Onlayn ictimai-siyasi qəzet
Rusiyanın bir nömrəli müttəfiqi kimi tanınan Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik etməsi günün müzakirələrə və suallara səbəb olan hadisəsidir.
Rusiya-Ukrayna müharibəsinin son vaxtlar daha da şiddətləndiyi və Ukraynanın Rusiyaya ağır zərbələr endirdiyi bu günlərdə Lukaşenko nədən bu addım atıb? Belarus prezidenti müttəfiqinin müharibədən qalib çıxacağı perspektivinin olmadığı qənaətinəmi gəlib?
Siyasi ekspertlərə görə, təbriki və gələcəklə bağlı ifadə olunan xoş sözləri Lukaşenkonun Rusiyanın perspektivi ilə bağlı narahatlığının əlamətidir. Belarus lideri Rusiyanın müharibədə istədiyi nəticəni əldə etməməsi ehtimalına artıq siyasi cəhətdən hazırlaşır.
Burada daha maraqlı məqam Lukaşenkonun mesajının məzmunudur. O, sadəcə, Ukrayna xalqına bayram təbriki göndərməyib, eyni zamanda Minsk-Kiyev münasibətlərinin gələcəkdə “etimad, qarşılıqlı hörmət və bərabərlik” əsasında bərpa edilə biləcəyini vurğulayıb.
Bu, diplomatik baxımdan müəyyən mesajdır. Lukaşenkonun təbrikindəki əsas cümlə “Minsk və Kiyev gələcəkdə əməkdaşlığı bərpa edə bilər” fikridir. Bu da adi bayram protokolundan bir azca artıqdır. Çünki “Batka” Ukraynanı sadəcə təbrik etmir, müharibədən sonrakı münasibətlər haqqında danışır.
Belarus lideri müharibədən sonrakı Ukrayna üçün indidən qapını açıq saxlayır. Minsk Rusiyanın müharibədə əsas tərəfdaşı olsa da, Lukaşenko anlayır ki, müharibənin necə və hansı şərtlərlə başa çatacağından asılı olmayaraq, Ukrayna Belarusun qonşusu olaraq qalacaq. Ona görə də Kiyevlə bütün körpüləri yandırmaq rəsmi Minsk üçün strateji riskdir.

Bu xüsusilə vacibdir, çünki Belarus 2022-ci ildə Rusiya ordusunun Ukraynaya hücumunda öz ərazisini istifadəyə verməklə Kiyevin ciddi düşməninə çevrilib. Ukrayna 2026-cı ilin fevralında Lukaşenkoya qarşı sanksiyalar tətbiq edərkən Belarus ərazisində Rusiya hücumlarını dəstəkləyən infrastrukturun fəaliyyətini də əsaslandırma kimi göstərib.
Ekspertlərin fikrincə, təcrübəli Lukaşenko gedişatı diqqətlə izləyir və Rusiyanın “əbədi dominant” olaraq qalacağına tam arxayın deyil. O, son aylarda müharibənin nəticəsinin əvvəlcədən müəyyən olmadığını açıq şəkildə söyləyir. İyun ayında o, Rusiya-Ukrayna müharibəsində tərəflərin hərbi yolla tam qələbəsinin real olmadığını, kompromisə getməli olduqlarını bildirib. Bu, Lukaşenkonun Moskvanın maraqlarına kor-koranə bağlanmaq əvəzinə, müharibədən sonrakı bütün mümkün ssenarilərə hazırlaşdığını göstərir, özünü gələcək mümkün danışıqlarda vasitəçi kimi təqdim etmək istəyir.
Maraqlıdır ki, 2026-cı ilin iyulunda Karnegi Fondunun analitikləri də Belarusun Ukrayna ilə münasibətlərdə bəzi güzəştlərə getməsini Rusiyanın zəifləməsi və Minskdə yaranan təhlükəsizlik narahatlıqları ilə əlaqələndirirdilər. Lukaşenko Rusiya ilə müttəfiqliyi qorumaq, amma Ukrayna ilə gələcək barışıq üçün də kanalları tam bağlamamaq xəttini tutur...
Etibar Seyidağa,
Musavat.com
26 Avqust 2026
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ