Onlayn ictimai-siyasi qəzet
“Gənclərin bilikləri, ideyaları və seçimləri gələcəyin dünyasının formalaşmasında mühüm rol oynayacaq”.
Musavat.com xəbər verir ki, bu fikirləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan “Gənclərin Liderliyində İqlim Forumu: Dəyirmi Masa I - Öhdəliklərdən Tətbiqə: COP31-ə Gedən Yolda” adlı dəyirmi masada Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev bildirib.
“Bu gün sizin gələcəyinizə təsir edəcək mühüm qərarlar qəbul edilir. Biz iqlimlə bağlı sazişlər üzrə danışıqlar aparır, siyasətlər müəyyən edir və investisiya qərarları qəbul edirik. Nəticə etibarilə, bu qərarların formalaşdırdığı dünyanı siz miras alacaqsınız. Çox yaxın gələcəkdə isə bir çoxunuz mühüm qərarlar qəbul edən alimlər, sahibkarlar, mühəndislər, diplomatlar, siyasətçilər və biznes liderləri olacaqsınız. Buna görə də siz yalnız sabahın liderləri deyilsiniz. Sizin iqlim fəaliyyətinə töhfəniz elə bu gün də böyük əhəmiyyət daşıyır”, - o əlavə edib.
M.Babayev qeyd edib ki, gənclər ekstremal hava hadisələrindən, su və ərzaq ehtiyatlarına artan təzyiqdən tutmuş sürətlə dəyişən enerji sistemlərinə qədər ciddi çağırışlarla üzləşəcək:
“Lakin bu dəyişikliklər eyni zamanda yeni imkanlar da yaradır. Yeni texnologiyalar, yeni sənaye sahələri və süni intellekt mümkün olanların sərhədlərini dəyişir. Ehtiyac duyacağımız bəzi həllər hətta bu gün bu zalda əyləşən insanlar tərəfindən hazırlanacaq. Bütün bunlar gənclərin qarşıdakı keçid prosesinə hazırlanmasını xüsusilə vacib edir. İqlim fəaliyyəti artıq gələcəyin bacarıqlarını, peşələrini və imkanlarını dəyişir. Biz təmin etməliyik ki, təhsil gənclərə ehtiyac duyduqları bilik və praktiki bacarıqları qazandırsın, onları elm, texnologiya, innovasiya və real həyatda tətbiq olunan həllərlə daha sıx əlaqələndirsin. Siz həmçinin təmiz enerji, mühəndislik, maliyyə, kənd təsərrüfatı və digər sahələrdə yaranan yeni iş yerlərinə və imkanlara çıxış əldə etməlisiniz”.
Muxtar Babayev vurğulayıb ki, qarşıda böyük imkanlar var və bu imkanlardan maksimum dərəcədə yararlanmaq lazımdır.
Nigar Həsənli
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ