Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, ABŞ Konqresinin Nümayəndələr Palatasının Rusiyaya qarşı qəbul etdiyi genişmiqyaslı yeni sanksiya və tariflər paketində şimal qonşumuzla enerji ticarətini davam etdirən üçüncü ölkələr də hədəf alınır. Yeni qanunvericilik Rusiyanın enerji və müdafiə sektorlarını, eləcə də sanksiyalardan yayınmaq üçün istifadə etdiyi “kölgə donanması”nı hədəfə alır. Bununla yanaşı, əsas diqqət çəkən məqam Rusiya enerjisinin iri alıcılarına qarşı mümkün tarif mexanizmidir.
Çin və Hindistan Rusiyanın əsas neft alıcıları sırasında olduğundan bu ölkələr Vaşinqtonun yeni iqtisadi təzyiq siyasətinin əsas hədəfləri sırasında görünür. Hindistan isə artıq Vaşinqtonun addımına münasibət bildirib. Yeni Dehli enerji təhlükəsizliyini təmin etmək üçün müxtəlif mənbələrdən təchizatı davam etdirəcəyini və ölkənin iqtisadi maraqlarını qorumaq üçün zəruri addımlar atacağını açıqlayıb. Hindistan həmçinin yeni tariflərin iki ölkə arasındakı münasibətlərə təsir göstərə biləcəyi barədə ABŞ-a xəbərdarlıq edib.
Beləliklə, ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyasəti artıq yalnız Moskvanın özünə təzyiq mexanizmi kimi deyil, Rusiya ilə enerji əlaqələrini davam etdirən digər böyük iqtisadiyyatlara təsir edə biləcək alət kimi də gündəmə gəlir. Bu isə Vaşinqton-Moskva qarşıdurmasının iqtisadi coğrafiyasını daha da genişləndirir.
Məsələnin digər tərəfi isə qlobal enerji bazarıdır. Rusiya neftinin böyük alıcılarının qarşısında seçimlərin daralması neft ticarətinin istiqamətlərinə, qiymətlərə və beynəlxalq enerji marşrutlarına təsir göstərə bilər. Hindistan artıq ABŞ-ın mümkün tariflərinin enerji təhlükəsizliyinə və iqtisadi maraqlarına təsir göstərə biləcəyini bildirir.
Nəticədə Rusiya nefti ətrafında başlayan bu yeni qarşıdurma yalnız Moskva ilə Vaşinqton arasındakı sanksiya savaşının növbəti mərhələsi deyil. Prosesin Hindistan və Çin kimi nəhəng iqtisadiyyatlara toxunması ABŞ-ın ticarət və enerji siyasətində yeni cəbhənin formalaşması ehtimalını gündəmə gətirir.
ABŞ niyə Rusiyaya qarşı sanksiya təzyiqini üçüncü ölkələrə genişləndirir?
İqtisadçı ekspert Günay Hüseynova Musavat.com-a bildirdi ki, ABŞ-ın Rusiyaya qarşı sanksiya təzyiqini genişləndirməsi, Rusiya ilə əməkdaşlıq edən böyük ticari tərəfdaşlara qarşı siyasəti həm birbaşa Rusiya, həm də həmin ölkələrlə əvvəlki vaxtlarda yaranmış siyasi gərginliklə əlaqədardır: "Niyə məhz Hindistan və ya Çin? Əslində, Rusiya ilə əməkdaşlıq edən bir sıra ölkələr var. Sadəcə, siyasi gərginlik və iqtisadi sanksiyaların həmin ölkələr ətrafında cəmlənməsi onların dünyanın ilk 7-liyində olması, dayanmadan artan sənaye və iqtisadi göstəriciləri ilə əlaqədardır.
ABŞ-ın müdaxiləsi zaman-zaman qlobal iqtisadiyyatda gərginliyin artmasına və həmin ölkələrin iqtisadiyyatının çökməsinə şərait yaratsa da, eyni zamanda inflyasiyanın da sürətlənməsinə səbəb olur. Əslində, bir sıra ölkələr Rusiya ilə ticari əməkdaşlıq edir, hətta Avropa ölkələri də bu siyahıya daxildir. Sadəcə, bəzi ölkələr üçüncü ölkələri özlərinə vasitəçi etsələr də, digərləri bütün müdaxilə və sanksiyalara rəğmən, bütün riskləri nəzərə alaraq əməkdaşlıqdan geri çəkilmirlər. Bir məsələni də xüsusilə qeyd etmək istərdim ki, ölkəsində müharibə şəraiti və siyasi çəkişmələrin olduğu ölkələr geri addım atırlar. Belə ki, dövlət büdcəsinin əsas hissəsini orduya xərcləyən ölkənin sanksiyalara tab gətirməsi şübhəlidir. İkinci bir məsələ odur ki, gəlirlərinin əsas hissəsi ixracat hesabına formalaşan, xüsusilə də, ABŞ-da böyük layihələr icra edən, eyni zamanda enerji sektorunda Rusiya ilə sıx əməkdaşlıq edən ölkənin seçimi alternativ ölkə vasitəsilə əməkdaşlıqdır.
Çini xüsusilə analiz etsək, iqtisadi cəhətdən supergüc ölkələrdən biri hesab olunur. ABŞ ilə illərdir davam edən siyasi gərginlik mövcuddur. Tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına zərbə vura bilməyib, əksinə, ticari tərəfdaşların sayı artıb, yeni məhsullar istehsal olunub və yekunda sənayesi daha da inkişaf edərək ölkə iqtisadiyyatını gücləndirib.
ABŞ-ın üçüncü ölkələrə yönəlməsi və onların Rusiya ilə əməkdaşlıqda geri addım atmasını istəməsi sadəcə inkişaf etməkdə olan, ölkəsinin iqtisadiyyatı idxaldan asılı olan ölkələrə təsir göstərə bilər".
Cavanşir Abbaslı
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ