Onlayn ictimai-siyasi qəzet
Sabah İtaliyada XXV Qış Olimpiya Oyunları start götürəcək; bizə əlçatmaz görünən nələr gerçəkləşdi, bəlkə nə vaxtsa doğma şəhərimiz də belə günlər yaşadı...
Biz uşaqlıqdan qışı indiki kimi fevralda 5 dərəcə istidə yox, əsl mövsüm olaraq doya-doya yaşamışıq. O səbəbdən şəxsən bəndənizin qış oyunlarına- xüsusilə hokkeyə və fiqurlu konkisürmə yarışlarına marağım uşaqlıqdan bəri heç azalmadı. Yeri gəlmişkən, bir dəfə aran rayonlarından olan həmkarlarımızdan birindən tam ciddi soruşdum ki, sovet vaxtı heç hokkeyə baxıbmı? O da məşhur lətifə ilə cavab verdi: “Hokkey o qara şey nədirsə, onu diri tutmaq oyunu deyilmi?” Qış olimpiadasının hokkeyinin başqa bir ləzzəti var. Rusları Ukrayna müharibəsi səbəbindən beynəlxalq yarışlara buraxmırlar, ya da neytral bayraq altında çıxış edirlər. İndi hokkeydə rəqabət bir az azalıb, amma bu idmanda olimpiada qızılının bir başqa dəyəri var.
Bunu bir dəfə də gərək ki, yazmışam: Şuşa işğaldan azad olduğu ilk qışda bəzi şuşalılar qar yağanda bir neçə araba düzəldib 28 il yarım ayrılıqdan sonra şəhərdə doyunca sürüşmüşdülər. Şuşada qış boyu əsl sanka(qış arabası) olimpiadası olardı axı... Qar yağdı, sankalar yarışa çıxardı. Həm də nə sankalar? Adla tanınalar var: Arkanın sankası, Buludun oğlu Ceyhunun sankası və s. Qış Olimpiya Oyunlara sanka ilə sürüşmə (bobsley) o vaxt vardı ya yox, xatırlamıram.
İndi düşünürəm ki, əslində Şuşa balaca şəhər olsa da, “Ağ olimpiada”nın bir neçə yarışı üçün yaxşı məkandır, məsələn, ən azı iki yarışı Şuşa-Xankəndi-Ağdam marşrutu üzrə keçirmək olar. Kim bilir, bizə əlçatmaz görünən nələr gerçəkləşdi, bəlkə nə vaxtsa Şuşa da belə günlər yaşadı...
***
Fevralın 6-da dünyanın ən əhəmiyyətli idman tədbirlərindən biri -XXV Qış Olimpiya Oyunları start götürəcək. Yarışlar fevralın 23-dək davam edəcək. İlk Qış Olimpiya Oyunları 1924-cü il yanvarın 25-dən fevralın 5-dək Fransanın Şamoni şəhərində keçirilib. Oyunlar əvvəl rəsmi olaraq "Qış İdman Həftəsi" adlandırılıb. Proqrama fiqurlu konkisürmə, sürətli konkisürmə, xizək sürmə, xizək tullanması, bobsley və buz üzərində hokkey daxil idi. Qış Olimpiya Oyunlarının müntəzəm keçirilməsi qərarı 1925-ci ildə qəbul edilib.
Hər olimpiadalarda dünyada bir gərginlik yaranır, məsələn, Gürcüstan-Rusiya müharibəsi yay olimpiadasında olmuşdu. İnşallah ki, bu dəfə də İran-ABŞ savaşı olmaz. Tramp da, Xamenei də qəliz adamlardır, amma hər halda missiyası barış olan olimpiada bu dəfə silah səsləri olmadan keçəcəyinə ümid var. Tarixə nəzər salsaq, 1940-cı ildə Almaniyanın Qarmiş-Partenkirhen şəhərində və 1944-cü ildə İtaliyanın Kortina d'Ampezzo şəhərində keçirilməsi planlaşdırılan Qış Olimpiya Oyunlar İkinci Dünya müharibəsi səbəbindən ləğv edilib.
***
Qış olimpiadasına İtaliyanın bir neçə şəhəri ev sahibliyi edək. Yarışlar ölkənin şimal bölgələrində yerləşən 15 məkan arasında bölüşdürülüb. Məsələn, futbolla assosasiya olunan Milan bu dəfə buz idman növlərinin əsas mərkəzinə çevriləcək. Mənim də diqqətim bu şəhərdə olacaq. Çünki həm fiqurlu konkisürmə və xokkey burada keçiriləcək. Açılış mərasimi də əfsanəvi “San Siro” stadionunda olacaq. Bir az qabağa qaçıb deyim ki, bağlanış mərasimi isə qədim amfiteatr olan “Arena di Verona”da keçiriləcək.
Kortina d'Ampezzo və ətraf dağlıq ərazilərdə dağ xizəyi və bobsley yarışları keçiriləcək. Daha bir maraqlı fakt: olimpiadalar tarixdə ilk dəfə olaraq iki məşəl yandırılacaq. Birincisi Milanda , ikincisi isə Kortina d'Ampezzoda... Olimpiadanın İtaliyada keçiriləcəyi qərarı 2019-cu ildə verilib, amma yarışların keçiriləcəyi arenaların böyük əksəriyyəti uzun müddətdir fəaliyyət göstərir. yəni İtaliya hökuməti artıq xərc çəkməyib.
*** 
Artıq dünyanın hər yerindən idmançılar medallar uğrunda mübarizə aparmaq üçün İtaliyada buz meydançalarına və qarlı yamaclara axın etməkdədirlər. Yarışlarda 93 ölkədən 3500-dən çox idmançının iştirakı gözlənilir. Rusiya idmançıları bu dəfə də olimpiadaya neytral ölkə kimi qoşulacaqlar. Hazırda doqquz Rusiya idmançısının İtaliyadakı yarışlarda iştirak edəcəyi məlumdur.
***
![]()
Azərbaycan Qış Olimpiya Oyunlarında ilk dəfə 1998-ci ildə iştirak edib və o vaxtdan bu yana davamlı çıxış edir, lakin hələ medal qazanmadıq. Çünki ölkəmiz hər dəfə kiçik heyətlə qatılır, adətən bir-iki idmançıdan ibarət komanda ilə yarışır. Azərbaycanı bu Qış Olimpiya Oyunlarında iki idmançı təmsil edəcək. Vladimir Litvintsev Azərbaycanı fiqurlu konkisürmədə təmsil edəcək. (Dörd il əvvəl də Çində keçirilən olimpiadada ölkəmizi konkisürmədə daha bir idmançı da təmsil edirdi-Yekatrina Ryabova). Əvvəl o, qısa proqramda çıxış edəcək. Əgər qısa proqramı uğurla başa vurarsa, sərbəst çıxışda da yarışacaq. Litvintsev ölkəmizi artıq beynəlxalq səviyyədə təmsil edib və 2022-ci il Pekin Qış Olimpiadasında da iştirakçı olub. Anastasiya Papatoma isə ölkəmizi dağ xizəyi – slalomda təmsil edəcək.
**
Olimpiadanın simvolları -Tina və Milodur. Tina gözəlliyi, incəsənəti və ətrafımızdakı dünyanı dəyişdirmək üçün mədəniyyətin gücünü simvolizə edir. Onun tünd tüklü kiçik qardaşı Milo Paralimpiya Oyunlarını təcəssüm etdirir. Yaradıcıların sözlərinə görə, o, bir pəncəsiz doğulmuş, lakin quyruğu ilə çətinliklərin öhdəsindən gəlməyi öyrənmişdir. Hər iki personaj italyan məktəblilərinin rəsmləri əsasında yaradılıb. Olimpiadanın emblemi tək sətirdə yazılmış "26" rəqəmidir. Olimpiadanın məşəlinin də minimalist dizaynı var: təmiz xətlər, artıq heç nə yoxdur - müasirlik və innovasiyanın simvolu. Olimpiya məşəlinə gəlincə, estafet hələ noyabrın sonlarında Yunanıstanın Olimpiya şəhərində başlayıb və bundan sonra alov İtaliya boyunca geniş səyahətə çıxıb.
***

"Ağ Olimpiada"lar yarandığı gündən bəri qalmaqallarla doludur. Bunlardan birincisi 1924-cü ildə sürətli konkisürmə yarışında baş verdi. Amerikalı Çarlz Yutro 500 metrlik yarışda qalib gələrək ölkəsinə ilk olimpiya qızılı qazandırdı. Onun vaxtı 44 saniyə idi və Yutro Norveçdən olan ən yaxın rəqiblərindən beşdə bir saniyə öndə tamamlamışdı. Skandinaviyalılar amerikalının qələbəsinə şübhə ilə yanaşdılar və nəticəyə etiraz etməyə çalışdılar. Apelyasiyada isə iddia etdilər ki, uzun müddət soyuqda dayanan hakim barmaqları ilə saniyəölçəni vaxtında dayandıra bilməyib. Buna baxmayaraq, nəticələr ləğv edilmədi və qızıl medal amerikalı konkisürənə qaldı.
Olimpiya idmançılarının ölümləri nisbətən nadirdir, lakin təəssüf ki, bunlar baş verir. 2010-cu il Vankuver Olimpiadasında məşqi zamanı faciə baş verdi. Saatda 145 kilometr sürətlə hərəkət edən 21 yaşlı gürcü idmançı Nodar Kumaritaşvili şana məşqinə nəzarəti itirdi, trekdən çıxdı və beton dayaq sütununa dəydi. Kömək dərhal gəldi, lakin onun həyatını xilas etmək mümkün olmadı.
Dəhşətli hadisənin araşdırılması zamanı bir çoxları Kanada trekindəki dizayn səhvlərinin səbəb olduğunu iddia etdi. Lakin bu iddialar rəsmi olaraq təsdiqlənmədi. Beynəlxalq Şana Federasiyası hadisənin pilot səhvi üzündən baş verdiyini açıqladı.
***
İTV bu yarışlardan canlı yayımlar verəcək. Dünyanın qarışıq vaxtında böyük idman bayramı bəlkə bir az gərginliyi yumşaltdı, ümid edək ki, ölkələr bu iki həftə ərzində hərb meydanında deyil, idman meydanlarında yarışacaqlar...
Nazim SABİROĞLU,
“Yeni Müsavat”
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ