Onlayn ictimai-siyasi qəzet
Rusiyalı türkoloq Vladimir Avatkov Azərbaycan və Türkiyə ilə bağlı gülünc açıqlama verib.
Musavat.com xəbər verir ki, bu fikirləri rusiyalı türkoloq Vladimir Avatkov səsləndirib.
Onun sözlərinə görə, əsas məsələ regionun bundan sonra hansı formada mövcud olacağı, eləcə də Ermənistanın dövlətçiliyi və suverenliyinin gələcəyidir.
Avatkov hesab edir ki, yolların açılması və nəqliyyat əlaqələrinin bərpası logistikanın inkişafına kömək edə bilər. Lakin onun fikrincə, prosesin mahiyyəti yalnız nəqliyyat və iqtisadi məsələlərlə məhdudlaşmır.
Türkoloq Türkiyənin NATO üzvü olmasına diqqət çəkərək Alyansın Xəzər regionunda mümkün iştirakından da danışıb.
“Türkiyə NATO-nun üzvüdür. NATO-nun Xəzərdə mövcudluğu region dövlətlərindən heç birinin maraqlarına uyğun deyil. Məncə, hətta Azərbaycanın da. Çünki NATO-nun Xəzərdə mövcudluğu Azərbaycanın suverenliyinin azalması, Rusiyanın imkanlarının azalması və İranın imkanlarının azalması deməkdir. Bunu hamı çox yaxşı anlayır”, – Avatkov bildirib.
Qeyd edək ki, rusiyalı türkoloqun bu “ağıl verməsi” Rusiyanın Türkiyənin bölgəyə gəlməsindən necə təşvişə düşdüyünü də göstərir. Türkiyənin Cənubi Qafqazda mövqelərinin güclənməsi Rusiyanın bölgədə əsrlər ərzində qurduğu təsir sistemini alt-üst edən amillərdən birinə çevrilib.
44 günlük Vətən müharibəsində qardaş Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək, Azərbaycanın qazandığı tarixi qələbə Kremlin Cənubi Qafqazda 300 il ərzində formalaşdırdığı plan və təsir mexanizmlərini ciddi şəkildə dəyişdirdi.
Azərbaycanın Vətən müharibəsində qələbəsi və daha sonra öz suverenliyini tam bərpa etməsi həm də bölgədə yeni reallığın yaranması deməkdir. Bu yeni reallıq Cənubi Qafqazda Türkiyənin varlığının və rolunun daha da güclənməsi ilə müşayiət olunur.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra Rusiyanın regiondakı əvvəlki söz sahibliyi və təsir imkanları zəifləyib, Türkiyə isə bölgədə daha önəmli aktorlardan birinə çevrilib.
Türkiyənin bölgədə olması sülh, sabitlik və iqtisadi inkişaf deməkdir və bunun işartıları artıq görünür. Azərbaycan-Türkiyə qardaşlığı əsrlərə söykənir. Türkiyənin güclü olması Azərbaycanın güclü olması, Azərbaycanın güclü olması isə Türkiyənin güclü olması deməkdir.
Rusiyalı türkoloqun Azərbaycanın “suverenliyinin azalması” barədə bu açıqlaması isə əslində Kremlin Cənubi Qafqazda dəyişən reallıqlar və Türkiyənin artan rolu qarşısında keçirdiyi təşvişin növbəti göstəricisi kimi görünür.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ