Onlayn ictimai-siyasi qəzet
Rusiyalı senator Vladimir Cabarov İrəvanın KTMT ilə bağlı ittihamlarına cavab verərək İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın özünün belə Qarabağın müdafiəsində rəsmi şəkildə iştirak etmədiyini bildirib.
Musavat.com xəbər verir ki, Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin Müdafiəsi və Daxili İşlərə Müdaxilənin Qarşısının Alınması Komissiyasının sədri Vladimir Cabarov bu barədə Telegram kanalında yazıb.
Senatorun açıqlaması Ermənistan hökumətinin 2026–2031-ci illər üçün proqramında Rusiyanın artıq ölkənin strateji müttəfiqləri sırasında göstərilməməsi fonunda səslənib.
İrəvan bu yanaşmasını, digər məsələlərlə yanaşı, KTMT-nin 2021–2023-cü illərdə Ermənistanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırır.
Cabarov isə Ermənistanın bu mövqeyini Rusiya ilə əvvəlki müttəfiqlik münasibətlərindən uzaqlaşmağa haqq qazandırmaq cəhdi kimi qiymətləndirib.
Onun iddiasına görə, İrəvan bununla Avropa İttifaqı ilə yaxınlaşmasını və gələcəkdə Avrasiya İqtisadi İttifaqından mümkün çıxışını əsaslandırmağa çalışır. Senator belə bir addımın Ermənistan iqtisadiyyatına ciddi itkilər gətirəcəyini bildirib.
Cabarov Qarabağ məsələsinə ayrıca toxunaraq İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın özünün Qarabağı rəsmi şəkildə müdafiə etmədiyini vurğulayıb.
“Mahiyyət etibarilə danışsaq, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan özü Qarabağı rəsmi şəkildə müdafiə etmirdi və məhz bu münaqişə ilə əlaqədar KTMT-yə yardım üçün müraciət etməmişdi. Rəsmi müraciət olmadan isə heç kim müdaxilə etməyəcək”, – rusiyalı senator yazıb.
O, müqayisə üçün 2022-ci ilin yanvarında Qazaxıstanda baş verən hadisələri xatırladıb. Cabarovun sözlərinə görə, həmin vaxt Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT-dən rəsmən yardım istəyib və təşkilat buna dərhal cavab verib.
Rusiyalı senator hesab edir ki, Ermənistanın indi Rusiyanı strateji müttəfiq kimi qəbul etməməsini KTMT-nin Qarabağ məsələsindəki mövqeyi ilə əsaslandırması düzgün deyil.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ