Onlayn ictimai-siyasi qəzet
Rusiyanı tərk etmiş və xaricdə yaşayan vətəndaşların seçkilərdə iştirak hüququnun əllərindən alınması təklif edilib. Təşəbbüslə Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova çıxış edib.
Musavat.com xəbər verir ki, Pamfilova “Komsomolskaya pravda” radiosuna müsahibəsində xaricdə yaşayan rusiyalıların seçkilərdə səs verməsi məsələsinə son dərəcə sərt münasibət bildirib.
“Hesab edirəm ki, ölkədən getdin, xəyanət etdin – rədd ol”, – deyə MSK rəhbəri deyib.
Pamfilovanın sözlərinə görə, xaricdə yaşayan Rusiya vətəndaşlarının seçkilərdə iştirakını tənzimləyən qanunvericiliyə Dövlət Dumasının yeni çağırışı tərəfindən dəyişiklik edilə bilər.
MSK rəhbəri hətta hansı kateqoriyadan olan vətəndaşların səsvermə hüququndan məhrum edilə biləcəyinin hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilməsinin mümkün olduğunu bildirib.
Pamfilova Rusiya hakimiyyətinin “dost olmayan ölkələr” adlandırdığı dövlətlərdə səsvermənin təşkilinə də ayrıca toxunub. Onun fikrincə, Rusiyanın həmin ölkələrdəki səfirləri yerli hakimiyyət orqanlarından seçki məntəqələrinin təhlükəsizliyinin təmin ediləcəyinə dair zəmanət almalıdırlar.
MSK rəhbəri bunu xaricə köçmüş rusiyalıların seçkilər zamanı “fəallaşa biləcəyi” ehtimalı ilə əsaslandırıb.
Bununla belə, hazırda qüvvədə olan Rusiya qanunvericiliyinə əsasən, vətəndaşın xaricdə yaşaması onun seçki hüququndan məhrum edilməsi üçün əsas deyil. Buna görə Pamfilovanın təklifinin həyata keçirilməsi üçün qanunvericiliyə dəyişiklik tələb olunacaq.
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ