İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramiz Mehdiyev və korona

Boliviyada bir futbol komandası 6:0 uduzandan sonra baş məşqçi deyib ki, qapıçımızın ailəsini öldürməklə hədələyiblər, o üzdən qolları buraxmağa məcbur olubdur. Prokurorluq araşdırma aparırmış.

Fikrimcə, bizim prokurorluq da nümunə götürsə yaxşı olar. Bəlkə xarici qara qüvvələr Azərbaycan milli futbol komandasının oyunçularının ailə üzvlərini toplu şəkildə girov saxlayırlar, ona görə bütün oyunları uduzurlar?

Belə şeyləri diqqətdə saxlamaq lazımdır. Şeytan detallarda gizlənir. Hərçənd, bizim futbolçuların uduzmaqlarında artıq detal-metal qalmayıb, hər şey göz qabağındadır. (Bunu da yazanda sovet dövrü filmlərimizdən “Şeytan göz qabağında” yadıma düşdü. Allah şeytana lənət eləsin, onun təsirindən heç cür qaça bilmirik ki).

Yazının bu məqamında Astaranın Sirik kənd sakinlərindən foto-məktub gəldi, göstərirlər ki, o istiqamətdə bir neçə kəndi sivilizasiya ilə (guya biz Bakıda sivilizasiya sayılırıq - heç kimə deməyin) birləşdirən avtomobil körpüsü uçuq vəziyyətdədir. Bu bir az da məşhur körpüyə çevrilməkdədir, çünki keçən il dəxi çökmüşdü. Vaxt gələcək, Sirik körpüsü Sirat körpüsü, ya da nə bilim, Dəli Domrulun körpüsü kimi dastanlara, rəvayət və inanclara səbəb olacaqdır!

Əslində yekə-yekə “körpü” adlandırmaq bəlkə gülməlidir, orda üç-dörd borunu paralel şəkildə atıblar, üstünə isə çır-çırpı döşəyiblər. Sanarsan qədim insanların mamont ovlamaq üçün qazdığı tələ-çaladır. Ancaq Sirik camaatı ümidlərini üzməsin. Əsas borudur. Boru hələ yolun üstündə qalırsa, ortasının çökməsi dərd deyil. Bir də gördün həmin borudan neft gəldi! Ondan sonra konsorsium qurub Lerikə satmaq olar.

Qayıdaq şeytanın yanına. Bəli, biz çox narahat idik ki, birdən Nazirlər Kabinetinin yadından çıxar, korona pandemiyası rejimini uzatmaz. Bunun üçün müəyyən əsaslar var idi. Məsələn, bir ara bədxah jurnalistlər sayın baş nazirimiz haqqında təxribatçı yazılar vermişdilər, guya onun 5-10 dənə restoranı-hoteli vardır. Ancaq cəsur kabinet böhtanlara sinə gərdi, koronanı unutmadı. Gələn ilin yanvarınacan pandemiya davam edəcəkdir.

Doğrudan da, camaat hər yerdə koronadan qırılıb-batır. Ancaq yeganə bizik ki, tədbirlər sayəsində virusun kökünü kəsmişik. Korona başlayanda doğulan uşaqlar bu sentyabrda 1-ci sinfə getdilər, yəqin pandemiya həmin uşaqlar pensiyaya çıxanacan bitər. Bəlkə onda quru sərhədi açmaq olar. Yaş-yaş sərhədlər çox da ləzzət eləmir.

Lakin sayıqlığı əldən vermək olmaz. Nə üçün peyvənd prosesləri davam etmir? Küçələri dezinfeksiya edici məhlulla yumaq, ara məsafəsi saxlamaq, maska taxmağı da yadırğamışıq. Ara məsafəsi xüsusilə biabırçı həddə çatıb. Son günlər bəzi dayanacaqlarda insanlar, yalan olmasın, icazəsiz piketə toplaşırlar. Avtobuslarda ağız-ağıza gedirik. Bəzən sərnişinin burnu sürücünün qulağına girir. Buna son qoyulmalıdır. Xəstəxanaların yükünü niyə artırırıq?

Söz düşmüşkən, bu saat həkimlərimiz Ramiz Mehdiyevin sağ qalmağı uğrunda savaşırlar. Ramiz müəllimin istintaqı, deyilənə görə (kim deyir, dəqiqləşdiririk – Z.H.), bitmişdir, cinayət işi məhkəməyə yollanıbdır. İş çoxcildli olduğu üçün kağızları prokurorluqdan məhkəmə salonuna aparmaq üçün Bakı-Sumqayıt qatarının bir reysi icarəyə götürülüb. Bundan başqa, AYNA-nın avtobusları da marşrutdan çıxarılıb, hazırda qovluqları daşıyırlar. Şahidlər, qahımlar, toy sakinləri, rüşvətxorlar, üzəduranlar, yaltaqlar, çevriliş işçiləri – uzun sözünü qısası, cinayət işi üzrə bütün yoldaşlar salona aparılmaqdadır. Yeganə Ramiz müəllimin özünün məhkəmədə iştirakı sual altındaymış, çünki deyib mən xəstəyəm, iclaslara onlayn qatılmaq istəyirəm.

Yəqin ki, o, koronadır. Əks halda xəstəlik bu qədər uzun sürməzdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Sentyabr 2026

17 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR