Onlayn ictimai-siyasi qəzet
Dəmirin toz edildiyi, Daşdəmirin yumşaldığı dünyada qonşu Gürcüstanın başına gələnlər çox da təəccüblü deyil, ancaq bu dövlətin Abxaziyaya yanacaq tədarük etməsi çoxları üçün heyrətamizdir.
Qonşu ölkədə siyasi qalmaqal yaranması bu üzdəndir. Son 33 ildə ilk dəfə Tiflisdən Suxumiyə 300 ton benzin göndərilib.
Bilənlər bilir, bilməyənlər üçün qeyd edək ki, ermənilərin Xankəndidə formalaşdırdığı “DQR” Bakı üçün nə idisə, abxazların da Suxumidə elan etdikləri “müstəqil respublika” da Tiflis üçün odur. Qarabağ ermənilərinin arxasında Ermənistan və Rusiya dururdusa, abxazların arxasında Rusiya dururdu və durur.
Arada qanlı müharibə olub, faciəvi hadisələr baş verib, hər iki tərəfdən mülki insanlar öz ev-eşiklərindən didərgin düşüb. Bir sözlə, abxazlar və gürcülərin 33 ildir ki, bir-biriylə düşmənçilik münasibətindədir. Abxaziya heç vəchlə yenidən Gürcüstanın tərkibində olmaq istəmir.

Ona görə də birdən-birə Gürcüstandan separatçı Abxaziyaya 300 ton benzin göndərilməsi sıradışı hadisədir.
Bunu humanitar yardım saymaq olarmı? Müəyyən mənada, bəli. Çünki indiyədək yanacağını Rusyadan alan abxazlar artıq bu imkandan məhrum olublar – Rusiyanın özündə belə görünməmiş yanacaq qıtlığı var.
Ancaq Gürcüstan hökuməti iddia edir ki, bu, özəl şirkətin həyata keçirdiyi biznes alqı-satqısıdır, hökumətin bu ticarətdən xəbəri yoxdur.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, yanacağı Abxaziyaya hökumət yox, özəl biznes göndərib.
İndi özümüzdən götürək, 2020-ci ilə qədər hər hansı bir Azərbaycan şirkəti “DQR-”ə və ya Ermənistana nəinki benzin kimi strateji məhsul, ümumiyyətlə, nəsə başqa bir material göndərə, ermənilərlə alış-veriş edə bilərdimi?
Mümkün deyildi. Hökumət həmin şirkəti cəzalandırar, müxalifət topa tutar, ictimaiyyət “vətən xaini” elan edərdi.
İndi Gürcüstanda da məhz o proses gedir – amma yarımçıq şəkildə. Müxalifət və ictimaiyyət “benzin ticarəti”ni pisləyir, hökumət isə həmin şirkətə qarşı hansısa ciddi tədbirlər görmək niyyətində deyilmiş kimi görünür. Bu, hökumətin həmin sövdədən xəbərdar olduğuna dəlalət edir.
Halbuki Gürcüstanın qanunvericiliyində separatçı bölgə olduğu üçün Abxaziya ilə hər hansı bir ticarəti istisna edən, yasaqlayan müddəalar var.
Ona görə də müxalifət qüvvələri bu alış-verişə “ölkəyə xəyanət”, “düşmənə kömək”, “rus iradəsinə boyun əymək”, “Rusiyanın Gürcüstanı yenidən işğal etmək ərəfəsində olması” kimi ifadələrlə qiymət verir, “Gürcü arzusu"nun qurucusu Bidzina İvanişvilini cinayətkarlar, separatçılar və ruslarla birlikdə pul qazamaqda suçlayırlar.
Hazırda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili və digərləri payızda hökumətə qarşı kütləvi etiraz aksiyaları keçirməyə çağırıb və güman ki, elə də olacaq. Gürcüstan müxalifəti ələ düşmüş bu fürsəti qaçırmayacaq.
Düzdür, 14 il öncə hakimiyyətə gələn İvanişvili (o, dövlət vəzifəsi tutmasa da, Gücüstanın “ali dini lideri” kimi bir şeydir) və onun komandası hələ də rəsmən Rusiya ilə məsafə saxlayır, pozulmuş diplomatik münasibətləri bərpa etmir, amma pərdəarxası cilvələşmələrin olduğu da heç kəsə sirr deyil.
Elə Abxaziyaya 300 ton benzinin göndərilməsinin də Rusiyanın sifarişi ilə həyata keçirildiyinə əminlik var. Düstur sadədir: Rusiya deyib ki, hazırda bizdə qıtlıqdır, Suxumiyə yanacaq verə bilmirik, siz abxazları vəziyyətdən çıxarın, İvanişvilinin komandası da tapşırığa əməl edib. Bu qədər sadə.

5-6 il öncə ABŞ və Avropa İttifaqının sevimlisi olan və “Corciya” (ingilis transkripsiyası ilə - Georgia) adlandırılan Gürcüstan bunun sayəsində öz vətəndaşlarının Şengen zonasına vizasız gediş-gəlişinə nail olmuşdu, hazırda isə bu ölkə Aİ-də xor görülür. Çünki İvanişvili iqtidarı Avropanın bir sıra şərtlərini yerinə yetirməkdən boyun qaçırır, insan haqlarına riayət etmir, cinsi azlıqların təqibinə rəvac verəcək qanunlar qəbul edir, seçkilərdə hiylə və zorakılığa əl atır və s.
İndi Avropadan üz döndərən, Rusiya ilə əvvəlki “dostluq-qardaşlıq” büsatını bərpa etməyən Gürcüstan ortada qalıb, özünü “neytral ölkə” elan etməyə hazırlaşır, amma hamı da bilir ki, bu məcburi neytrallıqdır.
Gürcüstan müxalifəti buna görə əndişəlidir ki, Rusiya ABŞ və Avropanın çətiri altında olmayan Gürcüstanı “hop” deyib udacaq, ölkə yenidən “Qruziya”ya dönəcək, İvanişvilinin rəhbərliyi ilə “vassal krallıq” kimi bir şey yaradılacaq.
Saakaşvilinin həbsxanada bağıra-bağıra qalması buna görədir. Onun 2004-cü ildən 2012-ci ilə qədər formalaşdırdığı Gürcüstandan əsər-əlamət qalmayıb. Saakaşvili Gürcüstanı korrupsiyadan, banditizmdən, rüvətxorluqdan xeyli dərəcədə arındırmışdı. O, on minlərlə əliəyri məmurun (yol polisindən tutumuş nazir postu tutanlara qədər), bütün postsovet məkanında fəaliyyət göstərən kriminal ünsürlərin mənafeyinə toxunmuşdu və onlar sonda birləşərək Saakaşviliyə qalib gəldilər.
İndi Saakaşvili deyir ki, gürcülərin 80%-i "Gürcü arzusu"na nifrət edir, eyni zamanda ondan qurtulmağın mümkün olmadığına inanır.
“80 faiz” söhbəti şişirtmə ola bilər. Fakt budur ki, gürcülərin həlledici hissəsi məhz İvanişvili kimi birinin rəhbərlik etdiyi, “fərasətli adamlara pul qazanmaq üçün şərait yaradıldığı” ölkədə yaşamaq istəyir.
Yəni bir zamanlar həsəd apardığımız Gürcüstan yoxdur artıq. Onun yerində həsəd aparmağın mümkün olmadığı, ərazi bütövlüyünü bərpa edə bilməyən, üstəlik, xarici tapşırıq əsasında düşməninə yardım edən Gürcüstan var.
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ