İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellektlə bağlı yeni XƏBƏRDARLIQ - Alimlər NİYƏ narahatdır...

Filds mükafatına layiq görülmüş 25 riyaziyyatçı alimdən ibarət qrup açıq məktubla çıxış edərək süni intellektin (Sİ) elmdə tətbiqinin yarada biləcəyi mənfi nəticələr barədə xəbərdarlıq edib. 

Müraciətdə bildirilir: "Süni intellekt şirkətlərinin səmərəlilik göstəricisi kimi riyazi məsələlərin həllinə can atması riyaziyyat elminə və cəmiyyətinə zərər vurur. Sİ sahəsində fəaliyyət göstərən şirkətlərlə riyaziyyat cəmiyyətinin məqsədləri bir-birindən ciddi şəkildə fərqlənir".

Qeyd olunur ki, alimlər bu uyğunsuzluğu digər elmi və yaradıcı peşələrə, eləcə də bütövlükdə cəmiyyətə təsir edən daha qlobal problemin tərkib hissəsi kimi qiymətləndirirlər. Tədqiqatçılar əlavə ediblər ki, son aylarda neyroşəbəkələrin mürəkkəb riyazi problemlərin həllindəki uğurları elmi ictimaiyyətin hüdudlarından kənarda da müzakirə mövzusuna çevrilib. Lakin məktub müəllifləri vurğulayıblar ki, məsələlərin həlli riyazi konsepsiyaların dərindən dərk edilməsindən ibarət olan əsas məqsədə çatmaq üçün sadəcə bir alət və vasitədir (Oxu.az).

Onların qənaətinə görə, problemlərin sürətli həlli yeni metodların kəşfinə vaxt saxlamır, həmçinin müəlliflik və plagiatla bağlı problemlər yaradır. Riyaziyyatçılar süni intellektin elmi tədqiqatları sürətləndirmək potensialını etiraf etsələr də, onun tətbiqinin nəticələrinin yalnız insanlardan və onların alqoritmlərdən istifadə prinsiplərindən asılı olacağını bildiriblər. Bəs insan problemdən düzgün çıxış yolu tapa biləcəkmi?

Dosent İlham Əhmədov Musavat.com-a deyib ki, Sİ dövründə riyaziyyatın əsas problemi cavab tapmaq deyil, düzgün sual verməkdir: “Süni intellektin mürəkkəb riyazi məsələləri həll etmək qabiliyyəti sürətlə artır. Bu proses riyaziyyat elminin gələcəyi ilə bağlı ciddi müzakirələr yaradıb. Fields mükafatına (Nobel mükafatının riyaziyyat üzrə analoqu) layiq görülmüş 25 riyaziyyatçı alimin açıq məktubla çıxış etməsi təsadüfi deyil. Alimlər xəbərdarlıq edirlər ki, süni intellekt şirkətlərinin riyazi məsələlərin həllini öz sistemlərinin “səmərəlilik göstəricisinə” çevirməsi (dolayısı ilə reklamı) riyaziyyata zərər vura bilər. Bu narahatlığın arxasında mühüm elmi məntiq dayanır. Riyaziyyatda məsələni həll etmək riyaziyyatın son məqsədi deyil. Əsas məsələ həmin həllin arxasında dayanan riyazi ideyanı, strukturu və qanunauyğunluğu anlamaqdır. Təsəvvür edək ki, Sİ mürəkkəb riyazi məsələnin düzgün cavabını saniyələr ərzində tapır. Bu, böyük texnoloji nailiyyətdir. Lakin riyaziyyatçı üçün bundan sonra maraqlı suallar başlayır: Niyə bu nəticə doğrudur? Bu nəticənin arxasında hansı ümumi prinsip dayanır? Bu prinsip başqa problemlərə tətbiq oluna bilərmi? Fundamental riyaziyyat məhz bu suallar üzərində qurulur. Ona görə Sİ-nin çoxlu riyazi məsələləri həll etməsi avtomatik olaraq onun riyazi kəşflər anlamına gəlmir. Problem həlli ilə riyazi anlayış arasında fərq var”.

WhatsApp Image 2026-09-14 at 17.17.18.jpeg (320 KB)

Dosentə görə, riyaziyyat üçün əsas təhlükə Sİ-nin insandan daha sürətli hesablaması deyil. Təhlükə insanın hesablamaq və düşünmək arasındakı fərqi unutmasıdır:

“Situasiyanı sadə məktəb riyaziyyatı nümunəsində izah edək. Əgər şagird problemi özü təhlil etmədən Sİ-yə verirsə, hipotez irəli sürmürsə, sübut strategiyası qurmursa və hazır cavabı qəbul edirsə, müəyyən müddətdən sonra o, riyaziyyatı bilən deyil, riyazi cavabları istehlak edən birinə çevrilə bilər. Bu isə fundamental elm üçün təhlükəlidir. Çünki riyaziyyat yalnız düsturlar və teoremlər sistemi deyil. Riyaziyyat düşüncə məktəbidir. Problem qoymaq, abstraksiya etmək, məntiqi əlaqə qurmaq, fərziyyəni yoxlamaq və sübut etmək riyazi təfəkkürün əsas komponentləridir. Məsələyə yalnız təhlükə prizmasından baxmaq düzgün olmaz. Sİ riyaziyyatçının gücünü dəfələrlə artıra bilər. Sİ çoxsaylı hipotezləri sürətlə sınaqdan keçirə; mümkün əks-nümunələri tapa; mürəkkəb hesablamaları apara; böyük riyazi strukturları analiz edə; formal sübutları yoxlaya; müxtəlif nəzəriyyələr arasında əlaqələri aşkar edə bilər. Bu halda Sİ riyaziyyatçının əvəzedicisi yox, intellektual laboratoriyası olur”.

İlham Əhmədov qeyd edir ki, riyaziyyatçı artıq yüzlərlə variantı əl ilə yoxlamır. Sİ bunu edir:

“Alim isə daha mühüm məsələyə — hansı nəticənin elmi əhəmiyyət daşıdığına diqqət yetirir. Beləliklə, Sİ riyaziyyatın sürətini deyil, kəşf imkanlarının miqyasını dəyişə bilər. Ənənəvi riyaziyyatçı əsasən hesablayır, sübut qurur və nəticə çıxarırdı. Sİ dövründə isə onun funksiyasına yeni elementlər əlavə olunur: problemi seçmək, düzgün sual yaratmaq, hipotez qurmaq, Sİ-nin nəticəsini yoxlamaq və yeni riyazi ideyanı müəyyənləşdirmək. Yəni, gələcəyin riyaziyyatçısı Sİ ilə rəqabət aparmamalıdır. Riyaziyyatçı Sİ-yə nisbətən daha yaxşı problem qoymağı bacarmalıdır. Deməli, Sİ cavabların istehsalını sürətləndirir. Alimin əsas üstünlüyü isə düzgün sual yaratmaq qabiliyyətidir.

“Sİ dövrünün riyaziyyatı” necə olacaq? Gələcəkdə riyazi tədqiqatın klassik ardıcıllığı dəyişə bilər: Daha problem → fərziyyə → sübut → nəticə əvəzinə problem → Sİ ilə çoxsaylı hipotezlər → simulyasiya və yoxlama → insanın riyazi təhlili → sübut → yeni nəzəriyyə modeli formalaşa bilər. Amma bu, riyaziyyatın sonu deyil, əksinə, proseslər düzgün qurularsa, bu mərhələ riyaziyyatın yeni inkişaf səviyyəsi ola bilər. Amma bunun üçün riyazi təhsildə də ciddi dəyişiklik lazımdır. Şagirdə yalnız “məsələni necə həll etmək” öyrədilməməlidir. Şagirdə problem necə görmək, hansı sualı vermək və Sİ-nin cavabını necə yoxlamaq öyrədilməlidir”.

Müsahibimiz bildirib ki, fizika, kimya və biologiyada da oxşar proses gedəcək: “Sİ milyonlarla variantı analiz edə, simulyasiyalar apara, yeni materialları və molekulları proqnozlaşdıra bilər. Amma burada da əsas prinsip dəyişmir: proqnoz izah demək deyil. Sİ müəyyən qanunauyğunluğu aşkar edə bilər. Onun fiziki, kimyəvi və ya bioloji səbəbini isə insan elmi düşüncə və eksperiment vasitəsilə müəyyən etməlidir. Deməli, fundamental elmlərin gələcəyi “insan, yoxsa Sİ?” seçimi üzərində qurulmayacaq. Əsas məsələ insan + Sİ əməkdaşlığının necə təşkil ediləcəyidir. Bu qarşıdakı illərin ən ciddi elmi problemidir. Sİ cavab verməyi getdikcə daha yaxşı bacaracaq. Amma insan hansı sualı verməli olduğunu bilməsə, bu imkanların böyük hissəsi faydasız qalacaq. Daha təhlükəlisi isə odur ki, insan Sİ-nin verdiyi cavabı yoxlamadan qəbul edə bilər. Ona görə Sİ dövründə riyaziyyatın əsas məqsədi dəyişməməlidir. Riyaziyyatçı hesablamaqdan əvvəl düşünməli, cavabdan əvvəl sual verməli, nəticədən əvvəl sübut tələb etməlidir. Sİ riyaziyyatı çökdürə də bilər, sürətləndirə inkişafını də bilər. Əgər insan düşünməyi Sİ-yə həvalə etsə, riyazi təfəkkür zəifləyəcək. Əgər Sİ-ni insan təfəkkürünün gücləndiricisinə çevirsə, riyaziyyat tarixində yeni bir intellektual mərhələ başlayacaq. Deməli, təhlükə Sİ-nin riyaziyyatı bilməsində yox, insanın riyazi düşünməsinin dayandırmasıdır”.

Afaq Mirayiq
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR