İnsanlara hürriyət, millətlərə istiqlal!

Tranzitdən daha böyük hədəf – Azərbaycan iqtisadi dəhliz yaradır

Azərbaycan son illərdə özünü yalnız Şərq-Qərb və Şimal-Cənub marşrutlarının üzərində yerləşən tranzit ölkə kimi deyil, həm də regional iqtisadi və logistika mərkəzi kimi təqdim edir. Bakı Limanı, Orta Dəhliz, Şimal-Cənub marşrutu, yeni nəqliyyat bağlantıları və enerji dəhlizləri ölkənin bu istiqamətdə imkanlarını genişləndirir. Lakin yükün Azərbaycan ərazisindən keçməsi ilə ölkə iqtisadiyyatında daha çox əlavə dəyərin yaranması eyni şey deyil.

Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanın əsas hədəfi nəqliyyat dəhlizlərini iqtisadi dəhlizlərə çevirmək, özəl sektorun aparıcı rol oynadığı şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyat formalaşdırmaqdır.

Bəs Azərbaycan tranzit ölkə olmaqdan regional istehsal, ticarət və logistika mərkəzinə çevrilə biləcəkmi? Dəhlizlər ölkəyə yalnız tranzit gəlirləri gətirəcək, yoxsaonların ətrafında yeni zavodlar, logistika mərkəzləri, xidmət sahələri və ixrac imkanları da formalaşacaq?

Azərbaycanın nəqliyyat dəhlizlərində yükdaşımaların həcmi də bu istiqamətin getdikcə artan əhəmiyyətini göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında nəqliyyat dəhlizləri vasitəsilə 16,6 milyon tondan çox yük daşınıb. Bunun 9,2 milyon tonu Şərq-Qərb, 4,5 milyon tona yaxını isə Şimal-Cənub dəhlizinin payına düşüb.

Müqayisə üçün, 2025-ci ilin bütöv ili ərzində Şərq-Qərb dəhlizi ilə 16,9 milyon ton, Şimal-Cənub dəhlizi ilə isə 9,3 milyon ton yük daşınıb. Bu rəqəmlər göstərir ki, təkcə 2026-cı ilin ilk altı ayında Şərq-Qərb dəhlizi ilə daşınan yükün həcmi ötən ilin illik göstəricisinin yarısından çoxuna, Şimal-Cənub üzrə göstərici isə təxminən yarısına çatıb. Tranzit yükün ümumi daşımalar içərisindəki payı da diqqət çəkir. 2026-cı ilin ilk yarısında dəmir yolu ilə daşınan yüklərin 46,6 faizi, avtomobil nəqliyyatı ilə daşınan yüklərin isə 46,5 faizi tranzit yüklər olub. 2025-ci ildə isə bu göstəricilər müvafiq olaraq 46,2 faiz və 42,3 faiz təşkil edib. Yəni avtomobil nəqliyyatında tranzit yükün payı bir il ərzində 4 faiz bəndindən çox artıb.

ELDENİZ EN SON.jpeg (93 KB)

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a deyib ki, dəhlizlərin ölkələrə tranzit gəlirləri gətirməsi prosesi dəhlizlərin yarandığı orta əsrlərdən bəri, hətta ondan da əvvəl baş verib: “Yəni dəhlizlərin sadəcə ölkəyə tranzit gəliri gətirməsi ən başlanğıc modeldir. Məhz iqtisadi diplomatiyada, iqtisadi siyasətdə dəhlizin tranzit gəliri gətirən mənbə olmaqdan genişlənərək daha geniş iqtisadi mahiyyət daşıması əsas məqsəddir. Bunun üçün də dəhlizin multiplikativ effektlərinin mümkün qədər artırılması lazımdır. Bu effektlər artırıldığı zaman artıq iqtisadi dəhliz, nazirin qeyd etdiyi kimi, iqtisadi imkanlar trayektoriyasına çevrilir”.

İqtisadçı qeyd edib ki, dünyada bunun kifayət qədər nümunələri var: “Məhz məsələyə bu kontekstdə yanaşanda Orta Dəhlizin əhəmiyyəti önə çıxır, düzdür, Şimal-Cənub dəhlizində də perspektivdə bunun mümkün olacağını deyə bilərik. Amma hazırkı geosiyasi və qlobal şərtlər çərçivəsində İran və Rusiya ilə bağlı məlum proseslər Şimal-Cənub dəhlizi ilə bağlı çoxlu cavabsız suallar saxlayır. Orta Dəhlizlə bağlı isə vəziyyət tamamilə başqadır. Orta Dəhliz bilavasitə inkişaf etdikcə, infrastrukturu qurulduqca, dəhlizin həm qərbdən şərqə, həm də şərqdən qərbə istiqamətində dəhlizboyu müxtəlif iqtisadi fəaliyyət sahələrinin yaradılması və mövcud fəaliyyət sahələrinin genişləndirilməsi imkanları yaranır. Təbii ki, bu imkanlara yeni istehsal sahələrinin yaradılması, logistika mərkəzlərinin yaradılması, müxtəlif xidmət sahələrinin, o cümlədən logistika xidmətlərinin, sığorta xidmətlərinin, ayrı-ayrı birbaşa nəqliyyat xidmətlərinin və sair istiqamətlərin inkişafını aid etmək olar.

Burada yaradılacaq istehsal və emal müəssisələri bu iqtisadi fəaliyyət sahələri arasında öz prioritetliyinə görə birinci olmalıdır. Çünki bunlar bilavasitə ciddi dəyər yaradan istiqamətlərdir. Xidmətlərin də bəsit xidmətlərə deyil, dəyər yaradan istiqamətlərə fokuslanması, qarşıya qoyulan hədəflərə nail olmaq üçün çox önəmlidir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR