Onlayn ictimai-siyasi qəzet
Ermənistan iqtisadiyyatı və əhalisi üçün kritik zaman yetişir
Ermənistan Mərkəzi Bankının sədri Martin Qalstyan bildirib ki, Rusiyanın qaz ixrac qiymətlərini artırması nə “A”, nə də “B” ssenarisinə uyğun gəlir. O bildirib ki, bu, daha çox “apokaliptik bir şey” nəzərdə tutan “X” ssenarisinin olma ehtimalıdır və buna cavab daha güclü olmalıdır.
“Armenianreport” portalı isə yazıb ki, Ermənistanda ciddi iqtisadi risk, narahatlıq, əsl apokalipsis yaranır: “Martin Qalstyan əvvəllər qaz qiymətlərinin qəfil artmasının inflyasiyaya səbəb olacağını və yan təsirləri olacağını etiraf etmişdi. İndi isə o, daha qorxulu bir açıqlama ilə çıxış edərək son dərəcə xoşagəlməz bir şeyi etiraf etdi: Ermənistan iqtisadiyyatı Rusiya qaz təchizatına o qədər həssasdır ki, onun təchizatı şərtlərində mümkün dəyişiklik iqtisadiyyatda ciddi inflyasiya zərbəsi və zəncirvari reaksiyaya səbəb ola bilər. Aydındır ki, bu, çox sadə bir sual doğurur: vəziyyəti kim o həddə çatdırdı ki, Mərkəzi Bank rəhbərliyi qaz qiymətlərindəki dəyişikliyi dünyanın yaxınlaşan sonu kimi qəbul edə bilsin?”
Xatırladaq ki, qazın qiymətinə yenidən baxılması mövzusu Ermənistan liderinin 1 aprel 2026-cı ildə Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra fəal şəkildə müzakirə olunub. Mayın sonlarında Rusiyanın energetika naziri Sergey Tsivilev İrəvana məktub göndərərək bildirib ki, respublika AB-yə doğru irəliləyişini dayandırmasa, Moskva Ermənistana təbii qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı 2013-cü il müqaviləsini birtərəfli qaydada dayandıra və ya ləğv edə bilər. Buna cavab olaraq Paşinyan ölkəsini yüksək qiymətlərlə hədələməyin məntiqsiz olduğunu bildirib, çünki tezliklə ehtiyac duyduğu hər şeyi almaq üçün kifayət qədər pulu olacaq.
“Ermənistan Rusiya qazının qiymətinin artırılması halında qaz təchizatının alternativ mənbələrə keçirilməsi imkanını nəzərdən keçirəcək”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, İrəvan qaz təchizatının şaxələndirilməsi ilə bağlı müxtəlif ssenariləri, o cümlədən TRIPP (Zəngəzur dəhlizi-red.) marşrutu ilə qaz kəmərinin çəkilməsi imkanını araşdırır. “Əgər ikinci, üçüncü və ya dördüncü mənbədən qaz tədarük etmək imkanı yaranarsa, bu variantdan istifadə edəcəyik. Əgər TRIPP-dən, yəni Tramp marşrutundan qaz kəmərinin çəkilməsi imkanı yaranarsa, bundan da istifadə edəcəyik. Bütün ssenarilər üzrə necə hərəkət edəcəyimizi düşünürük”, - deyə Paşinyan deyib. Paşinyan Ermənistanın Rusiyadan heç də ucuz qaz almadığını da söyləyib. Bunun ardınca Ermənistan Gümrüdəki hərbi bazanın saxlanma xərclərinin artırılacağı xəbərdarlığını da edib. Maraqlıdır ki, Ermənistanın müstəqillik günü ilə bağlı həm Rusiya prezidenti, həm də baş naziri Paşinyana isti təbrik yollayıb. Özü də bu təbrik Rusiyaya səfər ərəfəsində ünvanlanıb.
Hər necə olsa, İrəvanın hazırda qaz tədarükünü şaxələndirmək üçün az seçimi var. Hazırda Rusiya Ermənistanın qaz ehtiyacının 85%-ni təmin edir. Bu fonda Azərbaycan da öz xidmətlərini təklif edir. Artıq bu istiqamətdə müzakirələr də aparılır. Azərbaycan Ermənistanı xilas edə biləcəkmi?
Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan iqtisadiyyatı və əhalisi üçün gerçəkdən kritik bir durum yaranır: “Özünü on illər boyunca Rusiyanın forpostu rolunda görən və gerçək müstəqillik yolunda heç nə etməyən bir dövlətin sonda aqibəti elə belə olmalı idi. Rusiya heç bir dövlətə əvəzsiz yardım etməz - Sovet İttifaqı dağıldıqdan sonra Ermənistan bunu qanıb, başa düşmək əvəzinə, Moskvanın təhriki və dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etməyə qalxdı. Əslində isə Ermənistan öz real müstəqilliyini əldə etmək yolunda mücadilə etməli idi. Bu gün Ermənistanda baş verənlər hər bir erməni insanının içində yaşatdığı kirli xislətin bariz nəticəsidir. Bu xislət heç vaxt dəyişməyəcək və mən onun sonda Ermənistan adlı bir dövlətin süqutunu yetirəcəyinə çox inanıram”.
F.Yusifov əlavə etdi ki, bu gün Rusiya Ermənistanı iqtisadi müstəvidə əzir: “Lakin erməni xisləti imkan vermir ki, onlar bu durumda belə öz mövqelərini konkret sərgiləyə bilsinlər. Ortada qalıblar, tarix boyu etdikləri kimi indi də ikibaşlı oynayırlar. Bu gün Ermənistanın sülh müqaviləsi və Zəngəzur dəhlizi ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi, bu işlərin zamanını əsassız uzatması, Paşinyan hakimiyyətinin Azərbaycanla münasibətlərdə səmimi olduğuna böyük şübhələr yaradır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasını istəyən əsas tərəf Rusiyadır. Belə çıxır ki, Ermənistan rəhbərliyi sülh müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə Rusiyanın istəyini reallaşdırır”.
Eks-nazir vurğuladı ki, bir başqa məsələ Qarabağ torpaqlarımızdan qaçıb getmiş separatçı tör-töküntülərinə Ermənistanda meydan verilməsidir: “Paşinyan bu məsələdə bir söz deyir, əməldə isə biz onun tamamilə başqa mövqedə dayandığını görürük. Baxın, bu separatçılar bu gün İrəvanda sərbəst toplaşır, özlərinin qondarma qurumlarını yaradır, qondarma Qarabağ bayrağını başları üzərindən asıb xarici ölkələrin səfirlərini öz tədbirlərinə dəvət edirlər. Bu necə olur? Əgər Paşinyan Ermənistan üçün Qarabağ məsələsi qapanıbdır deyirsə, nədən parlamentdə separatçıların fəaliyyətini ölkəsinin ərazisində qadağan edən bir qanun qəbul etdirmir? Axı belə qanunun qəbulu üçün parlamentdə konstitusiya çoxluğuna belə ehtiyac yoxdur. Suallar çoxdur. Şübhələr isə bundan daha çoxdur”.
F.Yusifovun fikrincə, Ermənistan bu davranışın cavabını almalıdır: “Hesab edirəm ki, Ermənistan rəhbərliyi ilə kəskin danışmağın zamanı çatıbdır. Bizimlə münasibətlərdə qeyri-səmimi davranış Ermənistana yaxşı heç nə vəd etmir. Paşinyan hökuməti bunu anlamalıdır. Biz yolları açdığımız, əlaqələri tədricən inkişaf etdirməyə üz tutduğumuz kimi, bunlardan geri də çəkilə bilərik və bu, Ermənistana indiki durumda heç lazım deyil. Bizdən neft, qaz istəyən Ermənistan öncə qarşımızda sülh müqaviləsi və Zəngəzur dəhlizinin açılması üzrə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Yoxsa...”
E.PAŞASOY,
“Yeni Müsavat”
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ