İnsanlara hürriyət, millətlərə istiqlal!

Sabiq nazirdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK PROQNOZ

Rusiyada Ukraynaya qarşı müharibə üçün gizli səfərbərlik təcrübəsi sürətlə genişlənir.

"The Moscow Times"ın məlumatına görə, son ay yarım ərzində Rusiyanın ən azı 17 regionunun sakinləri qanunsuz saxlanılma, döyülmə və Müdafiə Nazirliyi ilə müqavilə bağlamağa məcbur edilmə barədə şikayətlər ediblər.

Hüquq müdafiəçilərinin verdiyi məlumata əsasən, məcburi çağırışların və təzyiqlərin hədəfi əsasən cəmiyyətin həssas təbəqələridir.

"The Guardian"ın məlumatına görə, Rusiya ordusu hər ay 30 minə yaxın hərbçi itirir. Qərb kəşfiyyatı və CSIS təhlilçiləri iyulun 1-nə olan məlumata görə, Rusiyanın ümumi itkilərinin 1.4 milyon nəfərə çatdığını və ölkədə yeni səfərbərlik dalğasına hazırlıq təlimlərinin keçirildiyini bildirirlər.

FİKRET YENİ.jpeg (135 KB)

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a şərhində bildirib ki, yayılan xəbərlər, proses Rusiyanın bu gün Ukraynaya qarşı açdığı işğalçı müharibənin ən acınacaqlı dönəmini yaşadığını göstərir:

"Ölkə daxildən silkələnir, insanların bu müharibəyə qarşı etiraz səsləri getdikcə daha da ucalır. Kreml bunun fərqində olsa da, yaranmış durumda sadəcə acizdir. Bu gün Ukrayna illər öncə çeçen xalqının qəhrəman oğlu Cövhər Dudayevin verdiyi proqnozlara tam uyğun şəkildə Rusiyanın strateji obyektlərini hava hücum sistemləri vasitəsilə yandırır. Bu sırada indiki hədəflər əsasən neftayırma zavodları, hərbi sənaye müəssisələri və mühüm ticarət şəbəkələri dayanır. Qarşıdan qış gəlir və bu mövsümdə Ukrayna PUA-larının əsas hədəfi Rusiya şəhərlərindəki istilik təchizat obyektləri olacaq. Təsəvvür etmək belə çətindir ki, 20-30 və bəzən bundan daha çox dərəcə şaxtada bir şəhərin istilik sisteminin sıradan çıxarılması nə demək olacaq. Rusiyanın bütün düşmənləri bir araya gəlib ona qarşı bu qədər pislik etmək istəsəydilər, heç şübhəsiz, bunu bacarmazdılar. Lakin Rusiya rəhbərliyi bunu bacardı".

russia-ukraine-war.jpg (164 KB)

F.Yusifov qeyd edib ki, Rusiya Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin acı meyvələrini dadmaqdadır:

"Ukrayna bu müharibə dönəmində özünün ən müasir, güclü hərbi sənayesini və dünyanın ən güclü döyüşən ordusunu yaratdı. İndi bu ordu Ukrayna hərbi sənayesinin istehsal etdiyi və müasir hərbin bütün çağrışlarına cavab verən silahlarla Rusiyanı yandıraraq çökdürür".

Professorun sözlərinə görə, heç kimə qəribə gəlməsin ki, müharibədə acınacaqlı bir duruma düşmüş Rusiya özünün imperiya ambisiyalarından əl çəkə bilmir və yenə də Cənubi Qafqazda, Mərkəzi Asiyada, Moldovada əldən çıxmış mövqelərini saxlamaq uğrunda mücadilə edir:

"Moskva anlamaq istəmir ki, Rusiya imperiyasının dağılmasını təmin edəcək qatar onun Ukraynaya qarşı açdığı işğalçı müharibə ilə yola çıxıb və bu qatar hər gün daha böyük sürət yığmaqdadır".

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR