Onlayn ictimai-siyasi qəzet
"Çin Hərbi Dəniz Qüvvələrinin Sakit okeanda artan fəallığından narahat olan ölkələrin sayı artıb. Çinin sualtı qayığının ötən ay simulyasiya edilmiş döyüş başlığı olan strateji raketin sınağını keçirməsi 38 ölkənin birgə bəyanatına səbəb olub".
Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Cənubi Koreya, ABŞ, Yaponiya və daha 38 ölkə sualtı qayıqlardan buraxılan ballistik raketlərin buraxılışları və buraxılış vasitələri barədə əvvəlcədən xəbərdarlıq etməyə çağıran birgə bəyanat yayıblar:
"Bəyanatda qeyd olunub ki, əvvəlcədən xəbərdarlıq edilmədən nüvə qabiliyyətli raketlərin sınaqdan keçirilməsi bölgə üçün "təhlükəlidir" və regional sabitliyi pozur: "Sadələşdirilmiş, şəffaf bildiriş mexanizmləri heç bir ölkənin hərbi inkişafını və ya əməliyyat ehtiyaclarını məhdudlaşdırmır. Bunun əvəzinə onlar səhv hesablama riskini azaldır, etimad qurur və təhlükəsizliyə ortaq öhdəliyi əks etdirir".
Bəyanatda vurğulanıb ki, bildirişlərə ballistik raketin və ya buraxılış vasitəsinin ümumi sinfi, buraxılış sahəsi və planlaşdırılan təyinat yeri kimi məlumatlar daxil edilməlidir.
Elxan Şahinoğlunun fikrincə, bu kimi bəyanatlar Pekini narahat etmir:
"Çin hakimiyyəti hərbi dəniz qüvvələrini və bu qüvvələrin nüvə başlıqlı raketlərlə təchiz olunması siyasətindən imtina etməyəcək. Çin bu sahədə ABŞ ilə arasındakı fərqi azaltmağa çalışır. Çin nüvə arsenalını da artırmağa davam edir. ABŞ Çinin nüvə arsenalının məhdudlaşdırılması məqsədilə Pekinlə müvafiq saziş imzalamağa çalışsa da, nəticə əldə edə bilmir. Hörmüz boğazı ətrafındakı gərginik göstərdi ki, ABŞ-nin müxtəlif dövlətlərdə hərbi bazalarının sayı, o cümlədən dünyanın ən güclü hərbi dəniz qüvvələrinə sahib olması kifayət etmir. Əsas məsələ okean və dənizlərdəki dar boğazlara nəzarət etməkdir. Boğaza nəzarət edən ticarət gəmilərinə də şərtlərini diktə edəcək".
Politoloq vurğulayıb ki, Çinin hərbi dəniz qüvvələrini gücləndirməsi və hərbi təlimlərinin sayının artırması məqsədlərindən biri Tayvan boğazına nəzarət etməkdir:
"Əgər Hörmüz boğazı dünya yanacağının keçid yeri kimi tanınırsa, Tayvan boğazı nadir torpaq elementlərinin və yarımkeçiricilərin daşındığı yer kimi tanınıb. Tayvan boğazı ABŞ üçün əhəmiyyətli olduğundan Çinin bu bölgədə hegemonluğunun qarşısını almağa çalışır. Bu arada, Çinin dövlətə məxsus enerji şirkəti olan Nüvə Enerjisi Korporasiyası nüvə sirlərini əldə etdiyinə görə ABŞ tərəfindən qara siyahıya alınıb. Bu şirkət Cənubi Koreyada beş elektrik stansiyası işlədir. Elektrik stansiyası mühüm sənaye sahəsi olan neft-kimya şirkətlərinə də elektrik enerjisi verir. Bu hal Vaşinqtonu narahat edir. Məsələ burasındadır ki, Çinin Cənubi Koreyada işlətdiyi şirkətlər ABŞ ordusunun bu ölkədəki hərbi bazasının yaxınlığında yerləşir. Federal Təhlükəsizlik Bürosunun Çinin Cənubi Koreyadakı şirkəti ABŞ-nin nüvə texnologiyaları şəbəkəsinə sızmaq və ikili istifadə üçün nəzərdə tutulmuş qabaqcıl nüvə reaktoru dizaynlarını oğurlamaq üçün birgə müəssisələrdən, tərəfdaşlıqlardan və digər qanuni beynəlxalq ticarət təcrübələrindən istifadə edir. Buna görə də Çinin Nüvə Enerjisi Korporasiyası 2019-cu ildən bəri ABŞ Ticarət Nazirliyinin Qurumlar Siyahısındadır. Vaşinqtonda hesab edirlər ki, Nüvə Enerjisi Korporasiyası kəşfiyyat toplama platforması kimi fəaliyyət göstərir".
Xalidə Gəray
Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ