Onlayn ictimai-siyasi qəzet
Azərbaycan-Rusiya münasibətlərində son dövrdə yaşanan gərginliyin ardından Moskvadan diqqətçəkən açıqlama gəlib. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakı ilə Moskva arasında münasibətlərdəki böhranın həll olunduğunu bəyan edib. O bildirib ki, bundan sonra əsas vəzifə iki ölkə arasında əməkdaşlığın liderlərin əldə etdiyi razılaşmalara uyğun şəkildə inkişaf etdirilməsidir. Şoyqu münasibətlərin mövcud hüquqi baza, o cümlədən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə və mehriban qonşuluq prinsipləri əsasında davam etdirilməsinin vacibliyini vurğulayıb.
Maraqlıdır ki, Şoyqunun Bakı ilə bağlı mesajı Ermənistan-Rusiya münasibətlərinin də ciddi müzakirə olunduğu bir vaxtda səslənib. Rusiya Təhlükəsizlik Şurasının katibi İrəvanın Rusiyanın böyük investisiyalarının olduğu müəssisələrə münasibətini tənqid edib və bəzi addımları “düşməncəsinə xətt” kimi qiymətləndirib. O, Rusiyanın Ermənistandakı milyardlarla dollarlıq investisiyalarının olduğu müəssisə və sahələr ətrafında baş verənləri “reyd yolu ilə ələ keçirmə” kimi xarakterizə edib.
Beləliklə, Moskvanın eyni gündə Bakı və İrəvanla bağlı verdiyi mesajlar diqqəti Cənubi Qafqazdakı yeni münasibətlər sisteminə yönəldir. Azərbaycan-Rusiya xəttində böhranın arxada qaldığının elan edilməsi və Ermənistan-Rusiya münasibətlərində qarşılıqlı narazılıqların açıq şəkildə səsləndirilməsi regiondakı diplomatik prosesləri yenidən gündəmə gətirir.
Sergey Şoyqunun “Bakı-Moskva münasibətlərindəki böhran həll olunub” açıqlaması hansı mesajı verir?
Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a dedi ki, Sergey Şoyqunun Rusiya Təhlükəsizlik Şurasının müşavirəsində səsləndirdiyi "Bakı ilə böhran arxada qaldı" bəyanatı, ilk baxışdan sadə diplomatik nəzakət kimi görünsə də, əslində daha dərin bir prosesin, Cənubi Qafqazda gücün yenidən bölüşdürülməsinin güzgüsüdür: "Diqqətəlayiqdir ki, bu mesaj Rusiyadan gəlib, Azərbaycandan yox. Bu, kiçik, lakin mənalı bir detaldır. Son dövrlərdə əlaqələri gərginləşdirən tərəf olan məhz Moskva addım atmağa məcbur qalıb. Diplomatiyada təşəbbüsün kimdən gəldiyi çox şey deyir. Şoyqunun sözlərindən aydın olur ki, Rusiya tərəfi münasibətləri "liderlərin əldə etdiyi razılaşmalara" uyğun bərpa etməyə tələsir və bunu ictimai müstəvidə, rəsmi tribunadan elan etməyi zəruri sayıb. Bu, ənənəvi post-sovet məkanında Moskvanın "böyük qardaş" mövqeyindən fərqli bir mənzərədir. Burada söhbət artıq bərabərhüquqlu tərəfdaşdan, hətta bir çox məqamda təşəbbüsü əlində saxlayan tərəfdən gedir. Müqayisə üçün eyni çıxışda Ermənistana yönəlmiş sərt tənqidə baxmaq kifayətdir. Şoyqu İrəvanın Rusiya investisiyalarına münasibətini "düşməncəsinə xətt" adlandırıb, "reyd yolu ilə ələ keçirmə"dən danışıb. Yəni Moskva iki qonşu ölkəyə tamam fərqli dillə müraciət edir. Biri ilə tənqid və xəbərdarlıq dilində, digəri ilə hörmət və əməkdaşlıq dilində. Bu fərq təsadüfi deyil, hesablanmış siyasi seçimdir. Bunun kökündə Azərbaycanın son illərdə əldə etdiyi çoxşaxəli mövqe dayanır. Azərbaycan həm Avropanın enerji təhlükəsizliyi baxımından, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində strateji rol oynayır. Bu, onu təkcə Rusiya üçün deyil, Avropa İttifaqı, Türkiyə, Orta Asiya dövlətləri və Körfəz ölkələri üçün də əvəzsiz tərəfdaşa çevirib. Ermənistanla danışıqlar prosesində Bakının göstərdiyi qətiyyət və nəticə əldə etmək bacarığı onu regionda status-kvonu müəyyən edən əsas oyunçuya çevirib. Bakı eyni vaxtda Moskva, Ankara, Brüssel, Vaşinqton və Körfəz paytaxtları ilə funksional əlaqə saxlamağı bacarır. Bu, nadir hallarda mümkün olan bir manevr sərbəstliyidir.
Son illərin diplomatik trafikinə nəzər salsaq, mənzərə aydın olur. Belə ki, Avropa İttifaqı enerji layihələri çərçivəsində Bakı ilə əlaqələri dərinləşdirir, Türkiyə strateji müttəfiqlik səviyyəsində davam edir, Körfəz dövlətləri investisiya və enerji əməkdaşlığını genişləndirir, Rusiya isə- Şoyqunun bu son çıxışının göstərdiyi kimi-gərginliyi aradan qaldırmağa çalışır. Nəticədə ortaya elə bir mənzərə çıxır ki, dünyanın müxtəlif güc mərkəzləri Bakı ilə münasibətləri korlamaqdansa yaxşılaşdırmağa üstünlük verir. Bu, orta dövlətlər üçün diplomatik baxımdan nadir əldə edilən bir mövqedir".
Deputat həmçinin onu da qeyd etdi ki, Şoyqunun bəyanatını sadəcə "iki ölkə arasında adi normallaşma" kimi oxumaq səhv olardı: "Bu, daha çox, Moskvanın Cənubi Qafqazda dəyişən güc balansını rəsmi səviyyədə etiraf etməsidir. Bölgədə əvvəllər təkhakimiyyətli mövqe tutan Rusiya bu gün Bakı ilə münasibətlərini diqqətlə qorumağa çalışırsa, bunun səbəbi sadəcə diplomatik nəzakət deyil. Azərbaycanın artıq nə qədər əhəmiyyətli bir tərəf halına gəldiyinin etirafıdır".
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ