İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni Tramp-Putin gizli sövdələşməsi: Ağ Ev Kremlə niyə tez-tələsik “emissarlar” göndərir

Ağ Ev sahibi Donald Trampın Ukrayna savaşının dayandırılması üçün yeni “sülh pəncərəsi”nin açılması cəhdlərinə münasibətdə Türkiyə və ABŞ-ın geopolitik mövqeyi böyük ölçüdə üst-üstə düşür... Əgər, Ağ Evin sülh təşəbbüsləri ilə rəsmi rəsmi Ankaranın vasitəçilik cəhdləri uzlaşmaqda davam edərsə, onda savaşan tərəflər arasında yeni danışıqlar formatının yaranma ehtimalı daha da güclənə bilər...

Son vaxtlar Ağ Ev ABŞ-ın Ukrayna savaşının dayandırılması üzrə sülh danışıqları prosesində vasitəçilik missiyasına geri dönüşü istiqamətində müəyyən addımlar atmağa çalışır. Prezident Donald Trampın Rusiya və Ukrayna üçün növbəti dəfə "sülh pəncərəsi" açmağa cəhd göstərdiyi müşahidə olunur. Bu baxımdan, Ukrayna savaşının gələcək taleyinin müəyyən olunması üçün həlledici mərhələnin yetişdiyi barədə də qənaətlər mövcuddur. Və belə vəziyyətdə ABŞ-ın yenidən Rusiya ilə gizli anlaşmaya üstünlük verə biləcəyinə yönəlik iddialar həm Ukraynada, həm də kollektiv Qərb düşərgəsində müəyyən narahatlıqlar da yaradır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları Ağ Evin yeni geopolitik strategiyasının konturlarını tədricən üzə çıxarmağa başlayıb. Bu baxımdan, Ağ Ev sahibinin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin yaxın günlərdə Ukraynaya planlaşdırılan səfəri də adi siyasi-diplomatik missiyadan daha geniş məna daşıyır. Çünki bu addım Tramp administrasiyasının Ukrayna müharibəsinin taleyini dəyişə biləcək yeni siyasi-diplomatik prosesə start vermək niyyətində olduğuna yönəlik ehtimalları daha da gücləndirir.

fbbec19f-aa64-450f-97a6-5ab9445d27ca.jpg (115 KB)

Hər halda, Ağ Ev sahibi Donald Tramp açıq şəkildə bəyan edib ki, ABŞ-ın əsas məqsədi Ukraynaya yeni raketlər göndərmək deyil, əksinə bu müharibəni ümumiyyətlə, ən qısa zamanda dayandırmaqdır. Ona görə də, Ağ Ev sahibinin son vaxtlar daha tez-tez təkrarladığı "Putin razılaşmaya hazırdır" iddiası beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən hazırda geniş şəkildə müzakirələrə olunmaqdadır. Əgər, ABŞ prezidentinin Rusiya lideri barədə bu iddiası reallığı əks etdirirsə, onda deməli, Ağ Ev və Kreml arasında siyasi-diplomatik təmaslar müəyyən mənada, davamlılığını hələ də qoruyub, saxlayır. Və üstəlik, bu təmaslar son vaxtlar artıq əvvəlki mərhələlər ilə müqayisədə daha intensiv xarakter almağa başlayıb.

Bununla belə, Ukrayna müharibəsinin sona çatması yalnız ABŞ və Rusiyanın siyasi iradəsinə bağlı anlaşmalardan asılı deyil. Çünki rəsmi Kiyev üçün təhlükəsizlik təminatları, işğal olunmuş ərazilərin gələcək statusu, Rusiyaya qarşı sanksiyalar, Ukraynanın bərpası, Avropanın təhlükəsizlik sistemi və s. kimi önəmli məsələlər hələ də qlobal məkanda ciddi fikir ayrılıqları yaradan əsas mövzular olaraq, qalmaqdadır. Və məhz ona görə də, ABŞ-dan fərqli olaraq, Avropa Birliyinin Ukraynaya birmənalı şəkildə tam dəstək verdiyi bir situasiyada prinsipial razılaşmanın əldə olunması kifayət qədər mürəkkəb danışıqlar tələb edir.

Maraqlıdır ki, Ağ Ev sahibi Donald Trampın yeni “sülh pəncərəsi”nin açılması cəhdlərinə münasibətdə Türkiyə və ABŞ-ın geopolitik mövqeyi böyük ölçüdə uzlaşır. Belə ki, rəsmi Ankara növbəti dəfə Rusiya və Ukraynaya müraciət edərək, yenidən vasitəçilik təşəbbüsü ilə çıxış etməyə başlayıb. Yəni, Türkiyə Rusiya və Ukraynaya yaxın vaxtlarda yenidən sülh danışıqlarına qayıtmağı təklif edib. Bu isə onu göstərir ki, rəsmi Ankara regional diplomatiyada öz rolunu qorumağa və Qara dəniz hövzəsində əsas vasitəçi statusunu möhkəmləndirməyə çalışır. Və əgər, Ağ Evin sülh təşəbbüsləri ilə rəsmi Ankaranın vasitəçilik cəhdləri uzlaşmaqda davam edərsə, savaşan tərəflər arasında yeni danışıqlar formatının yaranma ehtimalı daha da güclənə bilər.

3b9ad177-9fbf-4027-aab8-8ed2214cbceb.jpg (232 KB)

Digər tərəfdən, Kiyevdə keçirilən "Ukrayna – Cənub-Şərqi Avropa" sammiti “qoca qitə” ölkələri arasında Ukraynaya münasibətdə tam siyasi həmrəyliyin olmadığını da nümayiş etdirdi. Belə ki, Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini, Ukraynaya isə hərbi dəstəyin və maliyyə yardımlarının davam etdirilməsini nəzərdə tutan yekun bəyannaməni imzalamaqdan birmənalı şəkildə imtina edib. Və onun bu addımı rəsmi Belqradın ənənəvi balans siyasətini davam etdirdiyini göstərməklə yanaşı, həm də Avropanın gələcək geopolitik kursu ətrafında da müəyyən fikir ayrılıqlarının hələlik mövcud olduğunu təsdiqləyir.

Halbuki, “qoca qitə” ölkələrinin hər tərəfli dəstəyinə indi daha çox ehtiyacı olan rəsmi Kiyev Ukrayna ətrafında yaranmış situasiyanın ən təhlükəli istiqamətlərini həm daxili, həm də qlobal aiditoriyaya kəskin ritorika ilə çatdırmağa çalışır. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ölkə əhalisini qarşıdakı çox ağır qışa indidən hazırlaşmağa çağırması mövcud vəziyyətin nə qədər həssas olduğunu açıq şəkildə göstərir. Çünki enerji infrastrukturunun davamlı hücum riski altında qalması, iqtisadi çətinliklər və uzunmüddətli müharibənin sosial nəticələri Ukraynanın qarşısında yeni təhlükəli çağırışlar yaradır. Və bu baxımdan, prezident Volodimir Zelenskinin həmin xəbərdarlığı həm də beynəlxalq tərəfdaşlara əlavə dəstəyin vacibliyi barədə siyasi mesaj kimi qiymətləndirilə bilər.

Göründüyü kimi, hazırkı mərhələdə əsas önəmli məqam ondan ibarətdir ki, Ukrayna savaşı ilə bağlı bütün aparıcı qlobal oyunçular bir-birinə paralel şəkildə həm hərbi, həm də siyasi-diplomatik ssenarilərə indidən hazırlaşmağa çalışırlar. Belə ki, bir tərəfdən, qarşılıqlı hərbi əməliyyatlar davam edir, digər tərəfdən isə mümkün siyasi razılaşmanın şərtləri ətrafında fəal diplomatik proseslər müşahidə olunur. Və bu isə onu göstərir ki, qarşıdakı aylar Ukrayna müharibəsinin gələcək inkişaf istiqamətlərini müəyyən edə biləcək səviyyədə həlledici mərhələlərdən biri ola bilər.

c38ac49b-d8ba-47dc-811b-c887333f7226.jpg (153 KB)

Belə anlaşılır ki, yaxın perspektivdə Ukrayna savaşı üzrə hərtərəfli sülh sazişinin əldə ediləcəyinə qəti şəkildə əmin olmaq qətiyyən mümkün deyil. Çünki bu müharibənin gedişinə təsir edən çoxsaylı siyasi, hərbi və geopolitik faktorlar mövcuddur. Ona görə də, indiki mərhələdə ən real ehtimal genişmiqyaslı yekun sazişdən daha çox uzaqda görünür. Yəni, indi münaqişə tərəflərinin müəyyən məsələlər üzrə kompromis imkanlarının araşdırılmasına yönəlik intensiv siyasi-diplomatik proseslərin davam etdirilməsi daha məntiqli xarakter daşıyır.

Bu baxımdan, Ağ Ev sahibi Donald Trampın Kremlə göndərəcəyi “emissar desantı”nın önünü açacağı yeni geopolitik proseslərin inkişaf istiqamətləri elə indidən böyük maraq doğurur. Çünki məhz həmin proseslərin nəticələri, həm Ukraynanın, həm Rusiyanın, həm də Avropanın təhlükəsizlik arxitekturasının gələcək taleyinə ciddi şəkildə təsir göstərə bilər. Və bu, ABŞ-ın Ukrayna savaşının dayandırılması üzrə sülh prosesində öz üzərinə yenidən qlobal səviyyədə məsuliyyət götürdüyünü də göstərir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR