Onlayn ictimai-siyasi qəzet
Son aylardakı Suriya-Rusiya münasibətləri yenidən diqqət mərkəzinə çıxıb. Yaxın Şərqdə geosiyasi proseslərin sürətlə dəyişdiyi, regional güclər arasında yeni balans axtarışlarının aparıldığı bir dövrdə prezident Əhməd şl-Şaraa ikinci dəfə Moskvaya səfər edib və Rusiyada yüksək səviyyədə qarşılanıb.
Səfərlə bağlı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun açıqlamaları bir sıra mətləblərin üstünü açıb. Onun sözlərinə görə, Vladimir Putin və Əhməd əş-Şaraa Rusiya qoşunlarının Suriyadakı mövcudluğunu müzakirə edəcəklər.
Peskov Əhməd əş-Şaraa hökumətinin Kremlən Suriyanın keçmiş rəhbəri Bəşər Əsədin ekstradisiyası tələbi ilə bağlı sualı da şərh etməyib.
Heç şübhəsiz ki, Suriya rəhbərinin bu səfər qərarından rəsmi Ankara məlumatlıdır. Belə bir bu durumda belə səfərlərin intensivləşməsinin arxasında nələr dayanır? Rusiya Suriyada itirdiyi mövqeləri yenidən geri qaytarmaq niyyətindədir?
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Musavat.com-a dedi ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın bu ölkədəki həlledici statusu da, hərbi varlığı da ciddi zərər gördü: “Moskva ardıcıl olaraq öz mövqelərini itirdi. Ancaq Hmeymim və Qamışıdakı hərbi bazalarını tam boşaltmadı. Suriyanın keçid hökumətinin başçısının son dövrlər Suriyanın bütövlüyü, birliyi və suverenliyi ilə bağlı atdığı addımlar xarici ölkələrin silahlı qüvvələri ilə bağlı məsələləri da aktuallaşdırır.
Dəməşq hərbi bazaların, xüsusən də Rusiyanın hərbi kontingentinin Suriya ərazisini bütünlükdə tərk etməsinə çalışır. Bundan əvvəlki Moskva səfərində də iki dövlət arasında bunlar müzakirə edilmişdi. İndi Putinlə Kremldə keçiriləcək görüşdə də təhlükəsizlik, iqtisadi əlaqələr, Yaxın Şərq regionunda cərəyan edən proseslər ələ alınaraq maraqların uzlaşdırılmasına çalışılacaq. Rusiya təkcə Suriyada deyil, ümumilikdə Yaxın Şərq bölgəsində önəmli rol oynamağa çalışır. İndiki qarmaqarışıq və mürəkkəb situasiyada kənarda qalmamağı hədəfləyir. Təbii ki, bu səfər öncəsi Şaara Ankara ilə də məsləhətləşmələr aparıb. Çünki Türkiyə açar ölkədir və Suriyanın bütövlüyü və tam suverenliyi çox vacibdir. Dəməşq Ankarasız məqsədlərinə və hədəflərinə əsla çata bilməz. Odur ki, Şaara qardaş ölkə ilə koordinasiyalı şəkildə Rusiya ilə də dil tapmağa səy göstərir. Məncə, onun bu dəfəki səfəri hər iki ölkəni qane edəcək anlaşmaların əldə olunmasına daha yaxşı zəmin yaradacaq”.
Cavanşir Abbaslı
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ