İnsanlara hürriyət, millətlərə istiqlal!

Tənəzzülün özü və üzü – Suslovdan Valuyevə qədər...

Rusiyalı siyasilərin, politoloqların, jurnalistlərin parlament seçkisində seçim etmiş Ermənistana dair verdikləri açıqlamalara diqqət edəndə inanmaq olmur ki, bunlar 70 il boyunca 14 ölkənin (100-ə yaxın xalqın) başını “xalqlar dostluğu” ideologiyası ilə piyləyə biliblər.

Dostluq söhbəti bitib, düşməncəsinə danışırlar, “xozeyin-mujik” (ağa-rəiyyət) söhbəti edir,. Bir fikir adamının vaxtilə dediyi “Rusiyanın dostu yoxdur, ya düşməni var, ya da nökəri” fikri dönə-dönə təsdiqlənir.

Necə də qırmızı və ambisiyalıdırlar! Hamı bunlara borclu imiş! Heç kəsin özbaşına seçim etmək, yol bəlirləmək, qonşu dövlətlərlə dostluq büsatı qurmaq haqqı yoxdur! Bütün bunlara Moskva, Kreml rüsxət verməlidir!

Üzdə olan rusların aşağı-yuxarı açıqlamalarının ümumi məzmunu bu cürdür. “Ermənistan Ukrayna yoluna girdi” deyirlər. “Növbəti xüsusi hərbi əməliyyat Ermənistanda olacaq” bəyanatı verirlər.

Bu sonuncunu keçmiş boksçu, hazırda Rusiya parlamentinin üzvü olan Nikolay Valuyev dilə gətirib. Valuyev Rusiyanın Ukraynada qalib gəldiyini bildirərək, əlavə edib ki, Putinin ağlı və müdrikliyi sayəsində Ermənistanı da ram edəcəklər. (Bundan əvvəl o, Azərbaycana qarşı da bir dürmək yemişdi, sonra üzr istədi). O, Kremlin dərin kabinetlərindəki düşüncənin nə olduğunu bilir, öz kiçik beyni ilə sözçülük edir.

Görün, Kremlin siyasəti nə qədər tənəzzül edib: bir zamanlar Mixail Suslov kimi ağıl dəryalarının, prinsipial strateqlərin pərdə arxasından yönəltdiyi siyasətin vitrinində Valuyev kimi, qatıldığı yarışlarda dəfələrlə kəllə-beyin travması almış adamlar durur.

Sanki Rusiyanın öz qonşularını əbədi olaraq öz süni peyki kimi saxlamaq üzrə eksklüziv hüquqları var. O, olan yerdə heç kim müstəqil ola bilməz, suverenitetləri formal olmalıdır, o dövlətlərdə hakimiyyətə Kremlə biət edənlər gəlməlidir və sədaqətli olmalıdırlar. Sədaqətli olmayanı dəyişmək hüququ da Kremlə məxsusdur.

Müharibədən, hansısa ölkəni Ukraynaya döndərməkdən elə də böyük-böyük danışırlar ki, guya Ukraynada əlləri bala batıb, möhtəşəm qələbə qazanıblar, indi başqa ölkələrdə də eyni zəfərə yetişəcəklər.

Anlamaq istəmirlər ki, indən belə Ukraynanı tamamilə işğal etsələr də, bu, Pirr qələbəsi olmaqdan o yana keçməyəcək. Çünki 2022-ci ildə başlayan və bitmək bilməyən Ukrayna müharibəsi hər iki tərəfə çox baha başa gəlib və gəlir. 3-4 günə başa çatacağı gözlənilən savaşın 5-ci ilinin 4-cü ayı gedir, hələ ortada qələbə adına bir şey yoxdur. Yalnız itkilər var.

Bunu nəzərə alıb ziyanın yarısından qayıtmaq əvəzinə indi də Ermənistanı, Moldovanı hədələyirlər.

Moldova Rumıniya, eləcə də Avropa ilə yaxınlaşmaq, çulğaşmaq istəyir, yolunu belə görür. Rusiya razılaşmır, “gözümdən uzağa gedə bilməzsən” deyir.

Ermənistan Avropaya inteqrasiyaya can atır, bu yolla inkişaf etmək, firavan olmaq niyyətindədir, Kreml ona “sona qədər yanımda qalmalısan” deyir.

Qazaxıstan və Özbəkistanın əvvəlcə Çinlə, son illərdə isə ABŞ və Avropa ilə yaxınlaşması Moskvanı əndişələndirir.

Qırğızıstan və Tacikistan zəif bəndlərdir, Rusiyadan üz döndərmək fikirlri yoxdur, amma Moskva onlara da vaxtaşırı gözağartması edir.

İndi necə olsun? Heç bir dövlət öz problemlərini həll etmək üçün çabalamasın? Hamı oturub gözləsin ki, Rusiya nə vaxt müharibələrdən, ətraf dünya ilə sonu görünməyən intriqa və çəkişmələrdən əl çəkəcək, Çin kimi inkişaf yoluna qədəm qoyacaq və başqalarına da tərəqqi etmələri üçün şərait yaradacaq?

Yaxın illərdə belə şey olacağı gözlənilmir. İşartıları belə yoxdur. Rusiyanı idarə edənlər müasir dövrün tələbləri ilə hesablaşmır, ona uyğunlaşmaq istəmirlər. Onlar I Pyotrun, II Aleksandrın dönəmində olduğu kimi düşünürlər: “Biz güclüyük, zəiflər hamısı bizə təslim və tabe olmalıdırlar, yoxsa müharibə edəcəyik, məhv olacaqlar”.

Baltikyanı ölkələr də daxil, digər Avropa ölkələri Rusiyanın məramını anlayıblar və preventiv tədbirlər görməkdədirlər. Orta Asiya ölkələri Moskvanı qeyzləndirmədən öz yollarıyla hərəkət edir, Kremli yola verirlər. Qafqaz ölkələrinin isə hərəsi bir cür davranır. Gürcüstan Rusiyaya loyal, ancaq məsafəlidir, Ermənistan Rusiya ilə bağlarının çoxunu qoparmaq, özünə sərf edənləri saxlamaq əzmindədir. Azərbaycan isə Rusiya ilə dinc, yanaşı yaşamaq, yaxın qonşu olmaq niyyətindədir, amma əsas istəyi odur ki, Moskva onun nə daxili işlərinə, nə də xarici siyasətinə qarışmasın.

Rusiya yalnız ağıl-kamalla idarə olunacağı təqdirdə qonşuları və ətraf ölkələr üçün cazibədar ola bilər, zor dili ilə danışanda ona münasibət Valuyevə olan münasibətdən seçilməyəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR