Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Ermənistan arasında münasibətlər yeni diplomatik böhran astanasındadır. Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyanın geri çağırılacağı barədə məlumatlar bu gərginliyin daha bir göstəricisi kimi gündəmə gəlib. Musavat.com yada salır ki, bu barədə iki gün əvvəl müxalif “Joqovurd” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb. İddia olunur ki, baş nazir Nikol Paşinyan səfirin geri çağırılması barədə qəti qərar veribBununla belə, Ermənistan hökuməti hələlik xəbəri rəsmi şəkildə təsdiqləməyib. Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan bildirib ki, rəsmi məlumat olsa, ictimaiyyətə açıqlanacaq.

Ermənistanın Rusiyadakı səfirinin geri çağırılmacağıı xəbəri fonunda Rusiya Dövlət Dumasında Ermənistan hakimiyyətinə və diplomatik nümayəndəsinə qarşı sərt tənqid səslənib. MDB məsələləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin Qurgen Arsenyanın fəaliyyətini qiymətləndirərkən onu Paşinyan komandasının yetirməsi adlandırıb və səfirin Moskvada xüsusi nüfuz qazanmadığını bildirib. Zatulinin sözlərinə görə, Arsenyan Rusiyaya qarşı dost olmayan açıqlamalar verən və sonradan mövqeyini dəyişən siyasətçilərdən biridir.
Zatulin bununla kifayətlənməyib. O bildirib ki, Arsenyanın geri çağırılmasının səbəblərindən biri də Rusiya-Ermənistan münasibətlərinin hazırkı vəziyyətidir. Lakin rusiyalı deputat problemin əsas səbəbini səfirin fəaliyyətində deyil, Paşinyan hökumətinin seçdiyi xarici siyasət kursunda görür. Onun fikrincə, İrəvan üçün Moskva ilə tərəfdaşlıq prioritetlər siyahısında arxa plana keçirilib, əsas istiqamətlər sırasında isə ABŞ, Avropa İttifaqı, Türkiyə və digər tərəfdaşlar dayanır.
Bu açıqlama Ermənistan səfirinin geri çağırılması ətrafında yaranmış mənzərəni daha da sərtləşdirir. Çünki məsələ təkcə bir diplomatın fəaliyyətinin uğursuz hesab edilməsindən ibarət deyil. Moskvanın siyasi dairələrində artıq səfir dəyişikliyi Ermənistanın ümumi xarici siyasət kursunun nəticəsi kimi təqdim olunur.
Ermənistan mediasında yayılan başqa versiyaya görə, Arsenyan son dövrdə İrəvanın Rusiyaya qarşı addımlarına etiraz edib və hakimiyyəti daha konstruktiv xəttə qayıtmağa çağırıb. “Hraparak”ın mənbələri hətta onun Rusiyada müəyyən əlaqələr qurduğunu və məhz buna görə Paşinyanın siyasi kursuna əvvəlki kimi uyğun gəlmədiyini iddia edir. Bu məlumatlar da rəsmi şəkildə təsdiqlənməyib.
Qeyd edək ki, Arsenyan 2024-cü ilin avqustunda Rusiyaya səfir təyin edilmişdi. Bundan əvvəl o, Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” fraksiyasından Ermənistan parlamentinin deputatı olub. Səfir təyin olunarkən onun qarşısında əsas vəzifələrdən birinin Moskva ilə münasibətlərdə yaranmış gərginliyi yumşaltmaq olduğu bildirilirdi.
Qurgen Arsenyanın siyasi və biznes keçmişi də diqqət çəkir. O, 1959-cu il noyabrın 22-də İrəvanda anadan olub. 1980-ci ildə İrəvan Xalq Təsərrüfatı İnstitutunu iqtisadçı ixtisası üzrə bitirib. 1981-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində Ussuriysk şəhərində, Uzaq Şərq Hərbi Dairəsində hərbi xidmət keçib. Daha sonra Ermənistanda iqtisadi sahədə çalışıb, 1987-2000-ci illərdə, o cümlədən Moskvada sahibkarlıq fəaliyyəti ilə məşğul olub.Arsenyanın siyasi karyerası da kifayət qədər uzun olub. 1990-1994-cü illərdə Ermənistan Respublika Partiyasının üzvü olub, 1991-1992-ci illərdə partiyanın siyasi şurasında yer alıb. 2000-2003-cü və 2003-2007-ci illərdə Ermənistan parlamentinin deputatı olub, 2002-ci ildə Birləşmiş Əmək Partiyasını yaradıb və ona rəhbərlik edib. 2012-2017-ci illərdə “Çiçəklənən Ermənistan” partiyasının siyahısından parlamentə seçilib. Daha sonra Arsenyan siyasi istiqamətini dəyişərək Paşinyanın komandasına daxil olub. 2021-ci il parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi”nin siyahısından deputat seçilib və parlamentin Xarici əlaqələr komissiyasında fəaliyyət göstərib. 2024-cü il avqustun 6-da deputat mandatından vaxtından əvvəl imtina edib. Həmin ilin oktyabrında isə onun Ermənistanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyi gündəmə gəlib və avqust ayından diplomatik missiyaya rəhbərlik edib.
“Hraparak” qəzeti isə daha fərqli versiya irəli sürüb. Qəzetin mənbələrinə görə, Arsenyanın geri çağırılması qərarı ilə bağlı ona beş gün əvvəl məlumat verilib və Moskva ilə gərgin münasibətləri tənzimləmək üçün onun yerinə peşəkar diplomat göndərilməsi planlaşdırılır. İndi əsas sual Arsenyanın kimlə əvəzlənəcəyidir. Çünki Moskvaya göndəriləcək yeni səfir İrəvanın Rusiya ilə münasibətlərində real niyyətinin mühüm göstəricisinə çevrilə bilər. Peşəkar diplomat seçimi gərginliyi azaltmaq cəhdi olacaq, yoxsa sadəcə Paşinyanın yeni xarici siyasət kursunu daha çevik həyata keçirmək üçün kadr dəyişikliyi – bunu artıq növbəti addım göstərəcək...
Musavat.com
24 Avqust 2026
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ