İnsanlara hürriyət, millətlərə istiqlal!

AK Partiyanın 25 illiyində Azərbaycan nəfəsi – 69 illik musiqi qardaş ölkənin səsi oldu - VİDEO

Türkiyədə AK Partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə hazırlanan xüsusi videorolik Azərbaycanda da diqqət çəkib.

Musavat.com xəbər verir ki, partiyanın 25 illik fəaliyyətini, bu dövrdə Türkiyədə həyata keçirilən layihələri və ölkənin keçdiyi inkişaf yolunu əks etdirən videonun musiqisi Azərbaycan mədəniyyətinin incilərindən seçilib.

Videorolikdə Azərbaycanın görkəmli bəstəkarı Tofiq Quliyevin bəstələdiyi məşhur “Hamıdan gözəl mənəm” mahnısının musiqisindən istifadə olunub. Mahnının sözləri tanınmış şair Ənvər Əlibəyliyə məxsusdur. Əsəri Azərbaycan musiqisinin korifey sənətkarlarından olan Şövkət Ələkbərova özünəməxsus və unudulmaz səsi ilə ifa edib.

“Hamıdan gözəl mənəm” Azərbaycan kinosunun klassik nümunələrindən olan “Qızmar günəş altında” filmi ilə xüsusilə məşhurlaşıb. 69 ildir Azərbaycan dinləyicisinin yaddaşında yaşayan Tofiq Quliyev musiqisi bu gün də sevilərək dinlənilir.

Qardaş Türkiyənin hakim AK Partiyasının özünün 25 illik yubileyinə həsr etdiyi belə mühüm videorolik üçün məhz Azərbaycan musiqisini seçməsi xüsusi məna daşıyır. Bu seçim Azərbaycan və Türkiyəni birləşdirən təkcə siyasi və strateji münasibətlərin deyil, ortaq dilimizin, soyumuzun, tariximizin və mədəniyyətimizin yaxınlığının da gözəl göstəricisidir.

Azərbaycan və Türkiyə arasındakı qardaşlıq yalnız sözlərdə deyil, tarixin ən çətin məqamlarında dəfələrlə özünü göstərib. Çanaqqala savaşından Bakının bolşevik-daşnak işğalından azad edilməsinə qədər bu qardaşlığın tarixdə dərin izləri var.

Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin göstərdiyi qətiyyətli siyasi, hərbi və mənəvi dəstək Azərbaycan xalqının yaddaşındadır. Eyni şəkildə, Türkiyədə baş verən dağıdıcı zəlzələlər və meşə yanğınları zamanı Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında olub, imkanlarını səfərbər edərək yardımını əsirgəməyib.

İki ölkə arasındakı tarixi münasibətlər Şuşa Bəyannaməsi ilə daha yüksək – müttəfiqlik səviyyəsinə qaldırılıb. 15 iyun 2021-ci ildə Şuşada imzalanmış bu tarixi sənəd Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin gələcək nəsillərə ötürüləcək möhkəm təməllərindən birinə çevrilib.

Bu gün AK Partiyanın 25 illik yubiley videosunda Tofiq Quliyevin ölməz musiqisinin səslənməsi də həmin böyük qardaşlığın mədəni müstəvidə kiçik, lakin olduqca xoş və rəmzi təzahürüdür. Türkiyənin Azərbaycan xalqına, Azərbaycan xalqının isə Türkiyəyə bəslədiyi sevginin belə nümunələri iki xalqın bir-birinə nə qədər yaxın olduğunu bir daha göstərir.

“Bir millət, iki dövlət” fəlsəfəsi bu münasibətlərin mahiyyətini ən dəqiq şəkildə ifadə edir. Dövlətlərimiz arasındakı müttəfiqlik kimi, xalqlarımız arasındakı sevgi və qardaşlıq da zaman keçdikcə daha da möhkəmlənir.

Tofiq Quliyevin 69 il əvvəl bəstələdiyi Azərbaycan melodiyasının bu gün qardaş Türkiyədə belə əlamətdar yubiley videosunu müşayiət etməsi də bir daha göstərir: Azərbaycan-Türkiyə qardaşlığı siyasətdən mədəniyyətə, tarixdən musiqiyə qədər hər sahədə yaşayır və yaşayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR