb olaraq qalır. Abramyan iddia edib ki, guya Ermənistanın suveren ərazisinin təxminən 240 kvadrat kilometri Azərbaycanın nəzarəti altındadır və ölkə üçün yeni çağırışların yarana biləcəyi barədə xəbərdarlıq edir. Azərbaycanın irəli sürdüyü yeni tələblər fonunda Azərbaycanla real sülhün mümkün olub-olmadığı barədə suala cavab verən Abramyan bildirib ki, sülh zəruridir, lakin ərazi güzəştləri hesabına olmamalıdır.
“Sülh güzəştsiz olmalıdır, hazırkı hakimiyyətin təklif etdiyi isə sülhsüz güzəştlərdir. Güzəştlər zənciri nə qədər uzun davam edərsə, biz sülhdən bir o qədər uzaqlaşarıq”, – deyə o qeyd edib.
Abramyan hesab edir ki, Ermənistan hakimiyyətinin güzəştlərə hazır olması Azərbaycandan yeni tələblərin irəli sürülməsinə səbəb ola bilər.
“Əliyev təbii ki, Ermənistan hakimiyyətinin bu güzəştə hazır olduğunu görərək, təbii olaraq öz tələblərinin şkalasını, belə demək mümkündürsə, getdikcə daha da yüksəldir”, – deyə deputat bildirib.
Revanşist deputat “nümunə kimi” Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Gəncəsərə son səfərini, səsləndirdiyi bəyanatları, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasındakı çıxışını göstərib.
Abramyan bildirib ki, Ermənistana “balanslaşdırılmış, həqiqətən də balanslaşdırılmış sülh” lazımdır və ölkənin xarici siyasəti bu prinsip əsasında qurulmalıdır.
“Sülhdən danışarkən onu da qeyd etmək lazımdır ki, həqiqi sülh zəmanətçilərin iştirakı ilə mümkün ola bilər. Bəs belə zəmanətçilər kim ola bilər? Beynəlxalq güclər. Bizim dəfələrlə bəyan etdiyimiz kimi, birdən çox zəmanətçi lazımdır”, – deyə deputat bildirib.
Bununla yanaşı, Abramyan Azərbaycanla sülhün əldə olunmasının tərəfdarı olduğunu vurğulayıb.
“Sülh olmalıdır və olacaq. Amma bir daha təkrar edirəm: bu uşaqlar ona görə həlak olmayıblar ki, hazırkı hakimiyyət sonsuz güzəştlər siyasəti aparsın və bununla da sülhdən uzaqlaşsın”, – deyə o bildirib.
Elşad,
Musavat.com
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ