İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergidə korrupsiya işi böyüyür - yeni həbs

Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsində korrupsiya araşdırması genişlənir. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatı əsasında idarənin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən, Əhmədov Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma, eləcə də 311.3.3-cü maddəsi – külli miqdarda rüşvət alma ilə ittiham olunur.Bu həbsin diqqətçəkən tərəfi ondan ibarətdir ki, söhbət sıradan vergi əməkdaşından deyil, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəhbərliyində təmsil olunan vəzifəli şəxsdən gedir. Üstəlik, Əhmədovun həbsi həmin istiqamətdə aparılan araşdırma çərçivəsində ilk belə qərar deyil. Daha əvvəl vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən iki vəzifəli şəxs də həbs olunub. Bununla da araşdırmada saxlanılan və həbs edilən şəxslərin dairəsinin genişləndiyi görünür. İndi əsas sual istintaqın daha hansı vəzifəli şəxslərə və hansı mümkün əlaqələrə gedib çıxacağıdır.İttihamın 311.3.1-ci maddə üzrə irəli sürülməsi xüsusilə diqqət çəkir. Bu, istintaqın rüşvət alma faktını təkcə fərdi epizod kimi deyil, bir qrup şəxsin qabaqcadan əlbir olması ehtimalı ilə araşdırdığını göstərir. 311.3.3-cü maddənin tətbiqi isə söhbətin külli miqdarda rüşvətdən getdiyini göstərir. Burada başqa mühüm məqam da var: vergi yoxlamalarının aparılması və ya aparılmaması sahibkarlar üçün ciddi maliyyə nəticələri yarada bilər. Belə vəziyyətdə vəzifəli şəxslərin yoxlamadan yayınma, yoxlamanın nəticələrinə təsir göstərmə və ya sahibkarlardan müəyyən məbləğ qarşılığında qanunsuz öhdəlik tələb etməsi korrupsiya risklərini artırır. Hazırkı mərhələdə təqsirləndirilən şəxslərin günahı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib. İstintaqın nəticəsində bu şəxslər arasında əlaqənin olub-olmaması və mümkün korrupsiya mexanizminin necə qurulduğu aydınlaşmalıdır.
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunublarVergi orqanlarında bir-birinin ardınca vəzifəli şəxslərin rüşvət ittihamı ilə həbs olunması sistemdə fərdi korrupsiya hallarından daha geniş – təşkilatlanmış mexanizmin mövcudluğuna işarə edə bilərmi və belə halların qarşısının alınması üçün hansı nəzarət mexanizmləri gücləndirilməlidir?
Tanınmış vəkil Əkrəm Həsənov vergi orqanlarının sahibkarlara qarşı tətbiq etdiyi əsassız tələblər, bu sahədəki korrupsiya mexanizmləri və məhkəmə təcrübəsində yaşanan ciddi problemlərlə bağlı “Yeni Müsavat”a geniş şərh verib.
Əkrəm Həsənov bildirib ki, son zamanlar vergi orqanlarına qarşı çoxlu sayda məhkəmə işi aparır və əksər hallarda bu qurumun tələbləri tamamilə əsassız olur: "Mən demirəm ki, vergi orqanı həmişə əsassız tələb irəli sürür. Amma əksər hallarda bu tələblər əsassızdır. Məqsəd sahibkarların fəaliyyətini iflic etməkdir. İş iflic olunanda sahibkar canını qurtarmaq istəyir - ya gəlsin tələb olunan pulu ödəsin və bundan əl çəksinlər. Nəticədə rüşvət və korrupsiya üçün şərait yaranır".
Ekspert deyib ki, həbs olunan Eldəniz Əhmədovun imzası ilə bir sıra müraciətlər görüb: “Vergi ödəyicilərinə “bu qədər ödəniş etməlisiniz” məzmunlu belə rəsmi sənədlər göndərilirdi, orada vergi məbləği kimi şişirdilmiş rəqəmlər göstərilirdi. Belə işlərlə əlaqəli bir neçə məhkəmə prosesi də aparmışam, indi də vergi orqanına qarşı belə işlər aparıram. Yəni bu ondan xəbər verir ki, əslində vergi orqanında bilərəkdən şişirdilmiş rəqəmlər yazıb sahibkara göndərirdilərş Vergi orqanı son illərdə, ümumiyyətlə, sahibkarların başına oyun açır, şişirdilmiş vergi tələbləri irəli sürürlər, “onu ödə, bunu ödə...” şəkilində tələblər irəli sürürlər. Əksər hallarda mən əminəm ki, vergi orqanı orada verginin olmadığını dəqiq bilir. Hətta, belə deyim də, gəlin açıq danışaq, vergi ödəyicisi yayınsa bilə, vergi orqanı sübut edə bilmədiyi halda tələb irəli sürür. Tutaq ki, mən vergi işçisi olsaydım, savadlı, vicdanlı, işini bilən biri kimi, hətta orada verginin olduğuna əmin olsaydım belə, yayınmanı sübut edə bilmirəmsə, ona baş qoşmaram. Yəni vaxtımı niyə bura sərf edim ki?”

Əkrəm Həsənov: “Harada ki, kişi zəifləyir, “dabanaltı” olur, o cəmiyyət  süquta uğrayır”

Əkrəm Həsənov keçmiş Vergilər Nazirliyi dönəmi ilə indiki dövrü müqayisə edərək maraqlı məqamlara toxunub. O qeyd edib ki, əvvəlki dövrdə qurum daha çox korrupsiyalaşmış olsa da, kadr səviyyəsi yüksək idi: "Haqq naminə etiraf etməliyəm ki, Vergilər Nazirliyinin dövründə vergi orqanı daha çox korrupsiyalaşmışdı, buna şübhə yoxdur. Amma o dövrün vergi işçiləri daha bilikli idilər. İndikilərin çoxu nəinki vergi işini, ümumiyyətlə iqtisadiyyatı və hüququ bilmirlər. Deyirlər ki, indi əsassız tələblər dövlət büdcəsi üçün edilir. Lakin büdcəni doldurmaq səlahiyyəti verildiyi üçün bundan sui-istifadə edirlər və bu artıq təşkilatlanmış bir mexanizmə çevrilir. Bəzi vəzifəli vergi işçilərinin bizdən rüşvət istəməsi üçün şərait yaranır. “Vergidə təmiz işləyirlər” fikri bir mifdir”.
Vəkil vergi orqanlarının sahibkarları təsir altında saxlamaq üçün istifadə etdiyi sxemi belə izah edib:
“İlkin olaraq əsassız vergi hesablanır. Dərhal sahibkarın bütün bank hesablarına həbs qoyulur. Sahibkarın ölkədən çıxışına məhdudiyyət tətbiq edilir. Sahibkar məcbur qalıb vergi orqanını məhkəməyə verir. Məhkəmələr isə 3-4 il çəkir. Birinci instansiya, apellyasiya, Ali Məhkəmə... Bu müddətdə sahibkar tamamilə iflic olur. Mən son 5 ildə vergi orqanına cəmi bir dəfə uduzmuşam, o da qanunsuz olub və hazırda Avropa Məhkəməsində baxılır. Qalan bütün işləri uduram, çünki tələbləri çox əsassızdır”.
Əkrəm Həsənov vurğulayıb ki, uzanan məhkəmə prosesləri və vurulan ziyanın əvəzinin ödənilməməsi sahibkarları məhkəmədən çəkindirir: “Əksər hallarda sahibkar vergi orqanını məhkəməyə vermir, gedib vergi orqanı ilə razılaşmağa üstünlük verir. Şişirdilmiş vergini elə ona görə yazırlar ki, sahibkar danışığa gəlsin, bir hissəsini büdcəyə ödəsin, bir hissəsini də bunların cibinə qoysun. Hətta sahibkar biləndə ki, məhkəməyə versə, sonda vergi orqanını udacaq, deyir “əşşi, neçə il gedim bunlarla vuruşum?” Məhkəmədə udanda nə baş verir ki? Sadəcə deyirlər ki, vergi borcun yoxdur. Amma bu illər ərzində hesabdan tutulan pulları da adətən qaytarmırlar, deyirlər “növbəti illərin vergisinə çıxarıq”.
Vergi yoxlamasına görə rüşvət alanlar həbs edildi — Bakues.az

Vəkil mövcud özbaşınalığın və korrupsiyanın qarşısını almaq üçün konkret addımların atılmasını vacib sayıb: “Məhkəmələr qanunsuzluq edən vergi məmurlarını cəzalandırmalıdır. Məhkəmələr sahibkarı illərlə iflic vəziyyətində qoyan vergi işçilərinə qarşı xüsusi qərardadlar çıxarmalıdır. Məsuliyyət olarsa, məmur hər istədiyini yaza bilməz. Məmurların gəlir bəyannaməsi tətbiq olunmalıdır. 2005-ci ildə qəbul olunmuş qanuna əsasən dövlət məmurları gəlirlərini bəyan etməlidirlər. Şəffaflıq olmalıdır ki, vergi işçisi rüşvət alsa belə, o pulu xərcləyə bilməyəcəyini bilsin”.
Əkrəm Həsənov hazırda aparılan bir məhkəmə işindən misal çəkərək deyib: “Sahibkarın şəxsi kartına gələn pula vergi yazırlar. Pulun mənbəyini soruşurlar, sahibkar da deyir sahibkarlıq fəaliyyəti ilə əlaqəli pul deyil. Deyirlər ki, yox, bu pul sahibkarlıq fəaliyyəti ilə əlaqəlidir. Mən də orada soruşdum ki, yaxşı, sizin vergi rəhbərlərinin əynindəki bahalı pal-paltar, ailələrinin maşınları, xaricdə istirahətləri hansı pulladır? Cavab verin! Cavab vermirlər. Vergi orqanının fəaliyyətində tam şəffaflıq təmin edilməlidir: Hansı halın pozuntu olub-olmaması aşkar bildirilməlidir. Məhkəmə təcrübəsi ümumiləşdirilərək ictimaiyyətə təqdim olunmalıdır ki, hər kəs vergi orqanının məhkəmələri əksər hallarda uduzduğunu bilsin və qorxaraq sövdələşməyə getməsin”.

E.Məmmədəliyev,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR