İnsanlara hürriyət, millətlərə istiqlal!

Şamaxıdakı zəlzələ Bakını qorxutdu – Seysmoloji Mərkəz rəhbərinin İZAHI

Şamaxıda növbəti zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, yerli vaxtla saat 15:52-də qeydə alınan yeraltı təkanın maqnitudası 4,7 olub. Zəlzələ 12 kilometr dərinlikdə baş verib. Bildirilib ki, təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda isə 3–4 bala yaxın hiss olunub.

Sosial şəbəkə istifadəçiləri zəlzələnin Bakı və Sumqayıt ərazilərində də hiss edildiyini yazıblar. Xüsusilə Şamaxı və ətraf bölgələrdə yaşayan sakinlər arasında təşviş müşahidə olunub. Azərbaycanın ən seysmik zonalarından biri hesab edilən bu ərazidə baş verən hər bir zəlzələ ictimaiyyətdə “daha güclü və dağıdıcı təkan ola bilərmi?” sualını yenidən gündəmə gətirir.

Tarixi yada salsaq görərik ki, Şamaxı bölgəsi əsrlər boyu güclü zəlzələlərlə üzləşib. Ən dağıdıcı zəlzələlərdən biri 1667-ci ildə qeydə alınıb və təxminən 6,9 bal gücündə qiymətləndirilib. Həmin zəlzələ nəticəsində on minlərlə insanın həyatını itirdiyi bildirilir. 1902-ci ildə də bölgədə 6,9 maqnitudalı güclü zəlzələ baş vermişdi. Bu faktlar Şamaxının yüksək seysmik aktivliyə malik ərazi olduğunu bir daha təsdiqləyir.

Bəs son zəlzələ daha güclü təkanların xəbərçisi ola bilərmi?

Picture background

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bunları bildirib:

“Hazırda avtoşoklar davam edir. Son təkanlar 3.4 və 3.3 maqnitudada olub. Xırda təkanlar müşahidə olunur və hər bir belə təkan avtoşok xarakteri daşıyaraq enerjinin tədricən boşalmasına səbəb olur. Bu isə güclü, dağıdıcı zəlzələ ehtimalının azalmasını göstərir. Dağıdıcı zəlzələ gözlənilmir. Xırda təkanlar vasitəsilə enerji boşalması gedir və belə zəlzələlər dağıdıcı təkanlara səbəb ola bilməz.

Bu gecə 17 hiss olunmayan xırda təkan qeydə alınıb. İlk təkan 5 bala yaxın olub, sonrakılar 4.3 bala qədər zəifləyib və əksəriyyəti hiss olunmayıb. Təkanlar digər rayonlarda da hiss edilə bilər. Lakin dağıntı baş verməməlidir. Əgər tikinti normalara uyğun aparılıbsa, 5 bal gücündə zəlzələ dağıntıya səbəb olmamalıdır. Söhbət keyfiyyətsiz tikililərdən getmir. Normal tikililərdə hətta xırda çat belə olmamalıdır”.

Mərkəz direktoru əlavə edib ki, hazırda elə bir bölgə yoxdur ki, orada maqnitudası 7 və daha yüksək olan dağıdıcı zəlzələ ehtimalı müşahidə edilsin: “Xırda təkanlar isə hər zaman mümkündür. Şamaxıda yanvar və fevral aylarında da xırda təkanlar olub. Hətta Şamaxı ətrafında hiss olunan zəlzələlər də qeydə alınıb. Şamaxı seysmik baxımdan respublikanın ən aktiv bölgəsidir”. 

Afaq Mirayiq, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR